“Aydın yol” sənət aləmində baş verən maraqlı hadisələri təqdim edir.
Pikassonun evinə gələn poçtalyon divarda çəkilmiş freskaları görüb deyir: “Deməli, nəvəniz də rəssamdır”.
Dostu Mikelancelonun evinə qonaq gəlir. Bu zaman Mikelancelo heykəl üzərindəki işini tamamlamaq üzrə olur. Dostu bir xeyli diqqətlə heykələ tamaşa edir. Bir neçə gün sonra həmin adam yenidən gəlir. Mikelancelo ondan heykəlin indiki görkəminin necəliyini soruşur. Dostu heç bir fərq görmədiyini deyəndə Mikelancelo izah etməli olur. “Bax, bu tərəfini yontub incəltdim, buranı ağartdım, dodaqları qabartdım”. Dostu isə deyir: “Axı bütün bunlar hamısı təfərrüatlardır”. Mikelancelonun ona verdiyi cavab əsrlər sonra incəsənətin məzmununu ifadə edən ən yaxşı aforizmlərdən biri kimi tarixdə qalır: “Təfərrüatlar ideallığı tamamlayır, ideallıq isə heç vaxt təfərrüat ola bilməz”.
Gənc müəllif Mark Tvenə məktub yazaraq ondan balıq yeməyin zehni möhkəmləndirib- möhkəmləndirmədiyini soruşur. Mark Tvenin cavabı belə olur: “Bəli, balıq tərkibindəki fosfora görə beyin üçün çox faydalıdır. Məktubunuzu oxuyanda belə qənaətə gəldim ki, ortaboylu iki balina sizin üçün kifayət edər”.
Məşhur Amerika aktyoru Qeri Kuper yolla gedərkən bir qadın onu ərinə göstərib deyir: “Bir bax gör, necə də Qeri Kuperə oxşayır”. Aktyor bu sözləri eşidib gülümsəyəndə qadın ərinə deyir: “Yazıq yaman sevindi”.
Bir qadın Rodendən soruşur: “Belə möhtəşəm heykəlləri necə düzəldirsiniz?” Rodenin cavabı qısa olur: “Çox rahat. Mərmər daşın əyər-əskiyini atıram, heykəl özü üzə çıxır”.
Qustav Maler yenicə bəstələyib bitirdiyi üçüncü simfoniyasında çöl çiçəklərini, meşə heyvanlarını, asimanı və füsunkar təbiəti əks etdirir. Bu dönəmlərdə məşhur dirijor Bruno Valter onun evinə qonaq gəlir. Bəstəkar, yaşadığı Attersinin möhtəşəm təbiətini seyr edən dirijora belə deyir: “Gözünüzü yormayın, bütün bu təbiəti nota köçürmüşəm”.
İddiaları imkanlarından böyük olan bir həvəskar musiqiçi məşhur bəstəkar Pablo Kassalsa yeni əsərinin not dəftərini verərək fikrini söyləməsini xahiş edir. Kassals dəftəri vərəqlədikcə öz-özünə danışır, sonra əsəri sahibinə qaytarıb deyir: “Yoruldum. Hər səhifədə köhnə dostları görürəm, hamısıyla da hal-əhval tuturam”.
Musiqişünas Daunes virtuoz skripkaçı Kreyslerin ifa etdiyi əsərləri təhlil edərkən onların müəllifliyinin konsertlər zamanı elan edilən bəstəkarlara aid olmadığını müəyyənləşdirir. O, bu mövzuda məqaləsini “Nyu-York Tayms” qəzetində çap etdirəndə böyük səs-küy yaranır. Məlum olur ki, Kreyslerin başqalarının adı ilə təqdim etdiyi əsərlər əslində öz bəstəsi imiş. Musiqi ictimaiyyəti skripkaçının öz əsərlərini ifa etməsini yaxşı qarşılamadığına görə o, bu yola əl atıbmış. Bu hadisədən sonra Kreyslerin adı görkəmli bəstəkarlarla bir sırada çəkilir.