“QARA RAHİB” – SİRLİ TƏŞRİF
May ayının əvvəllərində Ramiz Rövşənlə bədii söz, onun təsir gücü ilə bağlı baş tutan söhbət əsnasında mən ədəbiyyatın, az qisim əsərləri çıxmaq şərtilə, artıq əvvəlki gücə və sirayət qabiliyyətinə malik olmadığı, bir vaxtlar ağrı və əzablarının həqiqiliyi ilə, az qala şüuraltımıza hopmuş “Hərb və sülh”, “Anna Karenina”, “Qırmızı və qara”, “Ovod”, “Madam Bovari” kimi dünya ədəbiyyatı şedevrləri sayılan romanların belə, istifadə müddəti başa çatmış köhnə məhsullartək təsirini və əhəmiyyətini itirdiyi ilə bağlı fikirlərimi bildirərkən həmsöhbətim əvvəlcə razılaşmadı, məni bu “yanlış mövqedən” daşındırmağa, böyük ədəbiyyatın əbədi və dəyişməz gücünə inandırmağa çalışdısa da, gətirdiyim bir sıra nümunələrdən və izahlardan sonra, axır ki, anlaşdıq.
Sonra nə baş verdisə, bir müddət hər ikimiz ali və müqəddəs olan nəyisə əlimizdən salıb qırmıştək xof dolu qəribə bir ehtiyatla mövzu ətrafında dolaşmağa, sanki kimin, ya kimlərinsə ölümünə çıxardığımız bu amansız “hökm”ə bəraət qazandırmaqdan ötrü məsələni müxtəlif baxış bucaqlarından, ədəbi improvizələr və pauzalarla o üz-bu üzə çevirib çözməyə başladıq. Bu əsnada, sanki mövzunu bir az da xırdalamaq üçün havaya atdığım: “Amma bax, məsələn, Çexovu bu siyahıya salmazdım”, – sözümdən Ramizin üzünün birdən-birə anlaşılmaz, gizli bir sinirlə gərildiyini, gözlərinin pərt bir əsəbiliklə yığıldığını sezib söhbəti dəyişmək istədimsə də, o: “Məncə, elə o da həmin qəbildəndi”, – deyib susdu... və mən elə həmin dəqiqə Ramizin nədən sinirləndiyini, sinirinin səbəbinin onun sevimli yazıçılarından hansı birininsə həmin o “istifadə müddəti başa çatmış əsərlər” siyahısına düşməsi olduğunu anladım.
Ortaya dərin bir sükut çökdü... Mən yaddaşımı gərib Çexovun əsərlərini, vaxtı ilə hədsiz təsirləndiyim “Albalı bağı”nı, “Üç bacı”nı, “Qağayı”nı, xoşbəxtliyi, bədbəxtliyi, yalanı və həqiqəti sualtı donuqluğu andıran darıxdırıcı həyatlarının hansısa alt qatlarında axtaran qəhrəmanlarını, onların romantik dərdlər və mətləblər dolu cansıxıcı söhbətlərini, hətta bir vaxtlar oxuyub sarsıldığım “6 nömrəli palata”nın ağıllı dəlilərini xatırladım... və Çexovla vidalaşırmış kimi, acı bir təslimlə: “Hə... – dedim, – məncə də”.
Söhbətin sabahı günü adətim üzrə gəzintiyə çıxdığım səhər saatlarında qulaqcıqlarımı taxıb, dünən audiomətnini yarımçıq saxladığım “Karamazov qardaşları”nın 6-cı fəslinin ardını dinləməyə hazırlaşırdım ki, qəfildən telefonun ekranına dərin qaranlıqlardan sivrilib suyun üzünə çıxantək gələn Çexovun kədərli şəklindən və şəklin altında audiomətni verilmiş əsərin qara, yağlı şriftlə yazılmış “Çyornıy monax” (“Qara rahib”) adından çaşıb qaldım. Həyəcandan nəfəsim tutula-tutula Ramizlə dünənki söhbətimizi, təsir və sirayət gücünü itirmiş əsərlər siyahısını, müzakirənin Çexovla bitən kədərli sonluğunu xatırlayıb ayaq saxladım...
Bu sirli mesajın kimdən gəldiyini, yaradıcı külliyyatına yaxından bələd olduğumu düşünsəm də, hansı səbəbdənsə oxumadığım bu əsərin dünənki “məhkəmənin” sonunda çıxarılan amansız qərara cavab olaraq göndərildiyini anlamağa başladıqca boğazımın qəhərdən sıxıldığını, başımın əlçatmaz yüksəkliklərə qalxmıştək hərlənməyə, gözlərimin qaralmağa başladığını hiss etdim... telefonun ekranından qəribə bir hüznlə mənə baxan Çexovun şəklinə ehtiyatla toxunub əsəri açdım və bütün vücudum uçuna-uçuna dahi aktyor İnnokentiy Smoktunovskinin ifasında səsləndirilən bu misilsiz şedevri dinləməyə başladım...
A.Məsud
QARA RAHİB
Tərcümə – Afaq Məsud
I
Magistr Andrey Vasilyeviç Kovrin çox yorulmuş, əsəblərini pozmuşdu. O, müalicə almırdı, amma bir dəfə, necəsə, tanış bir həkimlə çaxır içərkən söhbətarası xəstəliyindən söz açmışdı, o da ona yaz və yay aylarını kənddə keçirməyi məsləhət görmüşdü. Elə həmin ərəfədə də o, Tanya Pesotskayadan uzun bir məktub almışdı. Tanya onu Borisovkaya qonaq dəvət edirdi və o qərara gəldi ki, həqiqətən də, havasını dəyişsə, pis olmazdı.
Əvvəlcə apreldə o, ata-baba yurdu Kovrinkaya yollandı və orada tək-tənha düz üç həftə qaldı; havalar düzəlib, yollar açılanda isə faytonla keçmiş hamisi və tərbiyəçisi, Rusiyanın tanınmış bağçısı Pesotskigilə yollandı.
Kovrinkadan Pesotskilərin yaşadığı Borisovkaya qədər yetmiş verstdən çox olmazdı və bahar çağı rahat, yaylı faytonda yumşaq torpaq yolla səfər etmək, sözün əsl mənasında, ləzzət verirdi.
Pesotskinin evi nəhəng idi, suvağı tökülmüş şir heykəlləri və sütunlar dolu girişinin qarşısında frak geyinmiş lakey dayanırdı. İngilis üslubunda salınmış qədim, qaraqabaq park evdən bir qədər aralıda axan çaya qədər az qala bir verst uzanır, açıqda qalmış kökləri tüklü heyvan pəncələrini xatırladan şam ağacı dolu, sıldırımlı, gilli sahildə bitirdi; aşağıdan kimsəsiz sakitlikdə bərq vuran suların və narazı cüllütlərin civilti səsləri eşidilirdi. Bir sözlə, buraların hər zamankı rahatlıq dolu, ballada yazmalı ab-havası... Evin yaxınlığında – istixanalarıyla bir, otuz desyatinə yaxın ərazini tutan meyvə bağında isə hər zaman, ən pis havalarda belə, şən və gümrah ovqat hökm sürürdü.
