Elektron ədəbiyyat və sənət portalı

Ən məşhur ədəbiyyat jurnalları

Bölmə: Art 27.05.2022

“Aydın yol” dünyanın ən məşhur ədəbiyyat jurnallarının adlarını təqdim edir.

 

“Nyu-Yorker”

1925-ci ildən nəşr olunan “Nyu-Yorker” bir-birindən maraqlı hekayələrin, tənqidi yazıların, esselerin, şeirlərin dəyişməz ünvanıdır. Amerikalı jurnalist Harold Ross tərəfindən təsis edilən jurnal ildə 47 dəfə nəşr olunur və dünyada 1 milyondan çox oxucu kütləsinə malikdir. Con Ohara, Devid Cerom Selincer, Skott Fitscerald, Salman Rüşdi və digər məşhur müəlliflərin əsərləri ilk dəfə məhz bu jurnalda dərc olunub.

 

“Paris Revyu”

İngillisdilli jurnal olan “Paris Revyu” 1953-cü ildə Parisdə təsis olunub. Jurnal nəşr olunduğu ilk illərdən Samuel Bekket, İtalo Kalvino, Jan Qenet kimi məşhur müəlliflərin əsərlərini dərc edib. “Paris Revyu” müsahibələri ilə də məşhurdur.  Belə ki, müxtəlif illərdə jurnalda Ezra Paund, Ernest Heminquey, Tomas Eliot, Luis Xorxe Borxes, Uilyam Folkner, Pablo Neruda, Vladimir Nabokov və digər məşhurların maraqlı müsahibələri yayımlanıb.

 

“Harpers”

Aylıq “Harpers” jurnalı 1850-ci ildə yaradılıb. Jurnalın artıq ilk saylarından Çarlz Dikkens, Emili Bronte, Uilyam Tekkerey kimi məşhur yazıçıların əsərləri dərc olunub.

 

“Poetry”

Amerikalı şair Hariyet Monro tərəfindən təsis edilən “Poetry” jurnalının ilk sayı 1912-ci ildə ABŞ-ın Çikaqo şəhərində yayımlanıb. Tomas Eliotun 22 yaşında yazdığı məşhur “Alfred Prufrokun məhəbbət nəğməsi” şeiri də ilk dəfə məhz bu jurnalda dərc olunub. Şeiri çap etməyi Hariyet Monroya dərginin o vaxt redaktorlarından olan, sonralar məşhur şair kimi şöhrət qazanan Ezra Paund məsləhət görüb.

 

“Qranta”

Dünyanın ən məşhur ədəbiyyat jurnallarından hesab olunan “Qranta” 1889-cu ildə Böyük Britaniyanın Kembric Universitetinin tələbələri tərəfindən yaradılıb. Maliyyə böhranı səbəbindən bir müddət fəaliyyətini dayandıran jurnal 1979-cu ildən yenidən nəşrini bərpa edib.