Qan Turalı
Üzeyir bəy, Mirzə Fətəli kimi görkəmli şəxslərin soyadları ilə bağlı fərqli variantların mövcudluğu, müzakirələrin uzanması heyrət qarışıq təəccüb doğurur. Halbuki bu məsələlər lap çoxdan birdəfəlik həll edilməli idi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə ilə bağlı dolaşıqlıq isə onun soyadı yox, adı ilə bağlıdır. Hazırda üç ad təqdim olunur: Məhəmməd Əmin, Məmməd Əmin, Məhəmmədəmin.
Üçüncü adı hörmətli tarixçi-alim Ədalət Tahirzadə müdafiə edir və fikrini belə əsaslandırır ki, mürəkkəb adlar bitişik yazılır. Bəli, mürəkkəb adlar misal üçün Məmmədqulu, Məmmədbağır bitişik yazılır, ancaq Məhəmmədəmin adı yoxdur axı.
Rəsulzadənin atası ruhani idi. O oğlunu heç şübhəsiz islam peyğəmbərinin şərəfinə Məhəmməd adlandırmışdı. Peyğəmbər isə hələ gənc yaşlarından etibarlı, dürüst bir insan kimi tanındığı üçün onu Məhəmmədül-Emin adlandırırdılar. İslam ensiklopediyasında da Əminin ad yox, təxəllüs olduğu vurğulanır. Bu konteksdə Rəsulzadənin “Məhəmmədəmin” olmadığı aydınlaşır. Yazımızın ərəbcə və farsca kamil savadı olan qəhrəmanı özü də hər zaman bu iki adı bitişik yox, ayrılıqda yazırdı.
İndi isə daha çox mübahisə doğuran adlara diqqət edək: Məhəmməd Əmin, yoxsa Məmməd Əmin?
Əvvəlcə, qeyd edək ki, oxşar polemika Fatih Sultan Mehmetlə bağlı Türkiyədə də mövcuddur. Türk tarixçiliyinin atası sayılan Halil İnalcık böyük sərkərdə ilə bağlı kitabını “Fatih Sultan Mehemmed Han” adlandırır və maraqlıdır ki, mətndə Mehmet variantından istifadə edir. Halil İnalcıkın ən istedadlı tələbəsi, tanınmış tarixçi İlber Ortaylı isə “Fatih Sultan Mehmet” deyir. Fərqli yanaşmalar hər iki sözün ərəb dilində oxşar yazılışından irəli gəlir.
Ancaq Rəsulzadə ilə bağlı vəziyyət fərqlidir. O, aşkar şəkildə özünü Məmməd Əmin adlandırır. Misal üçün, 1922-ci ildə Rəsulzadənin Topçubaşova yazdığı aşağıdakı şəkildə verdiyimiz məktuba baxaq. İmza belədir: Məmməd Əmin Rəsulzadə. Ceyhun bəy Hacıbəyliyə yazdığı məktubda da imza eynidir. Ərəb əlifbasında amma Azərbaycan dilində yazılan bu məktublar Aydın Balayevin tərtib etdiyi “Məktublar. Şəfibəyçilik” kitabından götürülüb. Yaxşı tutaq ki, burda da ərəb əlifbası düzgün oxunmadı, bəs türk dilində latın qrafikası ilə yazılanlara nə deyək?
Məmməd Əmin Türkiyədə məqalə və kitablarını “Mehmet Emin Resulzade” imzası ilə çap etdirib. Bəziləri isə deyir ki, türklər Muhammədə Mehmet dedikləri üçün Məmməd Əmin də belə edib. Türkiyədə məgər Muhamməd adı yoxdurmu? Hazırda 100 mindən çox adam bu adı daşıyır.
Və ortaya belə bir arqument atılır ki, guya Məmməd (Mamed) adının belə tələffüz olunması ruslardan gəlib. Yalnış yanaşmadır, Məmməd adı bizdə həmişə olub. Məlikməmməd nağılını da ruslar yazıb? 1813-cü il siyahıyaalmasında da xeyli Məmməd adı var. Məmməd Əminin oğlu Azərə 1940-cı ildə SSRİ-də verilən pasportda da ata adı qrafasına Məmməd yazılıb.
Və son arqument. Məmməd Əmin “Amerikanın səsi” radiosu vasitəsi ilə üç dəfə Azərbaycan xalqına müraciət edib. 1951-ci ilin avqust ayında olan ilk müraciəti belə başlayır: “Mən Məmməd Əmin Rəsulzadə Amerikanın səsi radiosundan danışıram”.
Məncə, illərlə davam edən mübahisə bu müraciətlə bitməli idi və bitməlidir.