Pesotskinin bağında olan gül bolluğunu – bu gözəllikdə qızılgülləri, kameliyaları, dümağından tutmuş kömür kimi qarasına qədər müxtəlif rəngli zanbaqları bir arada görmək bu yaşına qədər Kovrinə nəsib olmamışdı.
Bahar yenicə gəlmişdi və gül-çiçək bolluğunun əsl ehtişamı hələ üstü bağlı istixanalarda gizli qalmaqda idi. Amma xiyabanın ləklərini dolduran gül-çiçək kifayət idi ki, bağda gəzişərkən özünü zərif rənglər səltənətində hiss edəsən.
Bağın dekorativ hissəsi, Pesotskinin etinasız bir laqeydliklə “boş şey” adlandırdığı mənzərələr hələ lap uşaqlıq çağlarında Kovrinə nağıllar dünyasını xatırladırdı. Burada nələr, hansı qəribəliklər, təbiət üzərində aparılan hansı təcrübələr və nadir eybəcərliklər yox idi?! Meyvə ağaclarından düzəldilmiş şpalerlər[1], qovaq ağacı şəklinə salınmış piramida quruluşlu armud ağacı, şarabənzər palıd və cökə ağacları, alma ağacından düzəldilmiş iri çətir, tağlar, venzellər[2], şamdanlar və hətta Pesotskinin bağ təsərrüfatı fəaliyyətinə başladığı tarixi gavalıların düzülüşü ilə bildirən “1862” rəqəmi... Burada palma ağacının gövdəsitək dümdüz və möhkəm gövdəli yaraşıqlı ağaclara rast gəlinirdi ki, yalnız diqqətlə baxanda bunun motmotu, yaxud qarağat olduğu bilinirdi. Bağı ən çox şənləndirib canlandıran buradakı daimi hərəkətlilik idi. Sübh tezdən axşamacan ağacların, kolların, ləklərin arasıyla əlləri toxa, ləyən, əl arabaları dolu adamlar qarışqatək qaynaşırdılar...
Kovrin Pesotskigilə axşam saatlarında saat ona işləyəndə çatdı. Tanya və Yeqor Semyonıç təşviş və həyəcan içində idilər. Belə məlum oldu ki, aydın, ulduzlu səma və termometr səhər saatlarında şaxta olacağını bildirirdi, bağban İvan Karlıç isə şəhərə getmişdi və ondan savayı bel bağlanası adam yox idi.
Şam süfrəsi arxasında söhbət yalnız sübh ayazından getdi və belə qərara alındı ki, Tanya gecə yatmasın, saat on ikidən sonra bağa çıxıb hər şeyin öz qaydasında olub-olmadığını yoxlasın, Yeqor Semyonıç isə saat üçdə, yaxud daha tez oyansın.
Kovrin bütün axşamı Tanya ilə oturdu, gecədən bir xeyli keçmiş isə onunla birgə bağa yollandı. Hava soyumuşdu. Həyətdən yanıq iyi gəlirdi. Yeqor Semyonıça ildə bir neçə min rubl xalis gəlir gətirən “kommersiya bağı” deyilən meyvə bağı, ağacları və onlardan əldə olunacaq gəliri şaxtadan qoruyacaq qapqara, qalın tüstüyə bürünmüşdü. Buradakı ifrat dəqiqlik, gövdə və çətirləri bir-birindən fərqlənməyən eyniölçülü ağacların əsgər sırası ilə damalı düzülüşü mənzərəni monoton, hətta darıxdırıcı edirdi.
Kovrinlə Tanya saman, quru təzək və çör-çöp qalağının közərdiyi ocaqların cərgələri arasından ötür, ara-sıra tüstü dumanının içi ilə kölgətək yeriyən işçilərlə üz-üzə gəlirdilər. Təkcə albalı, gavalı və bəzi alma ağacları çiçəkləmişdi, bütün bağ isə tüstü dumanının içində idi və yalnız tingliyə çatanda Kovrin sinədolusu nəfəs aldı:
– Mən hələ uşaq ikən burada tüstüdən asqırırdım, – deyib çiyinlərini çəkdi, – amma hələ də başa düşə bilmirəm ki, tüstünün şaxta ilə nə əlaqəsi var.
– Tüstü buludları əvəzləyir, – Tanya dedi, – yəni buludlar olmayanda.
– Buludların bura nə dəxli var?
– Buludlu, dumanlı havalarda şaxta olmur.
– Belə de! – Kovrin deyib güldü və qızın əlindən tutdu.
Tanyanın soyuqdan qızarmış, nazik, qaraqaşlı, ciddi üzünə, paltosunun, başını sərbəst tərpətməyə imkan verməyən dik yaxalığına və ümumiyyətlə, ətəyi, şehdən islanmasın deyə bir kənara yığılmış bu incə qamətli, yaraşıqlı qıza baxdıqca Kovrinin ürəyi açılırdı.
– İlahi, qızımız artıq böyüyüb! – Kovrin dedi. – Mən sonuncu dəfə buradan gedəndə – düz beş il əvvəl siz lap uşaq idiniz. Arıq, çəlimsiz, saçları dağınıq, balaca bir qız... əyninizdə də paltar... Mən sizi cırnatmaqdan ötrü “cüllüt” çağırırdım. Zaman nələr edir!
– Hə, beş il... – Tanya köksünü ötürdü. – O vaxtdan çox sular axıb... – sonra qəfildən onun üzünə dikilib qəribə bir həyəcanla: Andryuşa, düzünü deyin, siz bizdən soyumusunuz? Amma heç bunu soruşarlar? Axı siz kişisiniz, maraqlı həyatınız var, siz böyük adamsınız... Təbii ki, soyumusunuz. Amma, Andryuşa, necə də olsa, çox istəyərdim, bizi öz doğmanız biləsiniz. Məncə, bizim buna haqqımız da var, – dedi.
– Mən elə də bilirəm, Tanya.
– Doğrudan? Düz sözünüzdü?
– Bəli, düz sözümdür.
– Bu gün siz təəccüblənirdiniz ki, bizdə çoxlu şəkilləriniz var. Amma axı özünüz bilirsiniz, atam sizi necə sevir. Bəzən mənə elə gəlir ki, o sizi məndən çox istəyir. O sizinlə fəxr edir. Siz alimsiniz, qeyri-adi insansınız, özünüzə parlaq karyera qurmusunuz və o düşünür ki, bütün bunlarda onun da əməyi var. Mən ona belə düşünməyə mane olmuram. Qoy elə bilsin.
Artıq səhər açılırdı və bu, ələlxüsus bağdan qalxan tüstü burumlarının və ağacların tacının havada aydın görünməsindən bilinirdi. Bülbüllər oxuyur, çöllərdən bildirçin səsləri eşidilirdi.
