“Aydın yol” məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin yazı prosesi ilə bağlı məsləhətlərini təqdim edir.
- Hansısa bir hekayə üzərində işləyərkən adətən sübh tezdən yazmağa başlayıram. Əgər yazmaq həvəsim yaranıbsa, mənə heç kim mane ola bilməz. Otağın isti, ya soyuq olması da əhəmiyyətli deyil. Bütün diqqətimi əsərə cəmləyib şövqlə yazıram. Adətən, gələcək səhifələrdə nələrin olacağını duyduğum zaman yazmağı dayandırıram. Və növbəti günə qədər gözləyirəm.
- Əgər səhər altıda yazmağa başlamısınızsa, günortaya qədər davam edə bilərsiniz. Çünki işi tez bitirsəniz, boş qalan vaxtınızı keçirməkdə çətinlik çəkə bilərsiniz. Və növbəti günə qədər istənilən məşğuliyyət sizə mənasız görünəcək.
- Yazıya qısa cümlələrlə başlayın. Çalışın dil dinamik olsun.
- Hər zaman pozitiv olmağa çalışın, neqativlikdən uzaqlaşın!
- Yazı diliniz yaşadığınız dövrə uyğun olmalıdır, əks halda əsər oxunmayacaq.
- “Böyük”, “möhtəşəm”, “inanılmaz”, “fövqəladə” kimi ifadələrdən az istifadə etməyə çalışın.
- Yazmaq istəyəndə hər dəfə ilk qələm təcrübəsinə başladığım otel otağındakı yalnızlığımı xatırlayıram. Sən də hamıya oteldə qaldığını bildir, amma adını yalnış de. Harda qaldığını bilsələr, təbiətə köç. Oranı da tapsalar həmişə qaça biləcəyin bir yerin olsun. Bütün günü işlə, sonra nəsə ye, tennis oyna, ya da heç nə eləmə. Ancaq mütləq səni yoracaq bir işlə məşğul ol və növbəti gün yenidən yazmağa başla.
- Yazıçı işlədiyi zaman tək olmalıdır. O, yalnız əsəri bitirəndən sonra gözə görünə bilər. Yoxsa nyu-yorklu yazıçılara çevrilər. Onlar bir şüşənin içində yaşayan soxulcanlar kimi bir-biriləri ilə və şüşə ilə olan münasibətlərindən qidalanmağa çalışırlar. Həmin şüşə bəzən estetik, bəzən iqtisadi, bəzənsə dini formada olur. Bir dəfə o şüşənin içinə düşdülərsə, həmişə orada qalırlar, özlərini həmin şüşədən kənarda tənha hiss edirlər.
- Bəzən yazmaqda çətinlik çəkdiyim zaman ehtiyac duyduğum cəsarəti tapmaq üçün öz kitablarımı oxuyuram. Həmin kitabları yazmağın da nə vaxtsa mənə çətin, hətta bəzən imkansız göründüyünü xatırlayıram.
- Yaxşı yazıçı gördüyünü təsvir etməkdən qaçmalıdır. O yalnız öz təxəyyülündən yararlanmalı və hekayəni qurmağı bacarmalıdır.