Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Çöl” (A.P.Çexov) kitabının təqdimat mərasimi keçirilib.
Bakı Beynəlxalq Kitab Sərgisində baş tutan tədbiri giriş sözü ilə Rusiya Tərcümə İnstitutunun direktoru, yazıçı Yevgeni Rezniçenko açaraq Azərbaycan Dövlət Tərcümə Mərkəzinin bədii tərcümə sahəsinin inkişafına verdiyi əlamətdar töhfələrdən, bu istiqamətdə həyata keçirdiyi beynəlxalq nəşr layihələrinin uğurundan danışıb. Yaxın günlərdə qurumlar arasında imzalanmış Memorandumun Rusiya–Azərbaycan ədəbiyyatlararası mübadilələrin inkişafında mühüm rol oynayacağını qeyd edib.
M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Vadim Polonski bədii tərcümə sahəsinin və tərcüməçi peşəsinin çətinliklərindən bəhs edib. Fərdi yaradıcı istedad, xüsusi qabiliyyət və səbir tələb edən bu çətin və şərəfli sahədə çalışanları “əsl qəhrəman” adlandırıb.
Rusiya Elmlər Akademiyasının Qədim rus ədəbiyyatı şöbəsinin əməkdaşı, filologiya elmləri doktoru Yevgeni Vodolazkin Dövlət Tərcümə Mərkəzi ilə Rusiya Tərcümə İnstitutunun artıq üç ildən çox davam edən sıx əməkdaşlığının nəticəsi olaraq, işıq üzü görmüş nəşrlər və gələcəkdə həyata keçiriləcəyi nəzərdə tutulan növbəti layihələrdən söz açıb.
Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadə çıxışı zamanı “Çöl” povestini orijinaldan Azərbaycan dilinə məharətlə çevirmiş yazıçı Etimad Başkeçidin peşəkarlığından və orijinala sadiqliyindən söz açıb. Dövlət Tərcümə Mərkəzinin məhsuldar və keyfiyyətli fəaliyyətini diqqətə çəkərək tərcümə edilən əsərlərin seçimi və bədii tərcümə səviyyəsini xüsusi qeyd edib.
Tanınmış bədii tərcümə ustası, ədəbiyyatşünas Cavanşir Yusifli Mərkəzin, dünya xalqları ədəbiyyatlarının Azərbaycana gətirilməsi kimi nəcib və xeyirxah missiyanın həyata keçirilməsi istiqamətində təyin etdiyi yüksək səviyyədən danışaraq, qurumun gördüyü işlərlə Azərbaycanda Yeni Tərcümə Məktəbi yaratdığını qeyd edib.
Daha sonra filologiya elmləri doktoru, professor Flora Naci, filologiya elmləri doktoru, professor Nizami Tağısoy, “Çöl” əsərinin tərcümə müəllifi, yazıçı Etimad Başkeçid, Mərkəzin Rusiya, Ukrayna, İsrail və Macarıstanla ədəbi əlaqələr üzrə koordinatoru Püstə Axundova, dünya ədəbiyyatı şöbəsinin müdiri, şair Mahir Qarayev, İnformasiya Departamentinin rəhbəri, yazıçı Yaşar və digərləri nəşrlə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, Rusiya Tərcümə İnstitutunun “Rusiya bədii ədəbiyyatının tərcüməsinə dəstək proqramı” qrant layihəsində “Əsərin seçimi və tərcümə keyfiyyəti” üzrə qalibiyyət qazanmış “Çöl” kitabına Çexovun xatirə və məktublarının toplandığı “Tərcüməçidən”, “Məktublar”, “Xatirələr”, “Tənqidi oçerklər” kimi fəsillər də daxil edilib.
Kitabın redaktoru – tanınmış yazıçı, tərcüməçi Saday Budaqlıdır.
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Center”
“Çıraq” kitab evi
Prezident Aparatının Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü