Elektron ədəbiyyat və sənət portalı

Salvador şairinin şeirləri

Bölmə: Dünya ədəbiyyatı 23.06.2022

Fatima Estela Benitez Dimas 

1991-ci ildə San Salvador şəhərində anadan olub;

15 yaşından şeirlər yazır;

“Poemas del alma” ədəbiyyat bloqunun baş redaktorudur;

Facebook sosial şəbəkəsində populyar “Literatura y poesía” səhifəsinin redaktorudur.

 

Bədbəxt hadisə

Elə sözlər var ki, sinəmi

qılıncdan da dərin deşir...

 

Qırdın arzularımı, xəyallarımı,

röyalarımı məhv etdin, bir-bir.

Sancır ürəyimi ağrılar −

məni tükəndirir.

 

Adam dolu bu dünyada özümü

tək-tənha sayıram.

Göz yaşı axıda-axıda

bütün ağrılarımı duyuram.

 

Hər sözün incidir məni,

xatirələr verir əzab,

adın və saxta ağuşun dəhşətli bir iztirab...

Amma nə etməli?

hər şeyə dözməli?!

 

Mən əbədiyyət aşiqiyəm −

Niyə səninlə hər anım ötəri olsun?!

Mən ya ağı,

ya qaranı seçirəm,

rəngsizlik deyil, mənlik.

Nə isə...

Duzlu yağışın altında,

paslanmış dəmirlərin yanında

yaşanır və sonlanır bu bədbəxt hadisə.

 

Əlvida

Eyni yolu gedirik nə vaxtdı −

Səni tanıdığım qədər sən də məni tanıyırsan.

Amma həyata eyni pəncərədən baxsaq da,

gördüklərimizə inanmırsan.

 

Yol bitdi artıq,

Üz-üzə dayanmışıq.

Bədənim də tanıyır səni,

yaddaşım da xatırlayır −

amma könlüm xəbərsizdi, bu tanışlıqdan.

 

Eyni yolda

hərəmiz eyni təbiətin fərqli mənzərəsinə valeh olmuşuq −

Biz hər şeyə dəlicəsinə baxmağa alışmışıq…

Payız gəlir, gözəl payız −

bizsə xəzan yarpaqlarını görürük, yalnız…

 

Ayrılmaq −

Başqa yollar axtarmaq,

Başqa mənzərələrdən zövq almaq vaxtıdır.

 

Həmişə xatirələrimin kölgəsi olacaqsan.

Könlümə baxma,

ruhum unutmaz səni heç vaxt.

Bu yolu mənimlə yanaşı getdiyin üçün

sənə ömürlük minnətdaram.

İndi artıq bu yolu başa vurmaq

və yenidən inanmaq vaxtıdır.

Çünki hər sonun

bir əvvəli var…

 

 

Orijinaldan tərcümə edən: Aysel Əliyeva