– Artıq yatmaq vaxtıdır. – Tanya dedi. – Həm də soyuqdur... – və onun qoluna girdi. – Andryuşa, çox sağ olun ki, gəldiniz. Bizim, az da olsa, tanışlarımız var, amma onlar çox darıxdırıcı adamlardır. Bizim işimiz səhərdən axşamacan bağ, bağ, bağ... və daha heç nə. Ştamp, yarımştamp... – o güldü, – aport, ranet, calaq, peyvəndləmə... Bütün həyatımız bu bağa qulluqda keçdi. Mən hətta yuxularımda belə, alma-armuddan savayı heç nə görmürəm. Bütün bunlar, əlbəttə, çox yaxşı, faydalı işlərdir, söz yox, amma bəzən insanın ürəyi dəyişikliklər də istəyir. Yadıma gəlir, hərdən siz tətildə, yaxud elə-belə bizə gələndə ev sanki çilçırağın, mebellərin örtükləri çıxarılmış kimi işıqlanır, elə bil təzələnirdi... Onda mən lap uşaq idim, amma bunu anlayırdım.
Tanya şövqlə danışırdı və Kovrinin, nədənsə, ağlına belə bir fikir gəldi ki, bütün yay boyu bu balaca, çəlimsiz, dilli-dilavər məxluqa bağlana, ona başı qarışa və hətta vurula bilər... Hər ikisinin indiki halında bu, o qədər təbii və mümkün bir məsələ idi ki! Bu fikirdən ürəyi açıldı, həm də gülməyi tutdu, başını qızın yaraşıqlı və qayğılı üzünə yaxınlaşdırıb asta səslə oxumağa başladı:
Onegin, gizləmək istəmirəm,
Tatyananı dəli kimi sevirəm...
Onlar evə qayıdanda Yeqor Semyonıç artıq yuxudan oyanmışdı. Kovrin yatmaq istəmirdi; o, qoca ilə söhbətə girişdi və onunla birgə yenidən bağa qayıtdı.
Yeqor Semyonıç hündür boylu, enlikürək, yekəqarın bir adam idi, təngnəfəslikdən əziyyət çəkirdi, amma daim elə bir sürətlə yeriyirdi ki, ona çatmaq olmurdu. Hər zaman hədsiz qayğılı görünür, hey harasa tələsir, elə tələsirdi, elə bil bircə dəqiqə geciksəydi, hər şey məhv olacaqdı.
– Hə, qardaş, məsələ belədi... – o, nəfəsini dərmək üçün ayaq saxladı. – Torpağın üzü, gördüyün kimi, donub, amma termometri taxtanın ucunda torpağın səthindən iki sajen yuxarı qaldır, görəcəksən ki, orada ilıqlıq var. Nədəndi bu, görən?
– Düzü, bilmirəm, – Kovrin dedi və güldü.
– Hm... Hər şeyi bilmək, əlbəttə ki, mümkün deyil... Zəka nə qədər geniş olsa belə, hər şeyi ora yerləşdirə bilməzsən. Bir də axı, səninki daha çox fəlsəfədi, hə?
– Hə. Psixologiyanı oxuyuram, ümumiyyətlə isə fəlsəfə ilə məşğul oluram.
– Darıxdırmır?
– Əksinə, mən yalnız onunla nəfəs alıram.
– Nə deyirəm, xeyirlisi... – Yeqor Semyonıç çal saqqalını fikirli halda tumarlaya-tumarlaya dedi. – Allah köməyin olsun... Mən sənə görə çox şadam... şadam, qardaş...
Birdən nə baş verdisə, o, sakitliyə diqqət kəsildi, üzü qorxunc ifadə aldı, harasa, kənara qaçıb ağacların arxasında, tüstü dumanının içində yoxa çıxdı.
Bir qədər sonra uzaqdan onun tük ürpədən, yanıqlı fəryadı eşidildi:
– Kim bu atı alma ağacına bağlayıb? Hansı yaramaz atı alma ağacına bağlamağa cəsarət edib? Ay Allah, ay Allah! Axırına çıxdılar, məhv elədilər, murdarladılar! Bağ məhv oldu! Batdı bağ! Ay Allah!
Kovrinin yanına qayıdanda qocanın üzündə təhqir olunmuş, üzgün bir ifadə vardı. Qollarını yana açaraq ağlar səslə:
– Neyləyəsən, bu lənətə gəlmiş xalqı necə başa salasan axı? – dedi. – Styopka gecə peyin gətirib, atı da alma ağacına bağlayıb! Əclaf yüyəni elə bərk sıxıb ki, ağacın gövdəsi üç yerdən sürtülüb. Nə qədər demək olar? Xeyri yoxdu, mal kimi dayanıb gözlərini döyür! Assan da azdı yaramazı!
Bir qədər sakitləşdikdən sonra o, Kovrini qucaqladı, yanağından öpdü və astadan:
– Nə deyirəm, xeyirlisi... – dedi. – Gəlməyinə çox şadam. Hədsiz şadam... Sağ ol ki, gəldin.
Sonra həmin yeyin addımlarla qayğılı halda bütün bağı dolaşdı, bütün oranjereya və tinglikləri, yeraltı su anbarlarını və “əsrimizin möcüzəsi” adlandırdığı iki arı pətəkliyini keçmiş şagirdinə göstərdi.
Onlar gəzib-dolaşana qədər artıq Günəş qalxmışdı və bağı parlaq işığa bürümüşdü. Hava da bir qədər isinmişdi. İrəlidən günəşli, şən və uzun bir günün yaxınlaşdığını duyan Kovrin hələ mayın əvvəli olduğunu, eynilə belə günəşli, şən və uzun yay günlərinin hələ qabaqda olduğunu düşündü və birdən-birə köksündə uşaqlıq çağları həmin bu bağda oynayarkən duyduğu sütül sevinc hissinin titrəyişini hiss etdi. Qocaya sarı dönüb bu dəfə onu özü qucaqladı və nəvazişlə öpdü. Sonra hər ikisi təsirlənmiş halda evə dönüb, qədim çini fincanlarda doyumlu, qaymaqlı krendellərlə[3] çay içməyə başladılar və bütün bu xırdalıqlar da yenə Kovrinin yadına uşaqlıq və yeniyetməlik illərini saldı. Parlaq bu günün və onun içində oyanan keçmişin təəssüratları bir-birinə qarışdı... bütün bu qarma-qarışıqlıqdan ürəyi sıxıldısa da, içində qəribə bir rahatlıq da duydu.
Kovrin Tanyanın yuxudan oyanmasını gözlədi, onunla bir neçə fincan qəhvə içib, bağda gəzişdikdən sonra öz otağına qayıtdı və yazı masasının arxasına keçdi.
O, diqqətlə oxuyur, qeydlər aparır, ara-sıra gözlərini mütaliədən ayırıb açıq pəncərələrdən görünən mənzərələrə, yaxud masanın üstünə qoyulmuş güldanlardakı şehli çiçəklərə baxmaqdan ötrü yuxarı qaldırır, sonra yenidən kitabın üzərinə endirir, hər bir damarının həzz dolu nəşə ilə titrəyib, sanki rəqs etdiyini duyurdu.
