Elektron ədəbiyyat və sənət portalı

Argentina şairinin şeirləri  

Bölmə: Dünya ədəbiyyatı 04.05.2022

 

  Daniel Kalabrese

  • Tanınmış Argentina şairi;
  • 1962-ci ildə Argentinanın Dolores şəhərində anadan olub;
  • “Sima”, “Gələcəyin külü”, “Kərpicə yazılanlar”, “Gündəlik keçid”, “Azacıq əyri xətt” və digər şeir kitablarının müəllifidir;
  • 1991-ci ildə yaratdığı Ril Editores nəşriyyatının və ingilis, italyan, yapon dillərinə tərcümə olunaraq yayınlanan "A/Erea" İspaniya-Amerika poeziya dərgisinin təsisçisi və direktorudur.

 

 

 

Vaxtı hesablama üsulu

 

Yolun bu tərəfində yaşayanlar,

Güzəşt etməyi bacarırlar:

hər dəfə kimsə cənub tərəfə gedəndə,

onlar dəqiq vaxtı qeyd edib,

varlığın boşluğuna bir daş atırlar.

O biri tərəfdə yaşayanlar,

ziddiyyətlidirlər:

hər dəfə kimsə əks istiqamətə gedəndə,

eyni qeydi yazıb,

daşı varlığın boşluğundan çıxarırlar.

Deməli biri boşluğu doldurur,

o biri boşluğu yaradır.

Beləcə, zaman-zaman,

boşluğu dolduranlar bir vaxtlar yeni olmuş

köhnə körpünü keçib, sakitcə

sırayla cənubdan qayıdanları və

boşluğun tamam dolmasını gözləyirlər.

 

Möcüzə

İşimin adı daşın bir tərəfdən

başqa tərəfə daşınmasıdır.

Bu daş-qaya öküzdən də, yağışın suyu ilə dolmuş

çantadan da ağırdır.

Sanki dünyanı udmaq istəyən

böyük partlayış, bir dəlik,

qara bir güzgüdür.

İşimin adı həmin daşı qaldırmaq, velosipedçilərin,

fon musiqisinin, Marşrut İkinin,

qanqırmızı damarların müəyyən etdiyi vaxtda dayanmaq üçün,

ehtiyatla yolun ortasına qoymaqdır.

Daş yerindən tərpənəndə,

təbii və səmimi varlıqlar arasına məhəbbət toxumu səpiləndə,

işimin mahiyyəti daşı yenidən qaldırıb yorğun gözlərimlə

onu laqeydlik gölündə basdırmaq olacaq.

Həmin göldən isə çarpayının cırıltısı, televizorun səsi gəlir,

orda mühərriklər işləyir, qəmgin xatirələr əriyib gedir,

hər şey, hamı yox olur, bitir.

 

Suda batan

Dəqiq bilmək istədiyim,

baş verənlərin çayda yox,

batdığım torpaqda olmasıdır.

Əhəmiyyətsiz şeylərin batdığı,

amma yox olmadığı yeganə çay “titrəmədir”.

Bəzən onlar çay axmazdan əvvəl batır.

Və onların imdadı

həmişə gecikmiş olur.

 

                                                                       Tərcümə edən: Aysel Əliyeva