Elektron ədəbiyyat və sənət portalı

Məşhur roman haqqında maraqlı faktlar

Bölmə: Azad ərazi 02.03.2022

“Aydın yol” məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Con Steynbekin “Siçanlar və adamlar” romanı haqqında bəzi maraqlı faktları təqdim edir.

 

  • Əsərin müəllifi olan Con Steynbek yaratdığı Lenni və Corc obrazları ilə, demək olar ki, eyni həyatı yaşayıb. Yazıçı 1937-ci ildə “Nyu-York Tayms” jurnalında yazdığı məqalədə belə qeyd edirdi: “Uzun müddət mən də Corc və Lenni kimi səfil həyatı sürən avara olmuşam və romandakı hadisələrin cərəyan etdiyi şəhərdə yaşamışam”.
  • Lenni obrazı real həyatdan götürülüb. Steynbek adıçəkilən məqalədə Lenni obrazını yaradarkən bir fəhlə dostunun həyatına istinad etdiyini yazır: “Lenni real obrazdır. O, hal-hazırda Kaliforniyadakı ruhi xəstəxanadadır. Biz bir yerdə işləmişik. O hansısa bir qızı yox, ustanı öldürmüşdü”.
  • “Siçanlar və adamlar” pyes-roman janrında yazılmış ilk əsərdir. Dramaturgiya Steynbeki hər zaman cəlb edib. Bu əsər də özündə hər iki janrdan (nəsr və dramaturgiya) olan elementləri birləşdirir. Teatral yanaşma ilə baxsaq, əsər 3 pərdədən ibarətdir və buradakı dialoqlar daha çox pyesi xatırladır.
  • Roman nəşr edildikdən 8 ay sonra səhnələşdirilib və Steynbek növbəti il “Nyu-York Dram Tənqidçiləri Birliyi”nin baş mükafatını alıb.
  • Yazıçı kitabın adını məşhur şotland şairi Robert Börnsün 1785-ci ildə yazdığı “To a mouse, on turning her up in her nest with the plough” (“Bir siçanla yuvasında kotan vasitəsilə tanış olmağım haqqında”) şeirinə ismarıc kimi seçib.
  • 1926-cı ildə ABŞ-da yaradılan və hələ də fəaliyyətini davam etdirən “Ayın kitab klubu” (The Book of the Month Club) Amerikada poçt vasitəsilə sifariş və çatdırılma ilə məşğul olan ilk qurum idi.  Həmin klub “Siçanlar və adamlar”ı hələ çap olunmazdan qabaq ayın kitabı seçmişdi.
  • Amerika Ədəbiyyatı Öyrənmə və Öyrətmə Mərkəzi romanı ABŞ məktəblərində ən çox oxunan kitablardan biri elan etmişdi. Lakin kitab eyni zamanda qadağan olunan əsərlər siyahısında da yer alırdı.
  • Əsər yazıçının 1936–1938-ci illərdə həyat yoldaşı Kerol ilə birlikdə yaşadığı Monte Serenodakı evində qələmə alınıb.