Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – “Nizami Gəncəvi ili” münasibətilə dahi Azərbaycan şairinin “Xosrov və Şirin” poemasının yeni filoloji tərcüməsi Milli Kitabxanada ictimaiyyətə təqdim olundu.
M.F.Axundov adına Milli Kitabxananın direktoru, prof. Kərim Tahirovun moderatorluğu ilə keçirilən tədbirdə prof. Bədirxan Əhmədli, prof. Cavanşir Yusifli, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları f.e.d. Zəhra Allahverdiyeva, f.e.d. Təhminə Bədəlova, “Ədəbiyyat” qəzetinin redaktoru Azər Turan, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak edirdi.
Prof. Kərim Tahirov Azərbaycan ədəbiyyatının dünyada, dünya ədəbiyyatının isə Azərbaycanda tanıdılması, eləcə də mədəni irsimiz haqqında bilgilərin həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından kənarda daha çox oxucu kütləsini əhatə etməsi ilə bağlı Dövlət Tərcümə Mərkəzində görülən işlərin əhəmiyyətini vurğuladı. O, “Xosrov və Şirin” əsərinin yeni tərcüməsi ilə tanış olduğunu bildirərək bu nəşri son illərdə TM-in həyata keçirdiyi ən uğurlu layihələrdən biri kimi qiymətləndirdi. Bildirdi ki, ölkəmizdə Nizamişünaslığın inkişafı, böyük şairin əsərlərinin günümüzün tələbləri səviyyəsində şərhi və öyrənilməsi baxımından bu tərcümə mətni əvəzsiz vəsait kimi gözdən keçirilə bilər. Natiq ölməz Nizaminin digər əsərlərinin də filoloji tərcüməsinin vacibliyini vurğuladı, qeyd etdi ki, bu təşəbbüsün dəstəklənməsi, ümumilikdə, Azərbaycanda filoloji fikrin təkamülünə əhəmiyyətli töhfə olardı.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, nizamişünas-alim Zəhra Allahverdiyeva “Xosrov və Şirin” poemasının filoloji tərcüməsi və nəşrini olduqca əhəmiyyətli təşəbbüs kimi qiymətləndirdi. O, yüksək poetik dillə tərcümə olunmuş əsərdə Nizami obrazlarının, süjet və fabula peripetiyalarının orijinalın ruhunu ifadə edən tərzdə verildiyinə diqqət çəkdi. Əsəri sonacan oxuduğunu, tərcümə əsərinin bəzi yeni çalarlarla yadda qaldığını söylədi.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, nizamişünas-alim Təhminə Bədəlova bildirdi ki, “Xosrov və Şirin” poemasının filoloji tərcüməsi ədəbi hadisə kimi qiymətləndirilə bilər. O, müxtəlif tərcümə tipləri arasındakı fərqli məqamlara diqqət çəkərək klassik mətnlərin filoloji tərcüməsinin çətin, ağır proses olduğunu vurğuladı.
AMEA əməkdaşları orijinaldakı dini anlayışların, tarixi kontekstin və realilərin verilməsi, onların ifadə tərzləri haqqında öz qeydlərini və mülahizələrini də bölüşdülər.
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi Tərcümə Mərkəzinin bütün kollektivini bu uğurlu işə görə təbrik etdi. Bildirdi ki, Nizami kimi bir dahinin əsərini tərcümə etməyə girişmək və bunun öhdəsindən layiqincə gəlmək asan məsələ deyil. O, klassik ədəbiyyatın tərcüməsinin spesifikası barədə öz fikirlərini bölüşdü, tərcümə mətnindəki ayrı-ayrı məqamlara diqqət çəkərək əsrlər öncə yazılsa da, bütün zamanlar üçün müasir və aktual əhəmiyyət kəsb edən əsərin maraqla mütaliə edilməsini əngəlləyən xüsusların zaman-zaman yenidən gözdən keçirilməsinə ehtiyac duyulduğunu dedi.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru, f.e.d. Azər Turan bu kitabın işıq üzü görməsini “Nizami Gəncəvi ili” çərçivəsində həyata keçirilən ən uğurlu layihələrdən biri kimi dəyərləndirdi. Bildirdi ki, “Xosrov və Şirin”in filoloji tərcüməsinin uğurla tamamlanması Azərbaycan ədəbi-mədəni mühitində mühüm hadisədir. O qeyd etdi ki, tərcüməçi tərcümə etdiyi müəllifin yaşadığı dövrü, həmin dövrün ədəbi-mədəni mühitini və ifadə tərzlərini dərindən bilməlidir. Bu məqam tərcümədə qabarıq hiss olunur. Azər Turan əsərin tərcüməsinin Etimad Başkeçidə həvalə olunmasını, ümumilikdə, layihənin uğurunu şərtləndirən amillərdən olduğunu qeyd etdi.
Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli öz çıxışında tərcümə mətnlərinin vaxtaşırı yenilənməsinin vacibliyinə diqqət çəkdi. Bildirdi ki, bu kitab Azərbaycanın müstəqillik dövründə Nizami Gəncəvinin əsərinin ilk filoloji tərcüməsidir. “Xosrov və Şirin” poemasının filoloji tərcüməsini Azərbaycan ədəbi-mədəni həyatında mühüm hadisə kimi qiymətləndirən natiq qeyd etdi ki, sakral mətnlərin, klassik əsərlərin tərcüməsi ölkədə tərcümə məktəbinin formalaşması, bu tip əsərlərin tərcüməsi praktikasının zənginləşməsi prosesinə də əhəmiyyətli töhfədir.
Filologiya elmləri doktoru, professor Cavanşir Yusifli tərcüməçilərin əməyini yüksək qiymətləndirdiyini, “Xosrov və Şirin” kimi mürəkkəb bir poemanın filoloji tərcüməsinin olduqca məsuliyyətli və ağır iş olduğunu bildirdi. “Tərcümə mətnindən də aydın görünür ki, bu işi həyata keçirənlər Nizami Gəncəvinin bu şah əsərini bütün xırdalıqlarına, təfərrüatlarına qədər duya, ən əsası isə dərk edə biliblər” – o qeyd etdi.
Sonda Etimad Başkeçid səsləndirilən fikirlərlə bağlı öz mülahizələrini dilə gətirdi və çıxışçılara, bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.