[1] Şpaler – yolun hər iki tərəfində əkilmiş ağac və ya kolların budama yolu ilə şəkilləndirilməsi
[2] Venzel – monoqram (ad və soyadların baş hərflərinin bir-birinə keçirilərək naxışlı yazılışı)
[3] Krendel – bulka növü
II
O, kənddə də şəhərdəki həmin o gərgin və narahat həyatını yaşamağa davam edirdi. Çox oxuyur, yazır, italyan dilini öyrənir, gəzintilər zamanı isə qəribə bir məmnunluqla tezliklə yazı masasının arxasına keçəcəyi barədə düşünürdü. O qədər də az yatırdı ki, hamı təəccüb içində qalırdı; məsələn, əgər təsadüfən günorta yarım saatlığa yuxulasa, sonradan bütün gecəni yatmır, ertəsi gün özünü, heç nə olmayıbmış kimi, gümrah və rahat hiss edirdi. Çox danışır, çoxlu şərab içir, bahalı siqarlar çəkirdi.
Pesotskigilə tez-tez, demək olar, hər gün qonşu xanımlar qonaq gəlir, Tanya ilə birlikdə royalda çalır və oxuyurdular. Ara-sıra burada ayrı bir qonşu da – yaxşı skripka çalan, cavan bir oğlan da qonaq olurdu. Kovrin onların ifalarını acgözlüklə dinləyir, mahnı və musiqilərə qulaq asdıqca heydən düşür, bu halı gözlərinin öz-özünə yumulmasından, başının çiyninə enməsindən bilinirdi.
Bir axşam çay süfrəsindən sonra Kovrin eyvanda oturub kitab oxuyurdu. Həmin vaxt qonaq otağında Tanya – soprano, qızlardan biri – kontralto və cavan qonşu oğlan skripkada Braqanın məşhur serenadasını məşq edirdilər. Kovrin mahnının sözlərinə diqqət kəsildi – bu, rus kəlmələri idi, amma mənasını heç cür anlaya bilmədi. Axırda kitabı bir kənara qoyub, ifanı diqqətlə dinləməyə başladı və anladı: xəstə təxəyyüllü bir qız gecə bağda qəribə, sirli səslər eşidir... o dərəcədə qəribə və ecazkar səslər ki, onların – adi, ölümlü bəndələrin anlamaq iqtidarında olmadığı və bu səbəbdən, yenidən geriyə – göylərə qayıdan müqəddəs harmoniya olduğunu etiraf etməli olur.
Kovrinin göz qapaqları bir-birinə yapışmağa başladı. O, ayağa qalxdı və heysiz halda qonaq otağında, sonra zal boyu var-gəl etdi. Mahnı bitəndən sonra Tanyanın qoluna girib onunla birlikdə eyvana çıxdı.
– Bu gün səhər tezdən məni haradansa yadıma düşən bir əfsanə düşündürür, – dedi. – Yadıma sala bilmirəm, haradasa oxumuşam, ya kimdənsə eşitmişəm... amma bu, çox qəribə, hər hansı məntiqə sığmayan, əcaib bir əfsanədir. Əvvəla, deyim ki, onun mənası bir o qədər aydın deyil. Deməli, min il bundan əvvəl hansısa qara paltarlı rahib səhra ilə yol gedirmiş... haradasa – Suriyada, ya Ərəbistanda... Rahibin yol getdiyi həmin o yerdən bir neçə mil aralıda balıqçılar gölün üzəri ilə aramla irəliləyən digər bir qara rahib görürlər. Həmin bu ikinci rahib ilğım imiş. İndi, deyəsən, əfsanənin nəzərə almadığı bütün optik qanunları unudun və ardına qulaq asın. Deməli, həmin o ilğımdan digər bir ilğım, ondan üçüncüsü əmələ gəlibmiş və belə-belə, həmin bu qara rahibin obrazı fasiləsiz şəkildə atmosferin bir qatından o birinə keçməyə başlayıbmış. Onu gah Afrikada, gah İspaniyada, gah Hindistanda, hətta Uzaq Şimalda belə, görənlər olubmuş... Nəhayət, o, Yer atmosferinin hüdudlarından çıxmış... və deyilənə görə, indi, necəsə, heç cür sönüb yox ola biləcəyi şəraitə düşmədən kainatda dolaşmaqdadır. Ola bilsin, indi onu haradasa Marsda, yaxud Cənub Xaçı bürcünün hansısa ulduzunda görənlər var. Lakin əfsanənin əsas məğzi və mahiyyəti bundadır ki, əzizim, həmin o ilğım rahibin səhra ilə yol getdiyi zaman kəsiyindən düz min il sonra yenidən Yerin atmosferinə düşəcək və insanlara görünəcək. Və guya ki, həmin o min il artıq başa çatmaq üzrədir... Əfsanənin mənasına görə, qara rahibin təşrifini biz bu günə, ya sabaha gözləməliyik.
– Qəribə ilğımdır, – Tanya dedi. Əfsanənin xoşuna gəlmədiyi gözlərinin dalğın ifadəsindən bilinirdi.
– Və hər şeydən heyrətamiz olanı budu ki... – Kovrin güldü, – mən bu əfsanənin haradan yadıma düşdüyünü heç cür xatırlaya bilmirəm. Haradansa oxudum, ya kimdənsə eşitdim?.. Yoxsa qara rahib yuxuma girdi? Allaha and olsun, xatırlaya bilmirəm. Amma əfsanə məni düşündürür. Bu gün bütün günü onun haqqında düşünmüşəm.
Kovrin Tanyanı qonaqların yanına ötürüb evdən çıxdı və fikirli halda ləklərin arası ilə dolaşmağa başladı. Günəş artıq batmaq üzrə idi. Çiçəklər yenicə sulanmışdı deyə ətrafa xoşagəlməz rütubət qoxusu yayılırdı. Evdə yenə oxumağa başladılar və skripkanın uzaqdan eşidilən səsi insan səsi təəssüratı yaradırdı…
Kovrin fikrini bir yerə cəmləyib, əfsanəni harada oxuduğunu, yaxud kimdən eşitdiyini yadına salmağa çalışa-çalışa, tələsmədən parka tərəf yollandı və necəsə, özü də bilmədən çayın kənarına gəlib çıxdı.
Sıldırımlı sahillə, çılpaq ağac köklərinin yanı ilə uzanan cığırla aşağı – suya sarı endi; orada cüllütləri hürkütdü, iki ördəyi qorxutdu. Batmaq üzrə olan Günəşin son şəfəqləri hələ də qaraqabaq şam ağaclarının adda-budda budaqları arasından sızmaqda idi... çayın üzərinə isə artıq qaranlıq gecə çökmüşdü.
Kovrin asma körpü ilə çayın o biri sahilinə keçdi və qarşısında açılan geniş, hələ bar gətirməmiş çovdar zəmisi ilə üz-üzə qaldı. Uzaqlarda nə bir ev, nə bir canlı gözə dəyirdi... və adama elə gəlirdi ki, cığır, əgər ona qoşulub getsən, səni Günəşin indicə endiyi, qürub şəfəqinin möhtəşəm əbədiliklə şölələndiyi həmin o naməlum, sirli məkana aparıb çıxaracaq.
“Nə qədər genişlik, azadlıq, rahatlıq, sakitlik!” – Kovrin cığırla addımlaya-addımlaya düşünürdü. – “Və elə bil bütün dünya nəfəsini içinə çəkib mənə baxır, onu anlamağımı gözləyir...”
