Elektron ədəbiyyat və sənət portalı

Haruki Murakaminin hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 10.03.2022

“Aydın yol” məşhur yapon yazıçısı Haruki Murakaminin hekayəsini təqdim edir.

 

TAKSİDƏKİ QANİÇƏN

 

“Dərd gələndə batmanla gəlir” – belə bir atalar məsəli var. Bəs bütün işlərin tərs gətirirsə necə?

Bu artıq atalar məsəli deyil! Sevgilimlə görüşə bilmədim, düyməm qopdu, qatarda üzündən zəhləm gedən köhnə tanışımla rastlaşdım, dişim ağrımağa başladı, yağış yağdı, taksiyə oturdum – yolda maşın qəzası baş verdiyinə görə tıxaca düşdüm.

Əgər kimsə bu halımda mənə “dərd gəldi, qucağını aç” desəydi, onu eşşək kimi döyərdim.

Əminəm ki, belə bir vəziyyətdə siz də mənim kimi hərəkət edərdiniz.

Bir də ki bu işə bəraət qazandırmaq da mümkündür.

Buna görə də insanlarla ünsiyyət qurmaq mənim üçün həmişə çətin olur. Arabir ürəyimdən qapı ağzına salınan palaz olmaq keçir. Bütün ömrün boyu özün üçün arxası üstə uzanıb kef elə!..

Amma qapı ağzına salınan belə xoşbəxt palazların da problemləri az deyil. Eh, palazların dərdini çəkmək mənə qalmayıb ki!

Bir sözlə, mən taksiyə oturdum və taksi tıxaca düşdü. Payız yağışı maşının damını döyəcləyir, taksometrin hər çıqqıltısı odlu silahın lüləsindən qopan qırma kimi beynimin içinə dolurdu.

Hələ üstəlik, üç gün idi siqaret çəkməyi tərgitmişdim… Nə isə xoş bir şey haqda fikirləşmək istəyirdim, amma ağlıma heç nə gəlmirdi. Həmişə belə olur. Bekarçılıqdan sevgilimi yavaş-yavaş necə soyundurmağa başladığımı gözümün qabağına gətirdim. Deməli belə. Hər şeydən əvvəl eynəyini burnunun üstündən götürürəm, sonra saatını qolundan açıram, sonra ağır qolbağını çıxarıram, sonra…

– Bağışlayın, – sürücü qəfil dilləndi. (Elə təzə-təzə döşlüyün birinci düyməsinə çatmışdım.) – Siz vampirlərin varlığına inanırsız?

– Vampirlərin? – mən çaşqın baxışlarımı sürücünün güzgüdə əks olunan sifətinə zillədim. – Qan içənlərin?

– Bəli! Sizcə, onlar doğrudan da mövcuddur?

– Nədir onların adı… Qaniçən məxluqlar?.. Metaforik xortdanlar?.. Qan sovuran yarasalar?.. Qorxulu filmlərdəki vampirlər?.. Yoxsa siz həqiqi vampirləri nəzərdə tutursuz?

– Əlbəttə, həqiqi vampirləri deyirəm! – sürücü dilləndi və maşın yerindən tərpənib ən uzağı 50 santimetr irəlilədi.

– Yox, – cavab verdim. – Bilmirəm.

– Bilmirəm, bilirəm. Belə olmaz! İkisindən birini seçin: inanırsız, ya yox?

– İnanmıram.

– Yəni siz vampirlərin varlığına inanmırsız?

– Hə, inanmıram. – Cibimdən siqaret çıxarıb damağıma qoydum, amma yandırmadım.

– Bəs kabuslara necə, inanırsız?

– Məncə, kabuslar doğrudan da mövcuddur.

– “Məncə”ylə iş keçməz, lütfkarlıq göstərib cavab verin: “hə”, ya “yox”?

– Hə, – qəti cavab verməyə məcbur oldum, – inanıram.

– Deməli, siz kabusların varlığına inanırsız?

– Hə.

– Amma vampirlərin varlığına inanmırsız?

– İnanmıram.

– Sizcə, vampir kabusdan nəylə fərqlənir?

– Kabus deyilən şey elə bil ki cismani varlığın əks üzüdür… – ağzıma gələni qırıldatdım. – Belə məsələlərdən mənim siz deyən bir qədər başım çıxmır!.. 

– Hm-m-m.

– Amma vampir – canlı varlığın məğzindəki bütün dəyərlərin dəyişməsi deməkdir.

– Belə çıxır ki, siz canlı varlığın məğzində nəyinsə dəyişilə biləcəyi ehtimalını qəbul edirsiz, amma vampirlərin varlığını yox?

– Mən bir dəfə dediyimdən bir daha dönmürəm.

– Siz lap əməlli-başlı alimsiniz ki!

– Düz yeddi il institutda oxumuşam, – deyib gülümsündüm.

Sürücü ucu-bucağı görünməyən maşın karvanına baxa-baxa nazik siqaret çıxarıb yandırdı. Mentol ətri yavaş-yavaş maşının salonunu bürüdü.

–  Əgər siz vampirlə rastlaşsaydınız, neyləyərdiniz?

– Yəqin ki, başıma güllə çaxardım.

