Elektron ədəbiyyat və sənət portalı

Dünyanın ən məşhur nəşriyyatları

Bölmə: Art 21.07.2022

“Aydın yol” dünyanın ən nüfuzlu və məşhur nəşriyyatlarının adlarını təqdim edir.

 

 

 

“Pinqvin”

1935-ci ildə Allan Leyn tərəfindən yaradılan “Pinqvin” nəşriyyatı cib kitablarını yüksək tirajlarla çap edərək kitab biznesində yeni yol açıb. 2013-cü ildə isə iki böyük nəşriyyatın birləşməsi nəticəsində yaranan “Penguin Random House” qrupunun tərkibinə keçib. Rəsmi ofisləri Londonda yerləşən “Pinqvin” nəşriyyatının bir neçə kitab seriyası var. 1967-1987-ci illərdə nəşr edilən “Şekspir” seriyasında dahi ingilis şairinin bütün külliyatı toplanıb. “Qızıl klassiklər” seriyasında isə Ceyn Ostin, Bronte bacıları, Çarlz Dikkens, Mixail Bulqakov, Virciniya Vulf, Vladimir Nabokov, Frans Kafka və digər dünyaca məşhur yazıçıların adlarına rast gəlmək olar.

 

 

 

 “Random House”

1927-ci ildə ABŞ-da yaradılan nəşriyyat evi sonralar Almaniya media qrupu olan “Bertelsman”a satılıb və hal-hazırda “Penguin Random House”un tərkibindədir. Ceyms Coysun məşhur “Uliss” romanının ilk nüsxəsi 1934-cü ildə məhz “Random” nəşriyyatında çap olunub. İllik gəliri 3 milyard dollara yaxın olan nəşriyyat Den Braun, E.L.Ceyms, R.R. Martin kimi əsərləri milyon tirajlarla satılan müəlliflərlə əməkdaşlıq edir.

 

 

“Sxolastik”

1920-ci ildə ABŞ-da əsası qoyulan nəşriyyat uşaq ədəbiyyatının nəşri və yayımı sahəsində çox böyük rola malikdir. “Harri Poter” və “Aclıq oyunları” kimi bestsellerlərin müəlliflik hüququ məhz “Sxolastik” nəşriyyatına məxsusdur.

 

 

“Hallimard”

1911-ci ildə Parisdə yaradılan nəşriyyat tərtibat və müəllif seçimi baxımından ən keyfiyyətli kitabları ilə məşhurdur. İllik gəliri 329 milyon dollar olan nəşriyyatın məşhur müəllifləri sırasında Antuan de Sent-Ekzüperi, Alber Kamyu, Marsel Prust və digərlərinin adlarını çəkmək olar.