Çovdar zəmisi xırda ləpələrlə yırğalandı və yüngül axşam küləyi nəvazişlə saçlarını oxşadı. Bir an sonra yenə külək… amma bu dəfə güclü bir axınla əsdi... zəmi dalğalanıb uğuldadı və arxadan şam ağaclarının lal pıçıltıları eşidildi. Kovrin heyrət içində donub qaldı…
Üfüqdə yerdən göyəcən burulğana, ya qasırğaya bənzər qapqara, hündür bir sütun ucalmaqda idi... Cizgiləri aydın sezilməsə də, onun bir yerdə dayanıb durmadığı, dəhşətli bir sürətlə məhz ona sarı – düz Kovrinin üstünə irəlilədiyi, yaxınlaşdıqca get-gedə kiçilməyə və aydınlaşmağa başladığı bilinirdi. Kovrin ona yol verməkdən ötrü özünü zəminin içinə atmağa güclə macal tapmışdı ki...
Qolları sinəsində çarpazlanmış qara geyimli, çalsaç, qaraqaş rahib sürətlə yanından ötdü... Yalın ayaqları yerə dəymədən təxminən üç sajen aralandıqdan sonra o, Kovrinə sarı döndü, başını salam işarəsiylə tərpədib, çoxmənalı və nəvazişli bir təbəssümlə gülümsədi. Amma necə də solğun, necə də dəhşətli dərəcədə solğun və arıq bir sifət!..
Yenidən böyüyə-böyüyə o, çayın üzərindən uçub, səssiz bir çəkisizliklə gilli sahilə, şam ağaclarına çırpıldı və onların arasından sızıb tüstü tək yoxa çıxdı.
– Buyur, bu da əfsanə... – Kovrin öz-özünə astadan dedi. – Deməli, əfsanədə deyilənlər həqiqət imiş...
Bu qəribə olayın mənasını özünə izah etməyə lüzum görmədən rahibin nəinki qara libasını, üzünü, hətta gözlərini belə, yaxından və aydın görə bildiyindən məmnun və həyəcanlı halda evə döndü.
Parkda, bağın içində adamlar rahat-rahat gəzişir, evdə musiqi çalınırdı... Deməli, belə çıxır ki, rahibi tək bir o görüb. Qəfildən ürəyindən bütün bu gördüklərini Tanyayla Yeqor Semyonıça danışmaq istəyi keçdisə də, onların, yəqin ki, bunu sayıqlama kimi qəbul edəcəklərindən və bundan qorxuya düşəcəklərindən ehtiyatlanıb belə qərara gəldi ki, yaxşısı budur, sussun.
O, bütün axşamı ucadan gülür, mazurkanı[4] rəqs edir, elə şənlənirdi ki, hamı, bütün qonaqlar və Tanya bu gün onun, nədənsə, hədsiz cazibədar və maraqlı olduğunu, üzünün qəribə, ecazkar bir nurla işıqlandığını sezirdilər.
[4] Mazurka – milli polyak rəqsi
III
Şam yeməyi başa çatandan və qonaqlar dağılışandan sonra Kovrin öz otağına qayıtdı və divana uzandı. O yalnız rahib haqqında düşünmək istəyirdi. Amma bir dəqiqə keçməmiş, otağa Tanya daxil oldu, əlindəki broşürləri və surəti çıxarılmış bir yığın yazılı vərəqi ona uzadaraq:
– Buyurun, Andryuşa, atamın məqalələridi. Oxuyun, – dedi, – gözəl məqalələrdir. Əla yazır.
– Yaxşı görək, – Tanyanın ardınca içəri daxil olan Yeqor Semyonıç qəribə vicdan əzabıyla və süni gülüşlə gülə-gülə dedi. – Sən ona qulaq asma, xahiş edirəm, oxuma! Yox, əgər tez yuxulamaq istəyirsənsə, onda, əlbəttə, oxu, yatmaq üçün gözəl yuxu dərmanıdır!
– Amma, məncə, əla məqalələrdir, – Tanya qəti əminliklə dedi. – Siz oxuyun, Andryuşa və atamı da inandırın, qoy tez-tez yazsın. O, bağçılıq haqqında bütöv elmi əsər yaza bilər.
Yeqor Semyonıç gərginlik dolu qəhqəhə ilə güldü, qızarıb pörtdü və adətən, çılğın müəlliflərin işlətdiyi ifadələrdən işlədib, axırdan-axıra təslim oldu. Broşürləri titrək əllərilə götür-qoy edə-edə:
– Elə isə, əvvəlcə Qoşenin məqaləsini və bu rus müəlliflərinin məqalələrini oxu, – dedi, – yoxsa heç nə başa düşməyəcəksən. Mənim etirazlarımı oxumazdan əvvəl öncə nəyə etiraz etdiyimi anlamalısan axı. Amma, məncə, dəyməz... ürəyin sıxılacaq. Bir də, deyəsən, axı yatmaq vaxtıdı?
Tanya otaqdan çıxdı. Yeqor Semyonıç Kovrinin yanına, divana əyləşdi, dərin bir ah çəkdi və bir qədər susduqdan sonra:
– Hə, qardaşım mənim... – deyə sözə başladı, – belə-belə işlər, mənim əziz magistrim. Bax, mən məqalələr də yazıram, sərgilərdə də iştirak edirəm, medallar da qazanıram... Deyirlər, “Pesotskinin almaları adam başı boydadı...”, “Pesotski bağ-bağçasıyla özünə var-dövlət toplayıb”. Bir sözlə, necə deyərlər, qaz vurub, qazan doldururam! Amma sual olunur: bütün bunlar kimə və nəyə lazımdır? Bağ, həqiqətən, gözəl, nümunəvidir... Bu, sadəcə bağ deyil, dövlət əhəmiyyətli böyük bir müəssisədir. Çünki bu, necə deyərlər, Rusiya təsərrüfatçılığı və iqtisadiyyatının yeni erasına atılan ilk addımdır. Amma nəyə xidmət edir? Məqsəd nədir?
– Məqsədin nə olduğunu, məncə, işin özü deyir.
– Mən o mənada demirəm. Sadəcə, bilmək istəyirəm: mən öləndən sonra bu bağın taleyi necə olacaq? Mən olmasam, bircə aya gördüyün bütün bu mənzərədən əsər-əlamət belə, qalmayacaq. Burada məsələ bağın böyüklüyündə, ya işçilərin çoxluğunda deyil, məsələ ondadır ki, mən işi sevirəm, başa düşürsən? Ola bilsin, canımdan da artıq sevirəm. Sən özün bir bax: hər şeyi özüm edirəm. Mən səhərdən axşamacan işləyirəm. Bütün peyvəndləri özüm edirəm, budamaq işi – özüm, əkin məsələləri – özüm, hər bir şeyi – özüm. Kimsə kömək eləyəndə qısqanıram, əsəbiləşib özümdən çıxıram. Məsələ də, bax, budur: yəni söhbət işə sevgidən, sərraf təsərrüfatçı baxışından, bu zəhmətkeş əllərdən gedir. Görürsən, bircə saatlığa harasa qonaq gedirsən və ürəyin iynə üstündə oturmuş kimi əsir ki, görən, bağda hər şey qaydasındadırmı? Bəs mən öləndə necə olacaq? Bağa kim baxacaq? Kim işləyəcək? Bağban? İşçilər? Hə? Bax, gör, sənə nə deyirəm, əziz dost, bizim bu işdə birinci düşmən – nə dovşan, ağacqurdu, nə də şaxtadı. Bu, yad adamdı.