– Elə belə də edərdiniz?

– Nədir ki, olmaz bəyəm?

– Əlbəttə olmaz! İnanc böyük şeydir. Dərd arzularsan – dərd gələr. Dərdə göz yumarsan – əriyib yox olar. Lap Donovanın köhnə mahnılarından birində deyildiyi kimi.

– Nə demək istədiyinizi indi anladım.

– Lap yaxşı.

Dərindən nəfəs alıb ağzımdakı siqareti dodaqlarımın arasında sıxdım.

– Bəs siz necə? Vampirlərin varlığına inanırsız?

– İnanıram.

– Niyə?

– Necə yəni “niyə”? İnanıram, vəssalam.

– Onların varlığını necə sübut edərsiz?

– Məgər inamla sübut arasında nəsə ortaq bir şey var?

– Məncə, var.

Söhbəti burada yarımçıq qoyub sevgilimin döşlüyündəki düymələrə qayıtmaq qərarına gəldim. Biri, ikisi, üçü…

– … İstəsəm, sübut da edə bilərəm! – sürücü dilləndi.

– Doğrudan?

– Əlbəttə!

– Nəylə sübut edərsiz?

– Necə yəni nəylə? Mən özüm vampirəm!

Bir müddət cınqırımı da çıxarmadım. Maşın yerindən tərpənib azı beş metr də irəlilədi. Yağış dayanmadan avtomobilin damını döyəcləyirdi. Sayğac min beş yüzü ötüb-keçmişdi.

– Bağışlayın, bəlkə, siqaret yandırmağa bir şeyiniz olar?

– Buyurun!

Sürücünün mənə uzatdığı “BiC” alışqanıyla siqareti alışdırıb axırıncı üç gündə ilk dəfə siqaret tüstüsünü ciyərlərimə çəkdim.

– Lap zəhlətökən tıxacdı, – sürücü gileyləndi.

– Elədir! – sürücüylə həmrəy olduğumu bildirdim. – O dediyiniz… vampir məsələsi…

– Eşidirəm sizi.

– Siz doğrudan da vampirsiz?

– Bəli. Məgər sizinlə zarafatım var?

– Bəs… siz… nə vaxtdan vampirsiz?

– Doqquz ildir… Həmin il Münhendə Olimpiya oyunları keçirilirdi.

– Zaman, dur, dayan! Sən necə də gözəlsən!

– Hə, hə, elədir ki var!

– Olar bir şey də soruşum?

– Buyurun, buyurun.

– Niyə taksi sürücüsü işləyirsiz?

– O biri vampirlərə oxşamamaq üçün! Qara plaşa bürünmək, karetdə gəzmək, qəsrdə yaşamaq elə bilirsiz yaxşı şeydi? Mən qanunla meriyada qeydiyyatdan keçmişəm, vergiləri vaxtlı-vaxtında ödəyirəm, istəyəndə diskotekaya da gedirəm. Nədir? Təəccüblüdür?

– Yox, təəccüblü heç nə yoxdur. Sadəcə, bir az inandırıcı görünmür.

– İnanmırsız?

– Hm.

– Belə çıxır ki, siz mənim vampir olduğuma inanmırsız?

– Əlbəttə inanıram, – tez-tələsik cavab verdim. – Dərd arzularsan, dərd səni gəlib tapar…

– Özünüz bilərsiz…

– Siz arabir qan da içirsiz?

– Bəs necə!

– Yəqin, qanın da cürbəcürü olur: dadlısı, dadsızı?

– Elədi. Bax, məsələn, mən sizin qanınıza heç vaxt tamah salmaram – çox siqaret çəkirsiz.

– Tərgitmək istəyirəm, amma bacarmıram.

– Qan içənsənsə, cavan qızların qanını iç. Ən ləzzətli qan onlarınkıdır!

– Deyəsən, mən sizi başa düşürəm. Yeri gəlmişkən, aktrisalardan… ən dadlı hansının qanı olar?

– Kisimoto Kayokonun. Ləzzəəət!! Sinqyodze Kimiyenin də qanı pis olmaz! Amma Momoi Kaorinin qanına heç it də tamah salmaz. Bax belə!

– Gərək ağzının dadını biləsən.

– Düzdü!

On beş dəqiqədən sonra ayrıldıq. Mən mənzilimin qapısını açıb içəri keçdim, işığı yandırdım, soyuducudan pivə götürüb boğazımı yaşladım. Sonra sevgilimə zəng elədim. Ona qulaq asa-asa anladım ki, görüşə bilməməyimizin doğrudan da ciddi səbəbi varmış.

– Hə, yadımdaykən sənə deyim: heç vaxt Nerima nömrəli qara taksilərə oturma.

– Niyə? – o soruşdu.

– Onlardan birinin sürücüsü vampirdir.

– Nə danışırsan?!

– Zarafatsız.

 – Nədir, qayğıma qalırsan?

– Bəs necə!

– Nerima nömrəli qara taksi?

– Hə.

– Qayğıya görə çox sağ ol.

– Dəyməz.

– Gecən xeyrə qalsın!

– Xeyrə qarşı!

 

Tərcümə edən: Rövşən Ramizoğlu