“Aydın yol” məşhur ingilis yazıçısı Corc Oruell haqqında maraqlı faktları təqdim edir.
Corc Oruell yazıçının təxəllüsü olub, əsl adı isə Erik Artur Bleyerdir.
***
1936-cı ildə İspaniyada baş vermiş Vətəndaş müharibəsində könüllü iştirak edən yazıçı döyüşlərdə ağır yaralanıb. Sonralar bu hadisələri o, “Kataloniyaya hörmətlə” kitabında əks etdirib.
***
1944-cü ildə Londondakı evinə əl bombası atılıb. Hadisə zamanı ev tamamilə dağılsa da xoşbəxtlikdən yazıçı və ailəsi burada olmayıb. Həmçinin, hansısa möcüzə nəticəsində Oruellin məşhur “Heyvanıstan” romanının əlyazması da salamat qalıb.
***
Oruell Muriel adlı keçisini “Heyvanıstan” romanında obraz kimi canlandırıb.
***
7 xarici dil bilib. Belə ki, 1944-cü ildə qəzetlərdən birinə verdiyi müsahibədə yazıçı “7 xarici dil bilirəm və onlardan ikisi ölü dillər qrupuna aiddir” deyib.
***
“Soyuq müharibə” ifadəsi Oruellə məxsusdur. Yazıçı bu sözü ilk dəfə 1945-ci ildə yazdığı “Siz və atom bombası” məqaləsində işlədib. Məqalə ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atmasından sonra yazılıb.
***
Oruell kommunistlərə nifrət edib. Bu səbəbdən 1949-cu ildə kommunist olan aktyor, yazıçı və digər sənətçilərin siyahısını hazırlayaraq İngiltərə Təhqiqat Mərkəzində işləyən dostu Selia Pacetə göndərib. Siyahıda Çarli Çaplinin də adı olub.
***
Yazıçı “1984” romanını tamamlamadan ölə bilərdi. Belə ki, roman yazıldığı dönəmlərdə oğluyla dəniz gəzintisinə çıxan yazıçı suya düşərək boğulmaq təhlükəsi ilə üzləşib. Əsər Oruellin ölümündən 7 ay əvvəl nəşr edilib.
***
Pul qazanmaq üçün yazıçılıqla yanaşı fərqli sahələrdə işləyib, müxtəlif vaxtlarda polis, müəllim, satıcı, naşir və hərbi müxbir kimi çalışıb.
***
1931-ci ildə bilərəkdən həbsə düşüb. Məqsədi həbsxana həyatını daha yaxından müşahidə etmək olub. Xırda cinayəti törədərkən Ervard Borton adında yoxsul bir balıqçı obrazına girən Oruell bir şüşə viski içərək dava salır. Lakin bu, Oruellin gözlədiyi kimi uzunmüddətli həbs olmur, o, 48 saatdan sonra sərbəst buraxılır. Yazıçının “Klink” adlı essesi məhz həmin o iki günlük həbsxana təəssüratlarından bəhs edir.