– Bəs Tanya? – Kovrin gülə-gülə soruşdu. – O ki dovşan qədər zərərli ola bilməz. O, işi bilir və sevir.
– Əlbəttə, bilir və sevir. Əgər mən öləndən sonra bağ ona qalarsa və bağa yiyəlik edərsə, onda, əlbəttə, nəyinsə dərdini çəkməyə elə bir səbəb yoxdu. Amma əgər o, Allah eləməmiş, ərə gedərsə? – Yeqor Semyonıç pıçıldayıb, vahimə dolu gözlərlə Kovrinə baxdı. – Məsələ, bax, budur! Ərə gedəcək, uşaqlar doğulacaq, bağ-filan yada düşməyəcək. Ən çox qorxduğum isə odur ki, ərə getdiyi adam tamahkarın biri ola və bağı alverçi arvadlara icarəyə verə... Belə olarsa əgər, hər şey bircə ilin içində məhv olub gedəcək! Bizim işdə isə, biləsən ki, arvadlar – Allahın lənətidi!
Yeqor Semyonıç köks ötürdü və bir qədər susdu.
– Bəlkə də, bu, xudbinlikdi, amma açıq deyəcəyəm: istəmirəm Tanya ərə getsin. Qorxuram! Bura, bizə özündənrazı biri gəlir, skripkası qoltuğunda... düz-əməlli çala da bilmir. Bilirəm, Tanya dünyasında ona ərə getməz, yaxşı bilirəm, amma onu görən gözüm yoxdu! Ümumiyyətlə, qardaş, mən çox əcaib adamam. Boynuma alıram.
Yeqor Semyonıç ayağa qalxdı və həyəcanla var-gəl eləməyə başladı. Onun nə isə çox ciddi bir məsələ ilə bağlı danışmaq istədiyi, lakin buna ürək eləmədiyi bilinirdi. Nəhayət, əllərini ciblərinə salıb:
– Mən səni hədsiz çox sevirəm və açıq danışacağam, – deyə sözə başladı. – Bəzi həssas məsələlərə mən çox sadə yanaşıram və düşündüyümü açıq şəkildə də deyirəm. Ümumiyyətlə, bu “məhrəm fikirlər” deyilən şeyi sevmirəm. Açıq deyirəm: sən yeganə adamsan ki, qızımı qorxub-çəkinmədən ərə verərdim. Sən ağıllı, ürəyi olan adamsan və mənim işimin məhv oub getməsinə imkan verməzsən. Ən başlıcası isə, mən səni oğlum kimi sevirəm... və səninlə fəxr edirəm. Əgər Tanya ilə aranızda bir münasibət yaransaydı, onda.... nə deyim... çox şad, hətta xoşbəxt olardım. Bunu tam bər-bəzəksiz, səmimi və açıq şəkildə deyirəm.
Kovrin güldü. Yeqor Semyonıç qapını açdı ki, otaqdan çıxsın, qəfildən kandarda ayaq saxladı:
– Əgər Tanyayla bir oğlunuz olsaydı, ondan elə bir bağçı yaradardım ki... – dedi və bir anlıq düşünüb: – Əşşi, xam xəyallardı, boş ver. Gecən xeyirə qalsın, – əlavə etdi və otaqdan çıxdı.
Kovrin otaqda tək qalandan sonra yerini rahatladı və məqalələri gözdən keçirməyə başladı. Onlardan birinin başlığı “Keçid mədəniyyəti haqqında”, digərinin – “Cənab Z.-nin bağa yararlı torpağın yeni üsullarla becərilməsi ilə bağlı qeydlərinə dair bir neçə söz”, üçüncünün – “Bir daha, yuxulu gözlərlə peyvəndləmə haqqında” və sair və ilaxır idi. Amma nə qədər narahat və nahamar ifadə üslubu, xəstəhal dərəcədə iddialı hikkə! Məsələn, rus anton almasından bəhs edən ən sadə, sanki qərəzsiz başlıqlı və məzmunlu məqalələrdən biri Yeqor Semyonıçın təhkiyəsi ilə “audiatur altera pars”-la[5] başlayır, “sapienti sat”-la[6] bitirdi. Mətnlərin arası isə – “təbiəti fəxri kürsülərinin uca yüksəkliklərindən seyr edən patentli bağçılarımızın elmi cəhaləti”, cənab Qoşenin ifşasına yönəldilmiş “naşılar və diletantlar tərəfindən əldə edilmiş uğur” kimi tikanlı atmacalarla, bütün bunlarla yanaşı, bağa oğru kimi soxulub, ağacların qol-budağını qıran mujiklərin şallaqlanmağına icazə verilməməsi kimi tamamilə yersiz, süni şəkildə şişirdilmiş təəssüflər dolu, zəhərli sözlərlə aşıb-daşırdı.
“Çox ürəyəyatan, maraqlı, sağlam işdir, amma, demə, burada da ehtiraslar, soyuq müharibələr varmış... – Kovrin düşündü. – Olsun ki, bütün sahələrdə çalışan ideya adamları əsəbi olur, ifrat həssaslığı ilə seçilir. Görünür, belə də olmalıdı”.
Yeqor Semyonıçın məqalələrini hədsiz bəyənən Tanyanı xatırladı. Sinəsinin sümükləri görünən, son dərəcə arıq, solğun bənizli, bəstəboy qız... tünd bəbəkli iri, ağıllı gözləri sanki hey nə isə axtarır, ha tərəflərəsə dikilir, eynilə atası kimi, xırda, tələsik addımlarla yeriyir, hədsiz çox danışır, mübahisə etməyi sevir və hər sözü, ən əhəmiyyətsiz mətləbi belə, xüsusi mimika və əl hərəkətləri ilə ifadə edir. Yəqin, çox əsəbidir.
Kovrin mütaliəsinə davam etdi, amma heç nə başa düşmədi və daha oxumadı. Bir qədər əvvəl mazurka oynayıb, musiqi dinləyərkən duyduğu şövq indi onu üzür, beynini müxtəlif fikirlərlə yükləyirdi...
O, ayağa qalxdı və qara rahib haqqında düşünə-düşünə, otaq boyu var-gəl eləməyə başladı. Ağlına belə bir fikir gəldi ki, əgər bu əcaib, qeyri-adi rahibi təkcə o görübsə, deməli, xəstədir və artıq hallüsinasiya həddinə çatıb. Bu fikir içində qorxu hissi yaratdısa da, bir o qədər uzun çəkmədi.
“Amma axı mən özümü yaxşı hiss edirəm və bir kimsəyəsə zərər vermirəm. Deməli, mənim bu hallüsinasiyalarımda pis bir şey yoxdu”, – fikirləşdi və əhvalı düzəldi.
Divana əyləşdi, başını əlləri arasına aldı və bütün varlığını saran anlaşılmaz sevinc hissini cilovlamağa çalışdı... sonra ayağa qalxıb, yenidən otaq boyu var-gəl eləməyə başladı və yazı masasının arxasına keçdi.
