Elektron ədəbiyyat və sənət portalı

Bəşəriyyət ədəbiyyatla yüksələcək

Bölmə: Azad ərazi 21.04.2022

Qan Turalı

 

 

Füzuli demişdi, bir dövrdəyəm ki, nəzm olub xar.

Ancaq indiki "xarlıq" bir az başqadır.

 

***

 

O zamanlar media yox idi.

Təbəələr padşaha müqəddəs varlıq kimi baxırdı.

Hakimiyyətin ilahi bir mənşəyi olduğu vurğulanırdı.

Feodal cəmiyyətlərində müqəddəs olan başqa siniflər də vardı: ruhanilər və şairlər.

(Hərçənd bəzi hallarda ruhani şair, şair də ruhani olur, padşahlar da şeir yazırdı)

Şair padşahın əbədiliyini təmin edən əsərlər yazır, onun  adını tarixdə yaşadırdı.

Şairlərin əlindəki bu böyük güc əksinə də işləyə bilərdi.

Nəsimini və şair (və şeyx) olub taxta çıxan Xətaini xatırlayaq.

Nəsimi taxtı titrədir, Xətai taxta çıxırdı.

Şeir həm də media idi...

Bu səbəbdən şahlar şairləri öz səxavət dairəsindən uzaqlaşdırmırdılar.

Səlcuqilər sarayında şairlərə verilən ənamların siyahısı günümüzə qədər gəlib-çatıb.

Füzuli özü də ənamlar alırdı, yəni əşar o qədər də xar deyildi...

Füzuli şiə olmasaydı, sünni Osmanlı elitası ona münasibətdə daha səxavətli olardı.

Orta əsrlərin əsas paradiqması din idi, şairlər Peyğəmbərdən sonra gəlirdi, şah isə Allahın Yer üzündəki kölgəsi idi.

Avropada da belə idi...

 

***

 

Füzulinin dediyi "göstərən saətdə bir inqilab" baş verdikcə mütləqiyyətlər sarsılır və dağılırdı.

Yeni ideyalar artıq ədəbiyyatın dilindən səslənirdi.

Artıq şair saray xidmətçisi yox, bəlkə də onun əsas düşməni idi.

"Komalara sülh, saraylara müharibə" dövründə şairlər koma tərəfə komalanmışdı.

Axundovun dediyi kimi “Parijin  yıxılmasının zərbindən özgə şəhərlər də bərbad olur”, inqilab küləyi möhkəm əsirdi.

Artıq kralların, şahların yeni  qorxusu vardı: media.

Osmanlı sultanı Rusiyaya nota verərək Molla Nəsrəddinin ölkəyə girişini qadağan edirdi.

İndi şairlər fəxriyyə yox, felyeton yazırdı.

Molla Nəsrəddini zəmanə özü yaratmışdı.

 

***

 

Yeni dövrdən başlayaraq ədəbiyyat ədəbdən bəhs etmirdi.

Əyləncə romanları yazılırdı.

Radionun, kinonun, televiziyanın, sosial medianın olmadığı dövrdə ədəbiyyat onların da işini görürdü.

Həm də ideoloji vasitə idi...

Ədəbiyyat ədəbiyyatdan başqa hər şey idi.

Və XIX əsrdə yeni bir müzakirə başlandı: "Sənət sənət üçündür, yoxsa xalq üçün?"

Ədəbiyyat ərəb dilində "ədəb" sözündən yaranmışdı,  latın dilində "hərf" (litera-literatura)idi.

Amma Fransada Floberə, İngiltərədə Oskar Uaylda əxlaq məhkəmələri qururdular.

Beləcə XX əsrə gəlib çıxdıq...

Xüsusilə, kommunistlərin əlində ədəbiyyat ideoloji silaha çevrilmişdi.

Qurulan yeni siyasi sistemlərdə ən böyük zərbə alan institut da ədəbiyyat idi...

Mirzə siyasətin "S" hərfindən belə  qorxmaqda  haqlı, həm də uzaqgörən idi...

XX əsrin qanlı müharibələrində ideoloji rupora çevrilən ədəbiyyat da günahdan xali deyildi.

Ədəbiyyat yenə də yad övlad idi, siyasət əlində vasitə, ağa yanında nökər idi.

Amma o öz İtaka adasına qayıdacaqdı...

Mütləq qayıdacaqdı...

 

***

 

Bu gün ədəbiyyat dinin, siyasətin hökmranlığından azaddır.

Tarixdə heç bir zaman olmadığı qədər müstəqil,  heç zaman olmadığı qədər ədəbiyyatdır.

Dövrümüz böyük ideyaların ölümünü gördü...

Təkcə Allah ölmədi, Nitsşe də öldü...

Bəşər tarixində ilk dəfə olaraq “Post Truth” (Həqiqət sonrası)  dövrdə yaşayırıq.

Din cənnəti o dünya üçün, ideologiyalar bu dünya üçün vəd edirdi.

Müasir insan isə virtual reallığa sığınıb.

Bəşər övladının bundan pis günləri olsa da bundan çarəsiz günü olmamışdı.

Ən pisi çarəsiz olmaq deyil.

Ən pisi çarəni axtarmamaqdır.

Kilsə tonqallarından Sibir buzlaqlarına qaçan insan üçün sosial mediada yaratdığı dünya dərman yox, ağrıkəsicidir.

Ədəbiyyat isə ən böyük dərmandır...

Həm cəlladın, həm qurbanın dərmanı...

 

***

 

Hesse hələ 100 il qabaq yazırdı: “Doğrudur, son vaxtlar kino və radio populyarlaşıb, amma əsla kədərlənməyə dəyməz. Gələcəkdə kitabın yer üzündən yox olmaq təhlükəsi barədə düşünüb, qorxu hissi keçirməyin heç bir məntiqi əsası yoxdur. Əksinə, digər yeni ixtiralar hesabına insanların əyləncələrə olan müəyyən ehtiyaclarının ödənilməsi ilə kitabın dəyəri, məziyyətləri daha çox özünə qayıtmış olur”.

Bu gün ədəbiyyat nə sarayların xidmətindədir... “Dadaloğlu demişkən, fərman padşahın, dağlar bizimdir”.

Bu gün ədəbiyyat nə dinin xidmətindədir... Cavid demişkən, “sitayiş eyləməm heç bir kitaba”.

Bu gün ədəbiyyat ideologiyadan uzaqdır...

Bu gün ədəbiyyat əsl dəyərinə, mahiyyətinə ən yaxın olduğu dövrdədir...

Dostoyevski dediyi kimi, ədəbiyyat insana insanlığını xatırladır.

Dövrümüzün virtual reallığında, insanların cari həyatın məhrumiyyətlərindən sosial mediaya, xəyali məkana köç etdiyi bir zamanda insanlığın xilası ədəbiyyatdadır.

Ədəbiyyat ağrıkəsici yox, Haydeggerin dediyi kimi səfil və sərgərdan insanın dərmanı, terapiyasıdır.

XXI əsrdə ədəbiyyat keçən əsrlərdəki kimi populyar olmaya bilər, ancaq onun ən gərəkli olduğu zaman bu zamandır...

Sürüklənən bəşəriyyət ədəbiyyatla yüksələcək...

Ya da yüksəlməyəcək.

Ancaq nicat yolu birdir, vəssalam.