Elektron ədəbiyyat və sənət portalı

İncəsənətin iqtisadi qüdrəti

Bölmə: Art 22.12.2022

 

Qan Turalı

 

1933-cü il... Amerika Birləşmiş Ştatlarında böyük böhran... Dəhşətli iqtisadi tənəzzül... Milyonlarla insan ac və işsizdir. Müharibə qapıya dirənib. Səmada barıt, yerdə isə yoxsulluq qoxusu...

Ən dəhşətlisi isə odur ki, təkcə yaşamaq imkanları yox, ümidlər də tükənib. Nəinki sabaha, heç axşamın özünə də inam qalmayıb. 13 milyon işsiz amerikalı bu sonsuz çarəsizliyi bölüşür.

Və belə bir vəziyyətdə Franklin Delano Ruzvelt ABŞ Prezidenti seçilir. Amerikanın hələ Amerika olmadığı illər...

Ruzvelt seçkilərdə qalib gələn kimi dərhal sürətli iqtisadi inkişaf proqramları tətbiq etməyə başlayır, işsizlik azalmağa doğru gedir. Ancaq incəsənət xadimləri hələ də yoxsulluq içindədir.

Həmin günlərdə Ruzvelt universitetdə tələbə yoldaşı olmuş incəsənət xadimi və vəkil Georgi Bidldən bir məktub alır. Dostu ona Meksika nümunəsinə istinad etməklə dövlət idarələrinin divarlarına rəsmlər çəkdirməyi təklif edir. Bunun sayəsində minlərlə rəssam işlə təmin olunur. Söhbət təkcə divar rəsmləri – freskalardan getmirdi. Layihə nəticəsində 15 mindən çox tablo, heykəl və digər incəsənət nümunələri hazırlandı. 3500 rəssamın istedadı və zəhməti ilə hazırlanan bu bədii nümunələr Amerikanın yeni yaranan mədəniyyətinin inkişafında mühüm rol oynadı.

Əsərlərin əsas mövzusu ABŞ-ın çox da uzun olmayan tarixi, müharibə qəhrəmanları, eləcə də adi həyat mənzərələrini əks etdirirdi. Bu əsərlər sayəsində ABŞ-ın yeni üslublu hökumət binaları yeni görkəm aldı.

Proses uğurla davam etdikcə növbəti layihələr, istiqamətlər yaranırdı. Məsələn, o dövrün məşhur yazıçısı Teodor Drayzer dövlətə ədəbiyyat jurnallarını maliyyələşdirməsini təklif edirdi. Teatrşünaslar səyyar teatrlar vasitəsilə xalqda bu sənətə məhəbbət yaratmaq istəyirdi. Musiqiçilər isə bəstəkarlara və ifaçılara qonorar ödənilməsini daha münasib sayırdı.

Bu işlər üçün büdcədən 5 milyard dollar vəsait ayrılmışdı. Bu vəsait indiki kursla dəfələrlə böyük bir rəqəmi ifadə edir. Layihə 1943-cü ilə qədər davam etdi.

Layihələrin icrasında əsas məqsəd incəsənət xadimlərinin məşğulluğunu təmin etmək olsa da, proses zamanı digər böyük faydalar da ortaya çıxdı. Hər şeydən əvvəl, amerikalıların incəsənətlə təması təmin edildi, milyonlarla amerikalı rəsmlərə baxmağa, kitabları oxumağa, teatr tamaşalarına getməyə başladı. İncəsənətlə xalq arasında olan pərdə qalxdı, insanlarda zövqlər formalaşmağa başladı.

Amerikalı şüurunun, təfəkkürünün və ruhunun inkişafı üçün bu on il xüsusi əhəmiyyət daşıyır. ABŞ-ın II Dünya müharibəsindən sonra böyük iqtisadi sıçrayışının təməlində məhz ali sənət nümunələri ilə formalaşmış xalqın dayandığı şəksiz bir həqiqətdir.