Lakin kitabdan oxuduğu fikirlər onu qane etmirdi... O nə isə möhtəşəm, hüdudsuz və sarsıdıcı olanı istəyirdi...
Səhərə yaxın soyundu və yatmaq istəməsə də, yerinə girdi. Axı yatmaq lazım idi!
Yeqor Semyonıçın bağa sarı uzaqlaşan addımlarının səsi eşidiləndə Kovrin zəngi basıb, lakeyə – ona çaxır gətirməyi buyurdu. Çaxırdan dərin həzlə bir neçə qurtum içib yorğanı başına çəkdi, beyni dumanlanmağa başladı və o, yuxuya getdi.
[5] Başqa tərəfi də dinlə; digər tərəf də eşidilsin.
[6] Ağıllıya bu da bəsdir; başa düşən üçün kifayətdir.
IV
Yeqor Semyonıçla Tanya tez-tez küsüşür, bir-birinə xoşagəlməz sözlər deyirdilər.
Bir səhər çağı yenə nə iləsə bağlı sözləşdilər. Tanya ağladı və otağına getdi. Nə nahara, nə də çay içməyə gəldi. Yeqor Semyonıç isə əvvəl-əvvəl ciddi görkəm alıb, hər kəsə – onun üçün ədalətin və qayda-qanunun bu dünyada hər şeydən üstün olduğunu göstərmək istəyirmiş kimi incik ədalarla gəzib-dolandısa da, çox keçmədən ürəyi dözmədi və yumşaldı. Pərişan halda: “Ay Allah, ay Allah, ay Allah!” – deyə-deyə parkda dolaşdı, nahar zamanı yeməyə əlini belə uzatmadı. Axırda vicdan əzabından üzülə-üzülə, günahkar halda Tanyanın bağlı qapısını taqqıldatdı və ürkək səslə:
– Tanya! Tanya! – deyə qızını çağırdı.
Cavabında qapı arxasından Tanyanın zəif, ağlamsınmış, lakin qətiyyətli səsi eşidildi:
– Məni rahat buraxın, xahiş edirəm.
Ev sahiblərinin bu üzüntülü halı bütün evə, hətta bağda işləyən fəhlələrə də təsir edirdi. Kovrinin başı maraqla vardığı işinə qarışmışdı, amma axırda onun da ürəyi sıxıldı, özünü bir qədər yöndəmsiz hiss etdi və evin ümumi ab-havasını necəsə dəyişməkdən ötrü məsələyə müdaxilə etmək qərarına gəldi. Axşamtərəfi Tanyanın qapısını döydü. Onu içəri buraxdılar.
– Ay-ay-ay, ayıb olsun! – O, Tanyanın ağlamaqdan qırmızı ləkələr basmış üzünə heyrətlə baxa-baxa zarafatyana sözə başladı. – Yəni məsələ bu qədərmi ciddidi? Ay-ay-ay!
– Bir bilsəydiniz, o məni necə incidir… – qız dedi və gözlərinə dolan iri, isti göz yaşları yanaqları boyu süzüldü, əllərini bərk-bərk bir-birinə sıxa-sıxa sözünə davam etdi. – O məni zinhara gətirib! Mən ona heç nə demədim... Heç nə... Bircə dedim ki, əlinin altında günəmuzd işçilərin varsa... əlavə işçilər saxlamağa... ehtiyac yoxdu... Dedim ki... bir həftədi onlar əllərini ağdan qaraya vurmurlar... Mən... yalnız bunu dedim… O isə ağzını açıb, gözünü yumdu, mənə dişinin dibindən çıxanı dedi... Elə ağır, təhqiramiz sözlər dedi ki... Axı niyə? Mənim günahım nədi?
– Yaxşı, yaxşı, bəsdi. – Kovrin qızın saçlarını tumarlaya-tumarlaya dedi. – Sözləşdiniz, ağladınız, yetər. Çox küsülü qalmaq olmaz, düzgün deyil… özünüz də bilirsiniz, o sizi necə çox sevir.
– O mənim… mənim bütün həyatımı məhv edib, – Tanya boğazına dolan qəhəri udub davam elədi. – Ondan eşitdiyim ancaq budu... təhqir, həqarət… O məni bu evdə artıq adam sayır. Nolar? O haqlıdı. Günü sabah buradan gedəcəyəm, teleqrafçı işinə düzələcəyəm… Qoy belə olsun…
– Yaxşı, yaxşı, siz Allah… ağlamayın, lazım deyil, Tanya. Ağlamayın, əzizim… İkiniz də əsəbisiniz, hər şeydən hirslənib özünüzdən çıxırsınız və hər ikiniz günahkarsınız. Gedək, sizi barışdırım.
Kovrin nəvaziş və əminliklə danışır, Tanya çiyinləri titrəyə-titrəyə, əllərini bir-birinə sıxa-sıxa ağlamağa davam edirdi. Elə ağlayırdı, sanki həqiqətən, böyük faciə baş vermişdi. Ortada elə bir ciddi məsələ olmasa da, bu qədər dərindən iztirab çəkdiyinə görə Kovrinin ona çox yazığı gəlirdi. Ən xırda, əhəmiyyətsiz bir şey bu məsum varlığın bütün gününü, bəlkə, həyatını belə, qara edə bilərdi! Tanyanı ovundura-ovundura fikirləşdi ki, bu dünyada əliçıraqlı axtarsa belə, bu qızdan və atasından savayı onu öz yaxını, doğmasıtək sevən ayrı bir kimsəni tapa bilməz və bu iki insan olmasaydı, yəqin ki, o – ata-anasını erkən yaşlarında itirən yeniyetmə, ömrünün sonunacan yalnız yaxın doğmalara duyulan təmənnasız, həqiqi sevginin nə olduğunu bilməyəcək, bu hissi duymadan böyüyəcəkdi. Bütün bunları düşündükcə yaxınlığında ağlaya-ağlaya içini çəkən Tanyanın sinirlərinin onun xəstəhal, pozulmuş sinirlərinə – dəmir parçası maqnitə sarı sovrulantək cavab verdiyini hiss edir, artıq heç bir zaman sağlam, güclü, qırmızıyanaq bir qadın sevə bilməyəcəyini, amma bu solğun bənizli, çəlimsiz və bədbəxt Tanyadan xoşlandığını anlayırdı. Bu fikirlərlə o, qızın saçlarını, çiyinlərini həvəslə sığallayır, əllərini ovuclarına alıb sıxır, göz yaşlarını silirdi...
Tanya, axır ki, sakitləşdi. Kovrindən özünü onun yerinə qoymasını xahiş edib, yenidən uzun-uzadı atasından, bu evdə yaşadığı dözülməz, ağır həyatından danışdı, bir qədər sonra azacıq gülümsəməyə başladı; Allahın onu belə yaratdığını, xasiyyətinin ağır olduğunu etiraf edib içini çəkdi, nəhayət, ucadan gülüb özünü “səfeh” adlandırdı və tələsik otaqdan çıxdı.
Bir qədər sonra, Kovrin bağa çıxanda Yeqor Semyonıçla Tanya, heç nə olmayıbmış kimi, xiyabanda duzla çovdar çörəyi yeyə-yeyə yanaşı gəzişirdilər.
