Elektron ədəbiyyat və sənət portalı

Artur Şopenhauerdən gənc yazarlara 9 məsləhət

Bölmə: Azad ərazi 18.02.2022

“Aydın yol” məşhur alman filosofu Artur Şopenhauerin gənc yazarlara məsləhətlərini təqdim edir.

  

  1. Heç vaxt pula görə yazmayın. Əslində, iki cür yazıçı var: sırf ideya əsasında yazanlar və sadəcə yazmaq üçün yazanlar. Birincilərin həqiqətən də oxucularla bölüşmək istədikləri düşüncələri var, ikincilər isə pula ehtiyacları olduğundan yazırlar. Əsl yazıçı olmaq istəyirsinizsə, ilk əvvəl yazacağınız əsər barədə geniş və ətraflı araşdırma aparın, pul qazanmaq xətrinə səhifələri boş söz yığını ilə doldurmayın.
  2. Yazdığınız mövzu barədə başqalarının da fikrinə qulaq asın, amma təsirə düşməyin. Çalışın qələmə alacağınız özünəməxsus olsun, kimisə təkrarlamasın.
  3. Hər bir yazıçının əsas xammalı şəxsi müşahidələri, hadisələr barədə fərdi qənaətləri olmalıdır. Yazı prosesi zamanı yalnız öz təcrübənizə güvənin.
  4. Köhnə kitablardan faydalanın, klassik əsərləri oxuyun. Yeni və çox reklam olunan kitablara aldanmayın.
  5. Kitab üçün ad məktub üzərində yazılmış ünvan kimidir. Əsərinizə ad düşünərkən diqqətli olun. Bir sözdən ibarət, yığcam, təsirli, eləcə də kitabın məzmununa uyğun adlara üstünlük vermək lazımdır. Sizə nə qədər cazibədar görünsə də, əsərlə səsləşməyən ad seçmək olmaz.
  6. Öz üslubunuzu yaradın. Başqasının üslubunu təkrarlamaq maskalanmaq kimidir: nə qədər cəzbedici olsa da, gec-tez saxtalığı üzə çıxacaq. Amma başqa yazıçıların üslub xətalarını araşdıra bilərsiniz. Bu sizə doğru yolu göstərəcək.
  7. Fikirlərinizi ən sadə dildə, hər kəsin anlaya biləcəyi şəkildə ifadə etməyə çalışın. Fərqli görünmək üçün özünüzdən uzaqlaşmayın.
  8. Yazıçı yersiz mübaliğədən qaçmalıdır. Az sözlə çox mətləb ifadə etmək çox sözlə az mətləb ifadə etməkdən daha yaxşıdır.
  9. Sadəlik mükəmməllikdir. Sünilikdən qaçın.