Elektron ədəbiyyat və sənət portalı

Ədəbiyyatdan başqa əbədiyyət yoxdur.

Bölmə: Azad ərazi 24.11.2022

 

Qan Turalı

 

Sosial medianın, ümumiyyətlə, internetin yaranması ilə bəşəriyyət yeni mərhələyə qədəm qoydu. Ancaq bu yeni mərhələnin özüylə nə gətirəcəyi ciddi sual altında idi: informasiya azadlığı, yoxsa dezinformasiya çirkabı?

 

Mərhələni qiymətləndirmək, bəlkə də, hələ tezdir, proses yeni başlayıb. Ancaq bir tərəfdən informasiyanın, bilgilərin sürətli yayılması, digər tərəfdən isə sosial linçlərin, trolluğun parlaq zəfəri göz qabağındadır.

 

Haradasa Əhriman-Hörmüz qovğası... Döyüş üzücü və uzundur...

 

Lakin bununla belə, bütün neqativ görüntülər yeni bir anlayış yaradıb – Post-truth. Yəni həqiqətin ölüb-itməyi, tənəzzülü...

 

Post-truth həqiqətdən sonrakı mərhələ deməkdir. Deməli, həqiqət artıq yoxdur, ya da həqiqətin heç bir dəyəri yoxdur.

 

2014-cü ildə Oksfordda ilin sözü seçilən “Post-truth” dövrümüzü ifadə edən ən əlamətdar anlayışlardan biridir. Çox təəssüf...

 

Post-truth dövründə həqiqət insanları hər şeydən az maraqlandırır, təəssübkeşlik həqiqətin qarşısına keçir, mənəvi ideallar, bəşəriyyətin min illərdir həsrətində olduğu azadlıq arzuları qara kütlənin qəzəbinə tuş gəlir.

 

Təbii ki, bundan da pis zamanlar olmuşdu, ancaq bundan bərbad zaman olmamışdı. Yalan, tarixin heç bir dönəmində bu qədər güc sahibi deyildi, bu qədər əl-ayaq açmamışdı, bəşəriyyətin ruhuna sirayət etməmişdi.

 

Post-truth tendensiyasının mahiyyəti də bundan ibarətdir. Yəni insanlar həqiqətə yox, inanmaq istədiklərinə inanırlar.

 

Nazım Hikmətin də dediyi kimi:

“Yalanla bəsləyirlər sizi,

Halbuki acsınız,

Ətlə-çörəklə bəslənməyə möhtacsınız”.

 

Ancaq həqiqət tamamilə qeyb ola bilməz. Çünki bəşəriyyət onun zəfəri uğrunda amansız mübarizələr aparıb, böyük qurbanlar verib, misilsiz fədakarlıqlar göstərib.

 

Bəzən fikir adamları həqiqət uğrunda ölümə gediblər, bəzən soyuq zindanlar, bəzən də qaynar tonqallar onların son mənzili olub.

 

Sokrat həqiqət yolunda baldırğan zəhəri içmişdi, Nəsimi diri-diri soyulmağı gözə almışdı, Cavid sürgündə ölmüşdü, Müşfiq güllələnəndə heç 30 yaşı da yox idi.

 

Post-truthla zəhərlənən dünyanın yeganə zərdabı ədəbiyyatdır. Başqa heç nə...

 

Çünki ədəbiyyat yaradılanı Yaradanı sevməyi insana öyrədir. Çünki ədəbiyyat “insana insan olduğunu xatırladır”. Çünki ədəbiyyat irqindən, dilindən, dinindən asılı olmayaraq küll halda bəşəriyyəti birləşdirən ən ali dəyərdir. Ədəbiyyatdan başqa heç bir şüur forması bu qədər universal deyil.

 

Tanrı da insanlara kitabla, əsərlərlə müraciət edir və bununla insan şüurunda və ruhunda mənəvi intibah yaradacağını bilir.

 

Bəli, bəlkə də, bu gün ədəbiyyat bu informasiya selində, bayağı videolar, rəngbərəng şəkillər dənizində çox da gözə dəymir. Amma bəşəriyyətin bu gün hər şeydən çox ədəbiyyata ehtiyacı var.

 

Ədəbiyyat indiyə qədər milyonlarla fərdi nadanlığın caynağından, yalanın girdabından xilas edib. İndi bəşəriyyəti xilas etməlidir.

 

Ədəbiyyatdan başqa əbədiyyət yoxdur.