Elektron ədəbiyyat və sənət portalı

Viktor Xaranın əbədiyyət nəğməsi

Bölmə: Azad ərazi 08.09.2022

Qan Turalı

 

 

Ozanlar, aşıqlar, trubadurlar xalqların taleyini, ümid və ümidsizliklərini, həsrət və vüsalını, nifrət və sevgisini min illər boyu ifadə ediblər.

Xalqımızın mənəvi şəxsiyyətini müəyyən edən dastan da Dədə Qorqudun adı ilə bağlıdır.

Eləcə də Koroğlu xalq qəhrəmanı və ozan idi.

Xətai də bir sərkərdə olduğu qədər  ozan, bir ozan olduğu qədər də şeyx və şahdır.

Bu ənənə qopmadan, incəlmədən, düyünə düşmədən davam edir...

 

                                                   ...

 

1932-ci ildə Çilidə Viktor Xara adlı bir ozan doğuldu.

Bir il sonra Azərbaycanın Nurs kəndində də bir şair dünyaya göz açdı.

İkiyə bölünmüş Azərbaycanın rəmzi olan Araz təxəllüslü bu şair ikiyə bölünmüş Vətəni üçün elegiyalar yazdı.

 

                                                   ...

 

“Desəm öldürərlər, deməsəm ölləm” sadəcə bir ozan sözü deyil, həm də ozan aqibətidir.

Viktor Xaranın aqibəti həqiqəti deməklə, oxumaqla, söyləməklə, hayqırmaqla təyin edildi.

Çilinin  ən böyük stadionunda barmaqlarını sındırdılar.

“İndi oxu görək” deyə onu lağa qoyanlar qarşısında belə Xara susmadı, “Biz qalib gələcəyik” nəğməsini onların üzünə hayqırdı.

Üç gün sonra üzərində 44 güllə yarası olan meyiti tapıldı.

Hələ 40 yaşı tamam olmamışdı.

 

                                                   ...

 

Bu amansız ölümə Məmməd Araz ümid dolu şeirini yazdı:

 

Götürüb yerdən onun

Kəsik barmaqlarını,

İndi bütün əllərdə

Bir gitara oxuyur.

İndi bütün dillərdə

Viktor Xara oxuyur.

 

                                                   ...

 

Sonralar o stadiona Viktor Xaranın adı verildi.

Ölümündən 35 il sonra Xaranın 8 qatilinin hər biri 15 il həbs cəzasına məhkum edildi.

O zamana qədər artıq Xaranın nəğmələri bütün dünyaya yayılmışdı.

Xaranın səsi hər yerdə eşidilirdi.

Sənət qələbə çalmışdı.

Məmməd Araz qələbə çalmışdı.

Hökmün dili nağıl dili qədər yüyrək olmasa da...

 

                                                   ...

 

Təbəssümü necə ağ,

Səsi necə durudur.

Son dəfə öz qanını

Son nəğməsi qurudur.

Sinəsinə söykənib –

Sahibini uyudur.

Bir gitara oxuyur,

Viktor Xara oxuyur.