Elektron ədəbiyyat və sənət portalı

"Tom dayının daxması" haqqında

Bölmə: Art 08.07.2022

“Aydın yol” məşhur Amerika yazıçısı Harriyet Biçer-Stounun “Tom dayının daxması” romanı haqqında maraqlı faktları təqdim edir.

 

Roman ilk dəfə 1852-ci ilin 20 martında nəşr edilib və XIX əsrdə İncildən sonra ən çox satılan kitab olub.

                                                                         ***

 

Əsər XIX əsrin ikinci yarısında irqçiliyə qarşı mübarizənin əsas simvollarından birinə çevrilib.

                                                                         ***

 

Kitab nəşr olunduğu il ABŞ-da üç yüz min, Böyük Britaniyada isə bir milyon nüsxə satılıb.

                                                                         ***

 

Bir neçə il ərzində satış sayı 1,5 milyona çatan kitabın xeyli pirat nəşrləri olub. Bu səbəbdən müəllif məhkəməyə müraciət edib. Lakin həmin dövrdə ABŞ-da müəllif hüquqları haqqında qanun, demək olar ki, işləmədiyindən məhkəməni uduzub.

                                                                         ***

 

Belə bir iddia var ki, o vaxtkı ABŞ Prezidenti Avraam Linkoln Harriyet Biçer-Stou ilə görüşü zamanı ölkədə vətəndaş müharibəsinə məhz onun bu məşhur əsərinin rəvac verdiyini deyib.

                                                                         ***

 

Harriyet Biçer-Stounun 30-a yaxın əsərindən biri də “Tom dayının daxması” qədər məşhurlaşa bilməyib.

                                                                         ***

 

Əsərin məzmunu irqçiliyin əleyinə olduğuna görə çoxları müəllifin qaradərili olduğunu zənn edirdi.

                                                                         ***

 

Müəllif əsəri yazarkən 1849-cu ildə dərc olunmuş “The Life of Josiah Henson, Formerly a Slave, Now an Inhabitant of Canada, as Narrated by Himself” (“Keçmiş kölə, indi isə kanadalı olan Jozef Hanson öz həyatını danışır”) adlı hekayədən təsirlənib. Jozef Hanson Merilənd bölgəsində yerləşən geniş sahəyə malik tütün plantasiyalarında işləyən kölələrdən idi. O, 1830-cu ildə Kanadaya qaçaraq köləlikdən qurtulur və burada digər qaçaq kölələrə məskunlaşmaq və həyatlarını yenidən qurmaq üçün kömək edir. Həmin dönəmlərdə o, başına gələn hadisələri qələmə alır. Sonralar Stou məşhur əsərini yazarkən bu xatirələrdən təsirləndiyini özü də etiraf etmişdi.  Odur ki, “Tom dayının daxması” romanı məşhurlaşdıqdan sonra Hanson da öz xatirələrini “Tom dayının xatirələri” adıyla yenidən çap etdirir.

                                                                         ***

 

“Tom dayının daxması” ilk dəfə 1851-ci ilin 5 iyununda “The national Era” jurnalında dərc olunur. Həmin əsərin hissə-hissə 40 sayda çapı planlaşdırılır. Lakin əsərin oxucularda böyük maraq yaratdığını görən naşir Con Cevet müəllifə onu kitab halında çap etməyi təklif edir.  Müəllif  razılaşır və romanın jurnaldakı dərci yarımçıq saxlanılır.