Qan Turalı
Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə Azərbaycan SSR-in tərkibində yaradılan, 1991-ci ilin noyabrında Azərbaycan Respublikası tərəfindən ləğv edilən inzibati ərazi vahididir.
Bu ərazinin tarixən də Azərbaycanın tərkibinə aid olduğu mübahisəsizdir.
BMT Nizamnaməsinin 2-ci bəndinə görə də dövlətlərin ərazi bütövlüyü toxunulmazdır.
Ancaq 1988-ci ildən bu yana Dağlıq Qarabağ ərazisində separatçı rejim bərqərar olmuş, bu rejim beynəlxalq hüquq prinsiplərinin əleyhinə fəaliyyət göstərmiş, onun müstəqilliyini isə nəinki dünyanın hansısa bir ölkəsi, hətta bu işğalın əsas faktoru olan Ermənistan dövləti belə tanımamışdır.
Azərbaycan ordusunun zəfərindən sonra da bu ərazinin bir hissəsində oyuncaq dövlətin varlığı davam etdirilir.
İşğal bölgələri isə bütün dünya üçün bir təhlükə mənbəyidir.
Çünki mərkəzi və beynəlxalq nəzarət zəif olduğundan bu bölgələrdə hər növ cinayətkar fəaliyyət üçün münbit şərait var.
Bu bölgələr narkoticarət, qaçaqmalçılıq, adam oğurluğu, eləcə də insanlıq əleyhinə olan cinayətlər üçün çox əlverişlidir.
“Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqları da bu bölgədə yerləşir.
Beynəlxalq hüquqda işğalçı qüvvənin faydalı qazıntı yataqlarını istismar etməsi hüquqazidd hərəkət kimi qiymətləndirilir.
Ancaq Rusiya sülhməramlıları Azərbaycanın faydalı qazıntılarının separatçı rejim tərəfindən istismar edilməsi kimi aşkar beynəlxalq hüquqazidd cinayətin törədilməsinə, sadəcə, seyrçi qismində qalır.
Bu yataqların qanunsuz şəkildə istismar edilməsi, mədənlərdən hasil edilən qiymətli metalların Ermənistana daşınması təkzibedilməz faktlarla, o cümlədən videogörüntülərlə tam sübuta yetirilib.
İşğal, beynəlxalq hüquqda silahlı qüvvələrin zor gücünə özlərinə aid olmayan əraziləri ələ keçirməsi kimi ifadə edilir.
Hüquqda işğalla bağlı əhəmiyyətli olan digər məqam isə idarəetmə funksiyasının mənimsənilməsi deməkdir.
Şuşada keçirilən aksiyada da məqsəd beynəlxalq hüququn tələbləri çərçivəsində “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında Azərbaycan Respublikasının nəzarətinin təmin edilməsidir.
Rus sülhməramlıları mandatlarından irəli gələn vəzifələri yerinə yetirmədiklərindən Azərbaycan Respublikasının müvafiq qurumlarının ərazidə monitorinq aparmasına şərait yaratmırlar.
Ancaq aksiyaya göstərilən beynəlxalq diqqət onun öz hədəfinə çatdığını və Azərbaycanın haqlı tələblərinin beynəlxalq platformalarda güclü şəkildə vurğulandığını da göstərir.
Bundan başqa, aksiyanın mühüm bir tarixi-siyasi nəticəsi də var.
Məlum olduğu kimi, 1992-ci ilin mayında Laçın rayonu işğal edilmiş və nəticədə separatçı rejimlə Ermənistan arasında əlaqəni təmin edən yeganə yol olan Laçın koridoru Azərbaycan Respublikasının nəzarətindən çıxmışdı.
Ancaq 30 ildən sonra ilk dəfə Azərbaycan vətəndaşları bu yola nəzarət edərək faktiki şəkildə Laçın koridorunda Azərbaycan Respublikasının idarəçiliyini, Azərbaycan xalqının ali iradəsini təmin etdilər.
Məhz bundan sonra XİN-in müvafiq bəyanatında da vurğulandığı kimi, rus sülhməramlıları Xankəndiyə gedən yolu bağladılar.
Qeyd edilən bəyanatda vurğulandığı kimi, “Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək”.
Aksiyanın ekoloji tələblərlə aparılması, güc tətbiq edilməməsi, aydın tələblərə malik olması kimi məqamlar onun dünya siyasətində “yumşaq güc”ün tətbiqinin ən uğurlu nümunələrindən birinə çevrildiyini göstərir.
Məlum olduğu kimi, Azərbaycan tərəfi erməni vətəndaşlarını blokadaya salmaq istəməyərək onlara humanitar yardım göstərilməsini belə təklif etmiş və əsas tələblərin Azərbaycan Respublikasının bölgəyə nəzarətini təmin etmək olduğunu vurğulamışdır.
Bu uzaqgörən və rasional ictimai-siyasi addımın Azərbaycanın uğurlu siyasətinin mühüm bir mərhələsi olduğuna şübhə yoxdur.
14 dekabr
Şuşa şəhəri