“Aydın yol” Azərbaycan kinosunun məşhur ekran əsərlərindən olan “Şərikli çörək” filmi haqqında maraqlı faktları təqdim edir.
Müharibəni arxa cəbhənin gözü ilə nümayiş etdirən “Şərikli çörək” filmi 1969-cu ildə ekranlaşdırılıb. Rejissoru Şamil Mahmudbəyov, ssenari müəllifi Alla Axundova, bəstəkarı Vasif Adıgözəlovdur.
***
Filmin rejissoru və ssenari müəllifi bu ekran işinə görə dövlət mükafatına layiq görülüblər. Ekran əsəri İtaliyada da uğurla nümayiş olunub, hətta filmə çəkilmək üçün həmin ölkədən Fazil Salayevə dəvət gəlib.
***
Filmdəki hadisələr 1945-ci ilin mayında cərəyan edir. Çəkilişlər “Böyük qala” küçəsində, kinostudiyanın pavilyonunda, “Kubinka”da və Nalçik şəhərində baş tutub. Filmin çəkildiyi həyət isə “Səadət sarayı”nın yanında yerləşir. Bu məkanda “Bizim Cəbiş müəllim”, “Gecə qatarında qətl” və digər filmlər çəkilib.
***
Filmdə uşaqların çörək növbəsində dayanması ən dramatik səhnələrdəndir. Çörək dükanının təsvir olunduğu yer rejissor tərəfindən təsadüfi seçilməmişdi. Həmin yerlə üzbəüz, həqiqətən də çörək dükanı olub. Camaatın növbəyə dayandığı səhnə “Böyük qala” küçəsində lentə alınıb. Satıcı rolunun ifaçısı Yusif Vəliyevin qəhrəmanı ilə alıcıların dialoq səhnəsi isə pavilyonda lentə alınıb. Vaqifə növbə çatarkən ekranda əsən bir əl görünür. O əl rejissor Şamil Mahmudbəyovun əlidir. İstədiyi kadrı tutmaq üçün rejissor bu epizodda məhz öz əlini çəkmişdi.
***
Filmdə uşaqlarla bağlı səhnələrin təbii alınması üçün kadrlar gizli çəkilirdi. Uşaq rollarından birinin ifaçısı Tuna Namazovanın ayağına rəsm çəkməsi öz ideyası olub. Belə ki, o qız rəssamlıq məktəbində oxuyub. Əslində, həmin səhnədə parçadan gəlincik düzəldilməli idi. Çəkiliş zamanı qız rejissora deyir ki, mən yaxşı şəkil çəkirəm, hətta dizimə də. Rejissor qızdan bunu əyani göstərməsini istəyir. O da ayağına yaylıq bağlayıb, dizində göz-qaş şəkli çəkir. Krantın başına yaylıq bağlamaq da azyaşlı aktrisanın öz ideyası olub.
***
Qırçı Məhəmmədlə Vaqif nahar edərkən eşidilən mahnının ifaçısı Bülbüldür.
***
Kadrların bəziləri gizli kamera ilə çəkilib. Uşaqlar danışarkən, oynayarkən rejissor filmə lazım olan kadrları lentə alıb.
***
Filmin baş qəhrəmanı olan Vaqif rolunun ifaçısı Kamran Rəcəbli hal-hazırda ABŞ-da yaşayır.