Elektron ədəbiyyat və sənət portalı

Kazuo İşiqurodan gənc yazarlara məsləhətlər

Bölmə: Azad ərazi 12.04.2022

“Aydın yol” məşhur yapon yazıçısı, Nobel mükafatı laureatı Kazuo İşiquronun gənc yazarlara məsləhətlərini təqdim edir.

 

 

  • Ağlınıza gələni yazmayın. “Ağlına nə gəldi, yaz” ifadəsi eşitdiyim ən yararsız məsləhətdir. Çünki bu, yazıçını sadəcə söz yığınından ibarət avtobioqrafiyasını yazmağa vadar edir.

 

  • Janr sərhədlərini aşın, özünüzü, sadəcə, bir janrda yazmağa məcbur etməyin. Qəliblərdən qaçın, yeniliklərə açıq olun.

 

  • Prinsiplərinizə yox, hisslərinizə etibar edin. Şəxsən mən yazı prosesi zamanı hansısa bir prinsipə əsaslanmıram. Yazarkən başlıca qayəm insanın və insanlığın müəyyən tərəflərini göstərməkdir. Buna görə də yalnız hisslərimi qələmə alıram.

 

  • Qarşılıqlı münasibətlərə, dialoqlara daha çox yer verin. Mən əvvəllər roman yazarkən, əsasən, obrazlara və onların xarakterinin açılmasına əhəmiyyət verirdim. Sonra anladım ki, obrazlara yox, əsərdəki xarakterlər arasındakı münasibətlərə fokuslanmaq daha yaxşıdır. Bu halda xarakterlər daha dolğun olur.

 

  • Qaralamaya ciddi əhəmiyyət verin. Kompüterə köçürdüyünüzdən əlavə cızma-qaralarınızdan, qeydlərinizdən ibarət bir qaralama dəftəriniz də olsun. Məsələn, mənim iki masam var: birində, sadəcə qələmlə yazdığım, qeydlər apardığım kağızlardır, digərində isə kompüterim. Mənim üçün qaralamalar daha önəmlidir, çünki onlar yazacağım romanın əsasını təşkil edir.

 

  • Yazmağa başlamazdan öncə yaxşı-yaxşı fikirləşin. Ailə həyatı qurmağa hazırlaşan gənc necə ətraflı düşünürsə, yeni romana başlayan yazar da hər şeyi ən xırda təfərrüatlarına qədər araşdırmalıdır. Hər şey başlanğıcdan asılıdır. Özünüzdən soruşun ki, bu janrda yaxşı nəsə yaza bilərəmmi? Əgər sualın cavabı müsbətdirsə, yazmağa başlayın!

 

  • Yazı prosesi zamanı özünüzü kənar təsirlərdən qoruyun. Təsirinə düşə biləcəyiniz hansısa bir filmə baxmaqdan və kitab oxumaqdan çəkinin. Məsələn, mən “Dəfn olunmuş div”i yazarkən “Taxt-tac oyunları” serialı çox məşhur idi və bütün dünyada izlənilirdi, lakin mən onun bir seriyasına belə baxmadım. Çünki hansısa səhnəni və ya detalı təsvir edərkən ondan təsirlənə bilərdim.