“Aydın yol” görkəmli fransız yazıçısı Viktor Hüqonun məşhur “Səfillər” romanı haqqında maraqlı faktları təqdim edir.
Viktor Hüqo “Səfillər”ə yazdığı ön sözdə romanın həmişə aktual olacağının səbəbini belə izah etmişdi: “Yer üzündə səfillik və nadanlıq var olduqca belə kitablar da həmişə yaşayacaq”.
***
Roman altı il ərzində nəşriyyata o dövr üçün çox böyük məbləğ olan yarım milyon frank qazanc gətirmişdi.
***
Bu əsər bütün dövrlərin həcmcə ən uzun romanlarından hesab olunur.
***
Romanın III fəslindəki 823 sözdən ibarət cümlə fransız ədəbiyyatının ən uzun cümləsi sayılır. Cümlə 3 səhifədir.
***
Kitab nəşr olunandan sonra müəllif oxucu münasibətini öyrənmək məqsədilə naşirə, sadəcə, “?” işarəsindən ibarət teleqram vurur. Naşirdən “!” cavabı gəlir.
***
Müəllif bir fahişəni həbsdən xilas edərkən polislərlə danışığını romandakı obrazlardan biri olan Jan Valjanın Fantinanı xilas etdiyi hissədə təkrarlamışdı.
***
Romandakı hadisələr 1815-ci ildə başlayır və 1832-ci ilin iyun qiyamı ilə başa çatır. Maraqlıdır ki, yazıçı da roman üzərində 17 il çalışıb.
***
Roman nəşr olunduqdan sonra digər məşhur fransız yazıçısı Qustav Flober yazırdı: “Bu romanda nə cəsarət, nə də həqiqət var”. Qonkur qardaşları isə romanı təbiilikdən uzaq, süni əsər kimi dəyərləndirmişdi.