Elektron ədəbiyyat və sənət portalı

Ordubadi Mirzə Cəlili necə xatırlayırdı?

Bölmə: Azad ərazi 23.02.2022

 

Qan Turalı

 

Cəlil Məmmədquluzadənin tədqiqatçısı Qulam Məmmədli ömrünün son illərində (1991) verdiyi müsahibədə belə deyirdi: “Mirzə Cəlil və məsləkdaşlarının buraxdığı "Molla Nəsrəddin"in ən qəddar düşməni Məmməd Səid Ordubadi olub”.

 

Qulam Məmmədli  1913-cü ildə “Molla Nəsrəddin” jurnalında Ordubadi haqqında məqalə çap edildiyini xatırlatmışdı: “Və orada yazılırdı ki, Məmməd Səid Culfada çox qəribə dəstgah başlayıbdı. Elə bu səhifədə bir şəkil də verilmişdi: “Bir ...  əlində çaxır butulkası ilə vurur Ordubadinin başına və deyir: "Ax tı, Məmməd Səid, məni atdın, getdin başqasını tapdın?!".

 

Nöqtələr ya Qulam Məmmədlinin senzurasıdır, ya da müsahibəni götürən müxbirin...

 

İllər keçir, Azərbaycanda sovet hakimiyyəti qurulur və Məmməd Səid Ordubadinin yolu “Molla Nəsrəddin”ə düşür. Qulam Məmmədlinin 1991-ci ildə verdiyi digər müsahibədə oxuyuruq: “M.S.Ordubadini jurnalın üstündə hərbi komissar təyin etdilər”.

 

Azad ruhlu insan olan Mirzə Cəlil, əlbəttə ki, ədavətli senzoru qəbul edə bilməzdi və onun Ordubadiyə yazdığı məktub da bu baxımdan xarakterik idi. Hər şeydən qabaq isə faciəvi...

 

Mirzə Cəlilin  1925-ci ilin yanvarında Ordubadiyə yazdığı məktubdan oxuyuruq:  “Bundan sonra mənim imzam məcmuədə görünsə və mən şikayətçi olsam, gərək heç kəs məndən inciməyə...”

 

Bir sözlə, Ordubadi ilə Mirzə Cəlil arasında konfliktin mövcudluğu həm Qulam Məmmədlinin açıqlamalarından, həm də tarixi sənədlərdən məlum olur. Ancaq əlbəttə ki, qarşılıqlı münasibətlərin aşkarlanması, mövzu ilə bağlı yeni sənədlərin ortaya çıxması son dərəcə mühüm əhəmiyyət daşıyır. Bu məsələni ədəbiyyat tarixçilərimizin öhdəsinə buraxıb Məmməd Səidin 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap edilən “Böyük ədiblə görüşlərim” məqaləsinə nəzər salaq. Həmidə xanım Məmmədquluzadənin xatirələri ilə yanaşı çap edilən məqalədə Məmməd Səid Mirzə Cəlili xatırlayaraq jurnal haqqında yazır: “Hətta xalq düşmənləri onun məcmuəsini əlindən alıb öz əlaltılarına tapşırdıqları zamanda belə o öz etidalını (soyuqqanlılığını–Q.T.) pozmadı və “Bəlkə də belə məsləhətdir, nə olar ki, qoy bir az da onlar çıxarsınlar, mən də yorulmuşam” dedi. Nəticə çıxarmağı oxucuların öhdəsinə buraxaq.

 

Məqalənin girişində Naxçıvanda iki Mirzə Cəlilin olduğundan bəhs edilir: “75 illiyini qeyd etdiyimiz Mirzə Cəlil Məmmədquluzadə,  ikincisi isə onun yaxın dostu, müəllim Mirzə Cəlil idi ki, o, Naxçıvan arasında Şürbi Mirzə Cəlil adı ilə məşhurdur”. Halbuki Mirzə Cəlil o dövrdə daha çox “Molla Nəsrəddin” kimi tanınırdı və onu adi bir müəllimlə müqayisə etmək qəribə görünür.

 

Onların tanışlığı Mirzə Cəlilin Nehrəm kəndində müəllim işlədiyi zaman baş verir. Bura Hacı Qənbərdən “Məsnəvi” (Mövlana Cəlaləddin Ruminin məşhur əsəri) dinləmək üçün gələn Ordubadi məclisə Mirzə Cəlillə birgə gedir. Davamında oxuyuruq: “Başı olduqca yekə idi, yaşı 60-dan artıq olmazdı. Mirzə Cəlil mənim ona diqqət verdiyimi hiss edincə qulağıma pıçıldadı: “Onun başına yaxşı bax, üçillik dana başına oxşayır”. Bu sözlərin satirik nəsr ustasının dilindən çıxdığını və hətta çıxıbsa belə, məqalə müəllifinin bunu 54 il yadında saxlamağını izah etmək heç də asan deyil.

 

Tiflisdə baş tutan növbəti görüşün bir epizodunu şərhsiz təqdim edək: “Biz Mirzə Cəlil ilə nahar zamanı görüşdük. O bizi yeməyə dəvət edəndə gülümsədi, mən də güldüm, çünki süfrədə qoz, üzüm və pendirdən başqa heç nə yox idi”. Mirzənin heç də kasıb olmadığını vurğulamağa xüsusi ehtiyac görmürəm. O, nəşriyyat sahibi idi, jurnal buraxırdı, hər halda, süfrəni dolduracaq qədər pulu vardı. Hətta kasıb olsa belə, bunu yazmağın məramı nədir?! 

 

İlk görüşün Cəlil Məmmədquluzadənin Nehrəmdə müəllim işlədiyi 1892–1897, Tiflisdəki görüşün isə 1906-cı ildə baş verdiyini qeyd edərək Qulam Məmmədlinin haqqında bəhs etdiyi yazının 1913-cü ildə dərc olunduğunu bir daha vurğulayaq...

 

Ordubadinin məqaləsi “Böyük ədiblə görüşlərim” adlansa da, məqalədə Mirzə Cəlilin ədəbi fəaliyyəti haqqında nəinki bir söz, heç bir vergül də yoxdur.