Qan Turalı
Sabirin “Çatlayır, Xanbacı, qəmdən ürəyim” şeiri “Molla Nəsrəddin” jurnalının 17-ci sayında (26 aprеl 1909) Əbunəsr Şеybani imzası ilə çap edilmişdi.
Jurnalda şеirdən sоnra “Mabədi var” qeydi verilsə də şeirin “mabəd”i yəni davamı olmadı.
Bu gün bu şeirin izi ilə yola çıxacağıq.
Əvvəlcə, şeiri xatırlayaq:
Çatlayır, Xanbacı, qəmdən ürəyim,
Qavışıb lap acığımdan kürəyim.
Nola bir evdə qoyaydız qarabaş,
Verməyəydiz məni bu əbləhə, kaş!
Mən ki, damdan, bacadan baxmaz idim,
Su kimi hər tərəfə axmaz idim.
Günahkar tezliklə tapılır. Günahkar kitabdır:
Nə bilirdik nə zəhrimardı kitab?
Biz olan evdə haçan vardı kitab?
Bir az sonra narazılığın detalları məlum olur:
Vay о gündən ki, məni ad elədiz,
Elə bildiz də ki, dilşad elədiz.
Mən də sandım ki, dönüb bəxtəvərə, --
Gedirəm bir nəfər insana ərə.
Nə bilim boylə də insan varmış,
Şəkli-insanda da heyvan varmış.
Ər oxurmuş da, yazarmış da, atam!
Ər deyil, möhlik azarmış da, atam!
Şeirin sonundakı bədii təsvirlər isə sanki Vudi Allenin filmini xatırladır.
Gah da bir yatsa da vəqtində əgər,
Çəkməyir yuxladığı bir о qədər,
Qəflətən bir də görürsən ki, durur,
Yandırıb lampanı çılpaq oturur;
Başlayır yatdığı yerdə təzədən
Oxuyub yazmağa bir də təzədən.
İndi mətləbə keçək. Bu şeiri Sabir kim üçün yazmışdı?
Əlbəttə hər bir bədii əsəri konkret bir şəxsə calamaq, orda gerçək həyatdan izlər axtarmaq çətin məsələdir və müxtəlif manipulyasiyalara yol açır.
Ancaq söhbət bu şeirdən gedirsə əlimizdə son dərəcə əsaslı bir arqument var.
Seyid Hüseynin 1934-cü ildə “Sabirin bütün əsərlərinə müqəddimə” adı ilə çap edilən məqaləsində oxuyuruq:
“Sabir evləndikdən sonra tamamilə Şamaxıda yerləşib qalmağa məcbur oldu. İldən-ilə onun ailəsi böyüyüyb-artır, uşaqları çoxalırdı. O böyük bir ailənin məişətini təmin etmək üçün şeir və ədəbiyyatdan artıq dərəcədə alış-veriş və dükanla məşğul olurdu. Badamxanımın onun üzərində müəyyən təsiri vardı. O, avam və savadsız bir qadındı. O, şeir və ədəbiyyatın nə olduğunu bilmirdi. O, ata evində, Sabirin dediyi kimi, bir çox şeylər görmüşdüsə də kitab və dəftərin adını eşitməmişdi:
Evimizdə var idi hər nə desən:
Qatıq, ayran ilə qaymaq, nə yesən!
Nə bilirdik nə zəhirmardı kitab?
Biz olan evdə haçan vardı kitab?
Badamı aşiqanə bir qəzəldən, yanıqlı bi mərsiyə və sənətkəranə bir qəsidədən Sabirin evə gətirdiyi bir girvənkə yağ, bir batman un daha artıq maraqlandırır, ona daha artır “bədii” zövq verirdi”.
Sabirlə şəxsən tanış olan Seyid Hüseynin şahidliyi ilə şairin şeiri kimə yazdığı aydın şəkildə ortaya çıxır.
Bəlkə də o şeirin “mabədi” elə bu məqalədir...