Qan Turalı
“Fikirlərini yalnız ölülər və dəlilər dəyişmir”. Bu qədim kəlamı Mirzə Cəlil bilirdimi? Bilməsəydi, “Ölülər”dən sonra “Dəli yığıncağı”nı yazmazdı...
“Ölülər”in mövzusu ölüləri diriltmək, “Dəli yığıncağı” dəliləri sağaltmaqdır. Ancaq sonda məlum olur ki, dirilər ölü, dəlilər isə ağıllı imiş...
“Ölülər”də ölülərin dirilməsini istəməyənlər var. Kefli İsgəndər onları belə ifşa edir: “Şeyx Nəsrullah ölülərin dirilmək ixtiyarını qoydu sizin qabağınıza, siz bacılarınızın və övrət-uşaqlarınızın dirilməyinə razı olmadınız. Niyə razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüsünüz; ölən qardaşlarınızın arvadını almısınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz”.
“Dəli yığıncağı”nda Hacı Məhəmmədəli dəliliyi belə izah edir: “O biçarә dәlilәrin ağlını alan o gözә görünmәyәn pәrvәrdigari-alәmdir ki, öz yaratdığı bәndәyә lazım olan yerdә ağlı verir dә, alır da”.
“Ölülər”də bircə diri İsgəndərdir ki, adını Kefli qoyublar.
“Dəli yığıncağı”nda bircə ağıllı Molla Abbasdır ki, adını “Dəli” qoyublar...
Kefli İsgəndər monoloqunda özünü belə təqdim edir: “Elә xәyal elәmәyin ki, mәn sizi pislәyib özümü tәrif etmәk istәyirәm. Yox, yox! Bunu bilirәm ki, mәn heç bir şeyәm. Mәn çöllәrin otuyam, küçәlәrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mәn dünyada heç bir şeyәm. Әgәr mәn bir şey olsaydım, cibimdәn bir bomba çıxarıb (әlini uzadıb cibindәn araq şüşәsini çıxardır), bu evi bir saniyәnin içindә havaya dağıdıb İsfahan lotusunu kәrpiclәrin altında diri-diri dәfn edәrdim. Amma qorxmayın, mәnim әlimdәn elә şeylәr gәlmәz. Bu, araq şüşәsidir vә Şeyx Nәsrullah burada gecәlәr bu balaca uşaqları boğanda mәn bu şüşәdәn araq içәrdim.Yox, yox, o mәnim işim deyil. O, igid işidir. Siztәk camaatın da igidi mәnimtәk olar”.
Molla Abbas isə son sözlərində Pırpız Sonanı qucaqlayıb məramını belə izah edir:
“Neçә ildi özümü bu hala salmışam ki, sәn dәlilәr içindә tәk qalmayasan! Yazıq sәnә dә, yazıq özümә dә! Çünki dәxi bizim günümüz belә keçәcәk vә axırda da divarlar dibindә can verәcәyik. İndi ki getmәdin, getmә. Gedәk biz dә öz yoldaşlarımızın içindә qalaq. Doğrudur, onlar hәzrәtin zühuruna inanmırlar, hәzrәtin zühurunda mayallaq aşırlar, amma, heç olmasa, sәni dә çimdiklәmirlәr”.
Mirzə Cəlilin bu iki pyesində cəmiyyət ölülər və dəli yığıncağından ibarətdir. Bu nizama üsyan edən isə Kefli İsgəndər və Molla Abbasdır ki, cəmiyyətin nəzərində onlar kefli və dəlidir. Əslində isə İsgəndərdən ayıq, Molla Abbasdan ağıllı adam yoxdur...
Şeyx Nəsrullah kərpiclərin altında qalıb ölmür, ancaq Molla Abbasların, Kefli İsgəndərlərin divarların dibində can verəcəyi o qədər aydın görünür ki...
Dəlilərin arvadları öz qayınlarına qoşulub gedəndə Pırpız Sonanın isterik fəryadı cəmiyyətə ünvanlanmış ölüm hökmü kimi səslənir: “Molla Abbas, qorxuram! Molla Abbas, mәni tut, mәn qorxuram! (әllәrini qabağa uzadır vә yalvarır). Molla Abbas, o arvadlar ki öz әrlәrini tullayıb, әrlәrinin qardaşlarına qoşulub gedirlәr, o arvadların ucundan qorxuram dünya vә alәm dağıla, külli-küfan ola. Molla Abbas, qorxuram ulduzlar yerә tökülә (titrәyir). Vay, nәlәr gördüm, Molla Abbas!”
“Ölülər” və “Dəli yığıncağı” çürüməkdə olan cəmiyyətin ittiham bəyannaməsidir.