“Aydın yol” XX əsr Yaponiya ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, Nobel mükafatı laureatı Yasunari Kavabatanın hekayəsini təqdim edir.
ŞÜŞƏ
On beş yaşlı Yoko evə qayıdanda rəngi-ruhu ağarmışdı.
– Başım ağrıyır. Dəhşətli bir şey görmüşəm.
Zavodda sake şüşəsi düzəldən oğlan birdən qan hayxırmağa başlamış və huşunu itirib yıxılmışdı. Yanıqları çox idi. Və Yoko bütün baş verənləri öz gözləri ilə görmüşdü.
Yokonun adaxlısı da şüşə zavodu haqqında eşitmişdi. Orada iş çox ağır idi. İlboyu pəncərələr açıq olurdu, yoldan ötənlər dayanıb içəri boylanırdı. Yoldan o yanda – üzərində yağ ləkələri olan üfunətli çayın sidiyəbənzər suyu göllənmişdi.
Gün işığı düşməyən ən qorxulu sexdə işçilər uzun çubuqlara keçirilmiş odlu şarları yelləyirdilər. Onların maykaları da, sifətləri də tərdən və çirkdən parıldayırdı. Çubuqların uclarındakı odlu şarlar yellənə-yellənə uzanıb şüşəyə dönürdülər. Onları suya salırdılar, sonra çıxarırdılar, daha sonra xırçıltı ilə qoparırdılar. Oğlanların belləri şeytanın beli kimi əyilmişdi. Onlar maşa ilə şarları götürüb sonuncu sobaya tərəf qaçırdılar... Təcrübəsiz adamın on dəqiqə sonra bu uçuşan odlu şarlardan və şüşə xırçıltısından başı gicəllənirdi, gözləri qaralırdı.
Yoko pəncərədən içəri baxan vaxt şüşə daşıyan yeniyetmə birdən möhkəm öskürdü, qan hayxırdı, ovucları ilə ağzını tutdu və döşəməyə yıxıldı. Bu vaxt odlu şar onun çiyninə düşdü. Oğlan qan içində olan ağzını açıb bağırdı. Yerindən sıçrayıb qalxmaq istəsə də, yenə səndələyib yıxıldı.
– Ayağının altına bax, ay axmaq!
Üstünə su tökdülər. Və o, huşunu itirdi.
***
Yokonun adaxlısı dedi:
– O oğlanın müalicə üçün çətin ki pulu ola. Amma mən mütləq ona baş çəkməliyəm.
– Zavodda yazıq adam az deyil. Amma əgər istəyirsənsə – get baş çək.
– Çox sağ ol, mən bunu çox istəyirəm.
***
İyirmi gün sonra oğlan təşəkkür etmək üçün Yokonun yanına gəldi. Çünki Yoko ona baş çəkmiş və pul vermişdi. O, xidmətçiyə “xanımı” görmək istədiyini dedi. Yoko onunla görüşməyə çıxdı. Oğlan ayağının birini götürüb o birini qoyurdu. Yokonu görən kimi divara qısıldı və başını aşağı saldı.
– Hə, necəsiz? Artıq sağalmısınızmı?
– Necə-necə?
Mehribanlıqla ona ünvanlanan sual oğlanın solğun sifətində heyrət ifadəsi doğurdu. Yoko bunu görəndə özünü ağlamaqdan güclə saxladı.
– Soruşuram ki, yanıq yarası artıq sağalıbmı?
– Hm, hə, – oğlan mızıldanıb tez-tələsik düymələrini açmağa başladı.
– Yox, yox, mən sadəcə soruşdum...
Yoko qaçıb evə girdi. Adaxlısı ona bir ovuc xırda pul uzatdı.
– Apar ver ona.
– İstəmirəm, daha onunla danışmaq istəmirəm! Qoy xidmətçi aparsın.
***
Bu hadisənin üstündən on il keçmişdi.
Yokonun əri ədəbiyyat jurnalında “Şüşə” hekayəsini oxuyurdu. Əhvalat onların şəhərlərində baş vermişdi. Yağ ləkələri olan göllənmiş su. Cəhənnəmdəki odlu şarlar. Qan hayxırma. Yanıq. Şəfqətli xanım.
