Bu il noyabrın 22-də Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Hüseyn Abbaszadənin 100 yaşı tamam olur.
Yaradıcılığa bilavasitə iştirakçısı olduğu II Dünya müharibəsi illərində vətənpərvər ruhlu şeirləri ilə başlayan yazıçı bu mövzuya sonralar da sadiq qalır, zaman-zaman oxucularına Vətən sevgisi, fədakarlıq, igidlik hissləri aşılayan neçə-neçə roman və hekayələr qələmə alır.
Hüseyn Abbaszadənin “General”, “Burulğanlar”, “Ləpədöyəndə”, “Haradansınız, müsyö Abel?”, “Qaradağ əhvalatı”, “Evə kölgə düşür”, “Uzaqdan gələn qonaq” və s. bu kimi əsərləri milli koloriti, həqiqiliyi, hər dövrün oxucusu ilə onun dilində danışmaq bacarığıyla bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.
Əfsanəvi Azərbaycan generalı, tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun igidliyi və hərbi rəşadətindən bəhs edən “General” romanı milli ədəbiyyatımızda hərbi vətənpərvərlik mövzusunda yazılmış nadir sənədli-tarixi əsərlərdəndir.
Ədibin yubileyinə töhfə olaraq Dövlət Tərcümə Mərkəzi tərəfindən ilk dəfə latın qrafikasında ərsəyə gətirilən kitabı yaxın günlərdə Bakının aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Center”
“Çıraq” kitab evi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü.