Elektron ədəbiyyat və sənət portalı

Dünyanın 10 ən bahalı rəsm əsəri

Bölmə: Art 10.08.2022

“Aydın yol” ən bahalı rəsm əsərlərinin siyahısını təqdim edir

 

Leonardo da Vinçi – “Salvador Mundi”

Dahi rəssam Leonardo da Vinçinin "Salvador Mundi" əsəri 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovikin sifarişi ilə çəkilib. Rəsm əsəri XIX əsrin ikinci yarısında itib. 2005-ci ildə yenidən tapılan əsərin uzun müddət Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, bərpadan sonra mütəxəssislər onun dahi rəssamın özü tərəfindən çəkildiyi qənaətinə gəliblər. “Salvador Mundi” 2017-ci ilin noyabrında “Kristis” auksionunda 450 milyon dollara satılıb. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman tərəfindən alınan əsər hazırda “Luvr Abu-Dabi” muzeyində sərgilənir.

 

Villem de Kuninq – “Mübadilə”

1997-ci ildə vəfat edən Villem de Kuninq XX əsrin ən tanınmış rəssam və heykəltəraşı, abstrakt-ekspressionizmin liderlərindən olub. Kətan üzərində yağlı boya ilə çəkilmiş “Mübadilə” tablosu 1955-ci ildə tamamlanıb. 300 milyon dollara alınan rəsm əsəri hazırda Çikaqo İncəsənət İnstitutunda sərgilənir.

 

Pol Sezan – “Kart oynayanlar”

Təsviri sənətdə postimpressionizm cərəyanının yaradıcısı Pol Sezan 1890–1895-ci illərdə “Kart oynayanlar” silsiləsindən 5 rəsm əsəri yaradıb. Onlardan dördü dünyanın müxtəlif muzeylərində sərgilənir və yalnız bir əsər şəxsi kolleksiyadadır.  Rəsmin əvvəlki sahibi yunan milyardçısı Georgi Embirikos olub. O, əsəri 2011-ci ildə – ölümündən öncə hərraca çıxarıb və rəssamın 1895-ci ildə çəkdiyi tablonu Qətər dövləti 250 milyon dollara alıb.

 

Pol Qogen – “Nə vaxt evlənəcəksən?”

Postimpressionizm və primitivizm cərəyanının nümayəndəsi olan Pol Qogen “Nə vaxt evlənəcəksən?” tablosunu 1891-ci ildə Taitidə yaşadığı dövrlərdə yaradıb. 1892-ci ildə çəkilən rəsmdə iki taitili qız əks olunub. 210 milyon dollara alınan əsər hazırda Qətər şeyxlərindən birinə məxsusdur.

 

Cekson Pollok – “Nömrə 17A”

Abstrakt ekspressionizmin görkəmli nümayəndəsi Cekson Pollok özünəməxsus drip-peyntinq üslubu ilə məşhurdur. Rəssamın 1948-ci ildə çəkdiyi “Nömrə 17A” tablosu 2015-ci ildə iş adamı Devid Qeffen tərəfindən 200 milyon dollara alınıb.

 

Qustav Klimt – “Su ilanları II”  

Simvolist Qustav Klimtin yağlı boya ilə çəkdiyi “Su ilanları II” əsəri 1907-ci ildə tamamlanıb. Əsər İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən müsadirə olunub. Belə ki, əsərin sahibi yəhudi əsilli Cenni Steyner 1938-ci ildə Portuqaliyaya mühacirət etdiyindən əsər bu ölkədə qalıb. 2012-ci ildə hərraca çıxarılan tablo 183 milyon dollara satılıb.

 

Mark Rotko – “No.6”

Abstrakt ekspressionizm cərəyanının görkəmli nümayəndəsi Mark Rotkonun “No.6” tablosu 1951-ci ildə tamamlanıb. Rəsm əsərini 2014-cü ildə rus iş adamı Dmitri Rıbolovlev 186 milyon dollara alıb. 

 

Rembrandt – “Sulmans və Koppitin ayaq üstə portretləri”

Məşhur rəssam Rembrandtın adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. “Sulmans və Koppitin ayaq üstə portretləri” əvvəllər Rotşildlər ailəsinə məxsus olub. Tablo satışa çıxarıldıqdan sonra “Luvr” və “Rijk” muzeylərinin ortaq maliyyəsi hesabına 180 milyon dollara alınıb. Əsər 1634-cü ildə çəkilib.

 

Pablo Pikasso – “Əlcəzairli qadınlar”

Pablo Pikasso XX əsr təsviri sənətinin ən parlaq nümayəndələrindəndir. Rəssamın "kubizm" üslubunda işlədiyi “Əlcəzairli qadınlar” tablosu 1955-ci ildə çəkilib. 15 rəsmdən ibarət “Əlcəzairli qadınlar” silsiləsini təmsil edən “Version O” tablosunu Qətər kral ailəsi 2015-ci ildə 179 milyon dollara alıb.

 

Amedeo Modilyani – “Uzanmış çılpaq”

Məşhur rəssam və heykəltəraş Amadeo Modilyaninin1917-1918-ci illərdə çəkdiyi “Uzanmış çılpaq” tablosu dünyanın ən çox sərgilənən rəsm əsərlərindən sayılır. Əsər 2015-ci ildə Nyu-Yorkdakı “Kristis” hərracında 170 milyon dollara satılıb. Rəsm əsərini çinli milyardçı Liu Yiqian alıb.