– Yoko, bir bura bax!
– Nə olub?
– Yadındadı, on beş yaşın olanda fabrikdə huşunu itirən bir oğlan uşağı görmüşdün? Hələ ona pul da vermişdin.
– Hə, yadımdadı.
– Bax o, yazıçı olub və sənin haqqında yazıb.
– Doğrudan? Ver baxım.
Yoko jurnalı ərinin əlindən aldı. Əri altdan-altdan ona göz qoyurdu və Yoko hər səhifəni vərəqlədikcə ona bu xəbəri verməyinə peşman olurdu.
Müəllif yazırdı ki, bədbəxt hadisədən sonra oğlan güldan hazırlanan emalatxanada işləməyə başlayıb. Çox gözəl rəssamlıq bacarığı üzə çıxdığına görə artıq öz xəstə canına isti sexdə əziyyət verməyib. Sonra isə özünün ən gözəl güldanını həmin xanıma göndərib. Ardınca təxminən belə yazılmışdı: “Son bir ildə mən çox güldan hazırlamışam. Hamısı da onun üçün. Məni öz sinfi mənsubiyyətimi duymağa nə məcbur etdi? Ağır əmək? Bu burjuy qıza qarşı olan sevgi? Yaxşı olardı ki, elə o vaxtı qan qusub öləydim. Qəddar düşmənin şəfqəti! Necə bir alçalma! Qədim zamanlarda düşmən bir samurayın qəsrini alandan sonra onun qızına rəhm etmişdi. Amma bunun əvəzində qız gözləri qarşısında onun atasını öldürən adamın kənizi olmuşdu. Birinci mərhəmət – bu qız mənim həyatımı xilas etdi. İkinci mərhəmət – mənə başqa iş tapmaq imkanı verdi. Amma axı indi mən hansı zümrə üçün bu güldanları hazırlayıram? Mən öz düşmənimin nökəri oldum. Bilirəm, nəyə görə onun mənə yazığı gəldi. Bilirəm, nəyə görə o məni əfv etdi. Mən artıq şair ola bilmərəm, o vaxt mənə hakim kəsilən hisslərdən yaxa qurtarmağım mümkün deyil. Bəlkə də mən onun evini yandırmaq istərdim. Amma bu vaxt onun otağındakı ecazkar güldanın çox qorxunc bir səslə necə çatladığını eşidirəm... Bu gözəl güldanın necə yandığını görürəm... Və mən belə çıxır ki, sinfi mübarizənin ön cəbhəsində dayansam da, sadəcə şüşə parçasından, şüşə şardan başqa bir şey deyiləm... Mənim yoldaşlarım arasında bu şüşə yükünü çiyinlərində daşımayan heç olmasa bir nəfər varmı? Qoy düşmən şüşəni qırsın! Əgər mən onun qırıqları altında qalıb öləcəyəmsə, qoy ölüm. Yox, əgər ölməsəm, əgər ağır yükü çiyinlərimdən atdığımı hiss etsəm – bax onda rəqs etməyə başlayacağam və yenidən döyüşə atılacağam!”
Yoko jurnalı kənara qoydu. Onun laqeyd görkəmi vardı.
– Görəsən, o güldan haradadır?”
Əri hələ indiyə qədər heç vaxt arvadını belə sakit görməmişdi.
– O vaxt necə də sadəlövh olmuşam!
– Elədir. Amma bir şeyi qəti bilməlisən ki, əgər digər zümrə ilə mübarizə aparırsansa və ya onun tərəfini tutub öz zümrənlə vuruşursansa, şəxsiyyət kimi artıq sənin sonun çatıb!
Qəribə hisslər idi. Hekayədəki qız elə gözəl, elə təravətli idi ki... Əri heç vaxt arvadının bu cür olduğunu düşünməmişdi.
Görəsən, donqar, rəngi-ruhu ağarmış o bədheybət oğlanda bu nəhəng yazıçılıq qüdrəti haradan idi?
1925-ci il
Tərcümə edən: Rövşən Ramizoğlu