Elektron ədəbiyyat və sənət portalı

Qədim Şumerlər – tarixin məlum və naməlum səhifəsi

Bölmə: Art 23.03.2022

“Aydın yol” qədim şumerlər haqqında maraqlı faktları təqdim edir.

 

  • Ən böyük Şumer şəhərində əhalinin sayı təxminən 80 min idi

Qədim şumerlər Mesopotamiya ərazisində məskunlaşmışdılar. “İki çayın arası” adlanan bu ərazidə e.ə. III minilliyin əvvəllərindən başlayaraq Ur, Uruk, Kiş, Eredu, Laqaş, Umma, Nippur və digər Şumer şəhər-dövlətləri meydana gəlmişdi. İnsanların ən sıx məskunlaşdığı və Mesopotamiyanın ən böyük ticarət mərkəzlərindən olan Urukda əhalinin sayı təxminən 80 min idi. E.ə III minillikdə Uruk dünyanın ən böyük şəhəri hesab olunurdu.

  •  Şumer hökmdarlarından biri qadın idi

Antik Mesopotamiya ilə bağlı ən qədim qaynaqlardan biri “Krallar siyahısı” adlanan gil lövhələrdir. Burada Şumer şəhər-dövlətlərinə başçılıq etmiş hökmdarların adı və onlar haqqında məlumat var.  Bu məlumatların çoxu gerçək tarixi faktlar olsa da, aralarında bəzi miflərə də rast gəlmək olar. Məsələn, bir kralın 43200 il yaşaması əlbəttə ki, həqiqətə uyğun deyil. Həmin gil lövhələrdə Kiş şəhər-dövlətinə başçılıq etmiş şumerlərin yeganə qadın hökmdarı Kubabanın da adı çəkilir.

  •  Şumerlər pivəni çox sevirdilər

Şumerlər çox yaxşı pivə bişirə bilirdilər. Bunu arxeoloqların Mesopotamiya ərazisində e.ə. IV minilliyə aid pivə istehsalı ilə bağlı aşkarladıqları qalıqlar da sübut edir. Ticarət işləri ilə bağlı tez-tez səhayətə çıxan şumerlər özləri ilə mütləq pivə də götürürdülər.

  •  Mixi yazılardan 3 min ildən çox istifadə olunub

Şumerlər mixi yazıdan e.ə. IV minillikdən etibarən hesablama, ticarət işlərinin qeydiyyatı və.s üçün istifadə edib. Lakin sonradan bu yazı hüquq, ədəbiyyat kimi müxtəlif sahələrdə də işlədilməyə başladı və 3 min ildən çox müddətdə öz işləkliyini qoruyub saxladı.

  •  Şumerlərin məşhur “Gilqamış dastanı”ndakı qəhrəman real tarixi şəxsiyyət olub

On iki gil lövhə üzərində yazılmış, üç min şeirdən ibarət bəşəriyyətin ən qədim yazılı dastanı olan “Gilqamış” Mesopotamiya ədəbiyyatının ən nadir və qiymətli nümunəsidir. Dastanda əbədi həyatın sirrini axtaran qəhrəmanın başına gələn hadisələrdən bəhs olunur. Qəhrəman yarıinsan, yarıtanrı kimi təqdim olunsa da, tarixçilər onun Uruk şəhər-dövlətinin V hökmdarı olduğunu iddia edirlər. Belə ki, “Krallar siyahısı” adlanan gil lövhələrdə Gilqamışın da adı var və onun e.ə. 2700-cü ildə yaşadığı ehtimal olunur.

  •  Şumer mədəniyyətinin izləri yalnız XIX əsrdə aşkarlanıb

E.ə. II minillikdə Mesopotamiya Babillər və Amorlar tərəfindən işğal olunduqdan sonra Şumer dövləti zəifləməyə başladı. Sonralar onların tarix, dil və mədəniyyətlərinə dair hər şey unuduldu və XIX əsrə qədər İraq çöllərində torpağın altında yatdı. XIX əsrdə fransız və ingilis arxeoloqları qədim assurlar haqqında təhqiqat apararkən Şumer mədəniyyətini də kəşf etdilər. Daha sonra mixi yazını oxumağa başlayan alimlər şumerlərə aid olduğu təsdiqlənən 500 mindən çox gil lövhəni aşkar etdilər. Lakin bəşəriyyət həmin yazıların bir çoxunu hələ də oxumaq iqtidarında deyil.