“Aydın yol” tanınmış şair–bəstəkar Xanım İsmayılqızının yeni qələmə aldığı “Şuşa təsnifi” adlı silsilə şeirlərini təqdim edir.
Şuşa təsnifi
Tarixin yaddaşlara hopub.
Gözəlliyin eşqə köklənib.
Sədaqətin dillər əzbəri.
Sənə olan sevgi – mübtəla yeri.
Səsləri cilalayan zərgər.
Ruhları yaşadan müqəddəs.
Sənətə beşik olan qucaq.
Əsgərə meydan verən Sərkərdə.
Özünə, üzünə, düzünə hakim
Şuşa.
Dağlarının ucalığı, qocalığı, dumanı,
qürurun məhvəridir göylərin gözlərində.
Səndən qələbə doğulur.
Qucağın işıq açarı, nur çırağı,
havan ana laylası, ata duası.
Torpağın həyata dərman, əbədi loğman.
Varlığın dünyada yaşam,
Yaşanan, yaşayan, yaşadan
Şuşa.
***
Sən muğamsan.
Bayatı-Şirazda havalanıb,
Segaha uçan.
Çahargahda zəfərlənib,
Rasta qucaqlanan, əzizlənən.
Şura köklənib,
zillənib, bəmlənib,
ürəklərin tellərinə ələnib,
nəfəslərdən nəfəslərə bələnib,
ucalansan.
Tarixdən tarixə köçən,
ömürlərdən keçən,
dünyaya möhürlənən
Şuşa təsnifisən,
Şuşa dəsgahısan.
***
Qarabağ atları çapır Cıdır düzündə.
Kişnərtilər qələbə marşı,
uğur təntənəsi,
zəfərin simfoniyasıdır.
Atların qopardığı toz-duman
havada yallı gedir,
qürur toxumu səpir hər baxışa,
fırçaya qonub, gözəlliyin şəklini çəkir
göz üstə.
***
Minarələr sanki qollarındır,
hər gün Allaha uzanıb
dua edir yaranışına,
şükür edir dayanışına.
Azan səsi ruhunun salamıdır əbədiyyətə.
Səndən ucalan, səndə qalan səs,
müqəddəs nəfəs.
***
Səni azadlığa çıxaranların,
düşmən pəncəsindən qoparanların,
adını ölümlə yaşadanların
heykəli ucalır çox ürəklərdə.
İgidlərin sənə qan verib gedib,
Şəhidlərin səndən an dərib gedib,
Qəhrəmanlar səndə can sərib gedib.
***
Şuşa qalasına
baxan gözlərin,
toxunan əllərin, sirli hisslərin,
ruhları oyadan
qədim izlərin səsini eşidirsənmi?
Duyursanmı illəri arxada qoyanın,
əsrlərə meydan oxuyanın,
düşmənə sinə gərənin,
haqq-ədalət hayqıranın,
qədimliyindən boy atanın,
qoşunlara qoşun,
ordulara ordu,
doğmaya doğma,
yağıya yağı olduğunu sübut edənin
cəngavər dayanışını,
məğrur baxışını?
O da eşitdi...
Bu da...
Hamı duydu...
Dünya gördü...
Sənsə yaşadın!
Şuşanın carçısı
Şuşa Qalası.
***
Dağların qoynunda zərif bir çiçək,
Nələri yaşadın, nələrdən keçdin.
Müqəddəs torpaqda dünyaya gəldin,
Gözəl Qarabağın suyunu içdin,
Xarıbülbül.
Sən əsir düşsən də düşmən əlinə,
Səni duymadılar, görmədilər də.
Nə oxşayan oldu, nə sığal çəkən,
Heç vaxt əzizləyib dərmədilər də,
Xarıbülbül.
Öldürə bilmədi qərib zamanlar,
Bütün sınaqlara dözüb qalmısan.
Sən belə bir gülsən – dağ vüqarlısan,
O yad nəfəsləri əzib qalmısan,
Xarıbülbül.
Qəhrəman Oğullar igidliyiylə
səni əsirlikdən azad etdilər.
Hər qarış torpağın uğrunda ölüb,
Bütün zəncirləri qırıb tökdülər,
Xarıbülbül.
Necə gözəlliklər səndə cəmlənib,
Yalnız bu torpaqda bitə bilmisən.
Bu ulu diyarın doğma çiçəyi,
Səni sevənlərə yetə bilmisən,
Xarıbülbül.
Al-əlvan rənglərin göz oxşasa da,
Sinən Günəş rəngli – sarı bülbülsən.
İlahinin bizə bəxş elədiyi,
Ülvi nişanəsən, Xarıbülbülsən,
Xarıbülbül.
Sən də qəhrəmansan, həm də cəsursan,
Sədaqətin bütün dillərdə gəzir.
Qüdrətli bir xalqın zəfər rəmzitək,
Nişana çevrilib kökslərdə gəzir,
Xarıbülbül.
***
Bayatı-Şirazda yuvalanıb,
Segaha yüksələn...
Çahargahda zəfərlənib,
Rasta qucaqlanan...
Şura köklənib,
havalanan...
Ruhlarda ucalan
“Şuşa təsnifi” – Sən!!!
Sən “Şuşa təsnifi”sən
Şuşam!!!