Qan Turalı
Bütün dünya İngiltərənin yeni taxta çıxan kralının qarşısında duran problemləri müzakirə edən zaman bizim fikrimiz “Karl, yoxsa Çarlz, bəlkə Charles” mübahisəsinə yönəldi. Halbuki bu konteksdə mübahisə üçün heç bir əsas yox idi. Sadəcə o qaydalara riayət etmək lazım idi.
Qaydalar ona görə müəyyən edilir ki, hər ad üçün ayrıca mübahisə açılmasın və düzgün variant ortaya çıxsın. Ancaq təəssüf ki, hər bir şəxs, sayt, qəzet, nəşriyyat öz qaydasını tətbiq edir və bu zaman anarxiya və xaos yaranır.
Xarici adların orijinalda olduğu kimi yazılması da xaosun əlamətidir. Bu barədə heç bir dil norması da yoxdur. Lap tutaq ki, belə bir qayda tətbiq edildi və bütün xüsusi isimləri, toponimləri və s. orijinalda yazdıq. მიხეილ სააკაშვილი. Buyurub, oxuya bilərsiz. “Mixail Saakaşvıli” yazılıb, amma gürcü dilində. Bəs 習近平-i tanıyırsınızmı? Si – Tsinpin – Çin Xalq Respublikasının rəhbəri.
Bəs yapon adları necə olacaq? Afrikalı şəxs adlarını tayfa-qəbilə dillərindəmi yazacağıq? Səudiyyə kralının adını ərəb əlifbası ilə oxuyacağıq? Paşinyanın adını yazmaq üçün erməni əlifbasına müraciət edəcəyik? Göründüyü kimi şəxs adlarının orijinalda yazılması mümkünsüzdür. – mümkünsüz olduğu qədər də absurd.
Qaydaya görə isə belə hallarda fonetik prinsip əsas götürülür: söz necə tələffüz edilirsə, o cür də yazılır. Yəni, New York yox, Nyu York. Ya da ‘მიხეილ სააკაშვილი’ yox, Mixail Saakaşvıli…
Ancaq fonetik prinsipdən əlavə, tarixi-ənənəvi prinsip də var. Yəni, alınma söz ədəbi dil tarixinə nə cür düşübsə, o ənənə qorunmalıdır. Buna tiipik misal kimi qonşu ölkələrin paytaxtlarının adlarını misal gətirmək olar: “Tiflis və İrəvan”. Bəli, biz tarixən bu şəhərlərin adlarını bu cür tələffüz etmiş və bu cür yazmışıq. Odur ki, indi də bu ənənəni qorumalıyıq. Əks halda, “Şeyx Sənan”ı oxuyan şagird Tiflisin hansı şəhər olduğunu başa düşməyəcək. Deməli, tarixi-ənənəvilik prinsipi varisliyi də təmin edir.
Bu barədə mülahizələrimizi daha da dəqiqləşdirmək üçün “Almaniya” sözünə müraciət edək. Biz “Almaniya” deyirik, ingilislər “Germany”, fransızlar “Allemagne”. Almanlar isə öz ölkələrini “Deutschland”adlandırırlar. İndi bu halda hansı prinsip tətbiq edilməlidir? Əlbəttə ki, ənənəvilik prinsipi... Yəni, əvvəlcə “Almaniya” demişiksə, indi də “Almaniya” deməliyik. Ancaq orijinal məntiqi ilə yanaşsaq, biz bu ölkəni Almaniya yox, “Deutschland” yəni, “Döyçlant” adlandırmalıyıq.
İndi isə “Karl, yoxsa Çarlz, bəlkə Charles” mübahisəsinə son qoyaq. Bəli, orijinala sadiqlik, tələffüz qaydasına əməl etsək, Çarlz olmalıdır. Ancaq ənənəvi olaraq bu adı Karl kimi tələffüz etmiş və o cür yazmışıq (Tələffüz formasının rus dilindən gəlməsi də vəziyyəti dəyişmir).
Bütün orta və ali məktəb dərsliklərində belə yazılıb: “I Karl öz hakimiyyətini qorumaq üçün parlament ordusu ilə mübarizə apardı, sonda məğlub olaraq edam edildi. İngiltərədə respublika üsul-idarəsi elan olundu. II Karlın dövründə isə İngiltərə monarxiya oldu”. Bütün bu məlumatları tarix kitablarında oxuyan şagird və tələbə İngiltərə taxtına çıxan yeni kralın III Karl yox, III Çarlz olduğunu öyrəndikdə, onlara Karlın əslində “Charles” olduğunumu izah etməliyik?...