“Aydın yol”psixoanalizin banisi Ziqmund Freyd haqqında maraqlı faktları təqdim edir.
- Qurbağaların beyinləri üzərində müşahidələr aparıb
Təhsil aldığı ilk illərdə Freydin nevrologiya elminə həddindən artıq marağı var idi. O hətta onurğalı və onurğasız heyvanların, xüsusilə qurbağaların beyinləri üzərində müşahidələr aparırdı.
- Kokaindən 12 il istifadə edib
Sağlamlığa təhlükəli olduğu aşkar edilməzdən əvvəl kokain enerji verən və yorğunluğu aradan qaldıran maddə kimi qəbul olunurdu. Freyd də stressdən xilas olmaq üçün 12 ildən artıq bir müddətdə kokaindən istifadə edərək bu bihuşedici maddənin faydaları barədə 4 məqalə yazmış, onu müalicə kimi pasientlərinə də məsləhət görmüşdü.
- Xəstələrini hipnozla müalicə edib
Vyana Universitetini bitirib Dövlət Xəstəxanasında işləməyə başlayanda həkim Jozej Breyer ilə birlikdə xəstələrin hipnoz vasitəsilə müalicəsi üçün eksperimentlər aparıb. Lakin bu sahədə biliklərini təkmilləşdirmək məqsədilə Parisə yollanan Freyd geri qayıtdıqdan sonra müalicə prosesində sırf öz metodlarından istifadə edərək hipnozun tətbiqindən tamamilə uzaqlaşıb.
- Yeni divan növünün yaranmasına rəvac verib
Məlum olduğu kimi psixatrik terapiyada pasientlə söhbət müalicənin əsas üsullarındandır. Freyd xəstələrinə divana uzanıb tavana baxmalarını məsləhət görərək onlarla bu vəziyyətdə söhbət edirmiş. Bu metod yayılandan sonra mebel fabrikləri məxsusi bu müalicə üsulu üçün xəstələri narahat etməyən düyməsiz, rahat divanlar istehsal etməyə başlayıb.
- Hollivudun 100 min dollarlıq ssenari təklifini rədd edib
Freydi “dünyanın ən böyük məhəbbət mütəxəssisi” adlandıran məşhur Hollivud filmlərinin prodüseri Samuel Qoldvin ondan “bütün zamanların ən böyük sevgi hekayətləri” mövzusunda ssenari yazmasını istəyib. Lakin Freyd o dövr üçün çox böyük məbləğ olan 100 min dollarlıq sifarişdən imtina edib. Çünki bir müddət öncə Çikaqonun “Tribuna” qəzeti ilə 25 min dollarlıq müqavilə imzalamışdı. Freyd həmin qəzet üçün amansızlıqları ilə dünyaya səs salmış qatillər Leopold və Loeb haqqında analitik yazılar yazıb.
- Nobel mükafatına 13 dəfə namizəd göstərilib
1915-1938-ci illər arasında tibb sahəsi üzrə 12, ədəbiyyat sahəsi üzrə 1 dəfə Nobelə namizəd göstərilsə də bu mükafatı ala bilməyib.
- Amerika Birləşmiş Ştatlarına nifrət edib
ABŞ-a cəmi bir dəfə – 1909-cu ildə məşhur psixoloq Karl Yunqla birlikdə səfər edib. Amerikalıların pula hərisliyi onda bu ölkəyə qarşı ikrah hissi oyadıb. 1938-ci ildə alman nasistləri Vyananı işğal etdikləri zaman Manhettendə yaşayan bir qohumu onu Amerikaya dəvət etsə də Freyd imtina edib. Sonradan Napaleonun nəticəsi Meri Bonapartın köməkliyi ilə İngiltərəyə mühacirət edib.
- Külü 2300 illik antik yunan vazasında saxlanılır
Uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan Freyd 1939-cu ildə vəfat edib. Nəşinin yandırılmasını vəsiyyət edən Freydin külü Londonda Meri Bonapartın ona hədiyyə etdiyi 2300 illik antik vazada saxlanılır.
- Məktubları ABŞ Konqresinin Kitabxanasında saxlanılır
Müxtəlif illərdə ailə üzvləri, dostları və digər insanlara yazdığı məktubları hal-hazırda ABŞ Konqresinin Kitabxanasında 153 ədəd qutunun içində mühafizə olunur. Ehtimallara görə bu qutularda 75 minə yaxın məktub var. Həmin məktubların bəziləri Freydin vəsiyyətinə görə 2050 və 2057-ci illərə qədər qapalı qalmalıdır, bəziləri isə ümumiyyətlə açıla bilməz.