V
Kovrin barış missiyasını uğurla yerinə yetirə bildiyindən məmnun halda parka yollandı. Orada skamyada oturub düşüncələrə dalarkən qulağına fayton çarxı və qadınların gülüş səsləri dəydi. Qonaqlar gəlmişdi. Axşamtərəfi, bağın kölgələri yerə yatanda uzaqdan skripkanın səsi, mahnı sədaları eşidildi və bütün bunlar onun yadına qara rahibi saldı. Görəsən, bu optik əcaiblik indi haralarda, hansı ölkədə, yaxud planetdə dolaşmaqdadı?
Əfsanəni xatırlayıb, çovdar zəmisində gördüyü qara kabusu təsəvvüründə canlandırmağa yenicə macal tapmışdı ki, üzbəüzdəki şam ağacının arxasından eşidilməz, səssiz bir ehmallıqla başdan-ayağa qaraya bürünmüş, ortaboylu, ağsaç, dilənçiyəoxşar, ayağıyalın bir adam çıxdı... qara qaşları onun, meyiti andıran solğun bənizində xüsusilə gözə çarpırdı.
Onu başının sezilməz, dostyana tərpənişi ilə salamlayan bu dilənçi, ya qərib yolçu səssiz addımlarla skamyaya yaxınlaşdı, əyləşdi... Və Kovrin onun qara rahib olduğunu anladı. Bir müddət bir-birlərinə baxdılar – Kovrin heyrət içində, rahib nəvazişlə və bir qədər də o dəfəki mənalı təbəssümlə.
– Sən ki ilğımsan, – Kovrin dedi. – Nədən buradasan və niyə bir yerdə dayanıb dura bilirsən? Bu, əfsanə ilə uyuşmur.
Rahib həmin dəqiqə cavab vermədi, üzünü ona tutub sakit səslə:
– Nə fərqi var? Əfsanə, ilğım, mən... bütün bunlar sənin oyanmış təxəyyülünün məhsuludu. Mən – kabusam.
– Deməli... sən mövcud deyilsən? – Kovrin soruşdu.
– Necə istəyirsən, elə də düşün, – rahib dedi və heysiz təbəssümlə gülümsündü. – Mən sənin təxəyyülündə mövcudam. Sənin təxəyyülün – təbiətin bir hissəsidi və deməli, mən təbiətdə də mövcudam.
– Sənin çox qədim, ağıllı və olduqca ifadəli üzün var... Sanki sən, həqiqətən, min ildən çox yaşamısan, – Kovrin dedi. – Bilməzdim ki, mənim təxəyyülümün bu cür fenomenlər yaratmaq qabiliyyəti var. Amma nədən sən mənə belə heyranlıqla baxırsan? Mən sənin xoşuna gəlirəm?
– Hə. Sən tamamilə haqlı olaraq “Allah tərəfindən seçilmiş” adlandırılan həmin o az qisim insanlardansan. Sən əbədi olan həqiqətə xidmət edirsən. Sənin fikirlərin, niyyətin, heyrətamiz elmin, bütün həyatın, həmin o müdrik və ecazkar olana, yəni əbədi və dəyişməz olana xidmət edir və məhz bu səbəbdən ilahi, səmavi möhür daşıyıcıları hesab edilir.
– Sən “əbədi olan həqiqət” dedin... Amma əbədi həyat yoxdusa, insanlar onun, yəni həmin o əbədi həqiqətin nə olduğunu anlamaq iqtidarındadırlarmı və ümumiyyətlə, bu, onlara lazımdırmı?
– Əbədi həyat var. – Rahib dedi.
– Yəni sən... insanların ölümsüz olduğuna inanırsan?
– Hə, əlbəttə. Siz insanları çox böyük və parlaq gələcək gözləyir. Və sənin kimilər Yer üzündə nə qədər çox olarsa, həmin o gələcək bir o qədər tez bərqərar olar. Sizsiz – yəni ali başlanğıca xidmət edən şüurlu və azad insanlarsız bəşəriyyət çox miskin olardı və Yer hekayətinin bu təbii artım üsulu ilə inkşafının sonunu çox gözləməli olardı. Axı siz onu, yəni bəşəriyyəti əbədi həqiqətlər səltənətinə vaxtından bir neçə min il əvvəl yetişdirirsiniz?! Sizin ali xidmətiniz məhz budur. Siz, insanların içində ölmüş İlahi xeyir-duanın ali təcəssümüsünüz.
– Bəs... əbədi həyatın məqsədi nədir? – Kovrin soruşdu.
– Digər bütün həyatlarda olduğu kimi... həzz!.. Həqiqi ali həzz dərkdədir, əbədi həyat isə dərkə saysız-hesabsız, tükənməz imkanlar açandır və “Atam Evinin məkanlarında mahiyyətlər çoxdur” deyiminin mənası da budur.
– Bilsəydin, səni dinləmək necə xoşdur! – Kovrin əllərini ləzzətlə bir-birinə sürtə-sürtə dedi.
– Çox şadam.
– Amma bilirəm, sən gedəndən sonra mahiyyətinlə bağlı müəmmalar mənə rahatlıq verməyəcək. Sən kabussan, hallüsinasiyasan... və belə çıxır ki, mən psixi xəstəyəm, anormalam?
– Tutaq ki, elədi. Bunda utanıb-çəkinməli nə var ki? Sən xəstəsən, çünki həddindən çox işləmisən, özünü yormusan, bu isə o deməkdi ki, sən öz sağlamlığını ideya uğrunda qurban vermisən və həyatını qurban verəcəyin gün uzaqda deyil. Bundan yaxşı nə ola bilər? Bütün nəcib, ilahi vergi və istedad sahiblərinin can atdığı da budu.
– Yaxşı, əgər mən psixi xəstə olduğumu bilirəmsə, belə olan halda özümə inana bilərəmmi?
– Sən haradan bilirsən ki, bütün dünyanın inandığı dahi insanlar da kabus görməyiblər? İndi alimlər də deyir ki – dahilik və dəlilik yaxın məfhumlardı. Dostum, yalnız sürü təfəkkürlü kütlə sağlam və normaldır. Zamanın gərginliyi, aşırı yorğunluq, miskinləşmiş cəmiyyət və sair bu kimi mətləblərlə bağlı mülahizələr yalnız həyatlarının məqsədini bu gündə görən sürü təfəkkürlü insanları ciddi şəkildə həyəcanlandıra bilər.
– Romalılar deyirdi: “Mens sana in soqroqe sano.”[7]
– Romalıların, yaxud yunanların dediyi hər şey həqiqət deyil. Yüksək ovqat, ilahi ehtiraslar, ruhi oyanışlar, ekstaz... – peyğəmbərləri, şairləri, ideya yolunun əzabkeşlərini adi adamlardan fərqləndirən bu hallar insanın heyvani tərəfinə, yəni cisminə yaddır və onda ikrah doğurur. Təkrar edirəm, sağlam və normal olmaq istəyirsənsə, sürüyə qatıl.
– Qəribədi... sən tez-tez mənim də ağlıma gələnləri təkrar edirsən, – Kovrin dedi. – Elə bil mənim gizli, ən mübhəm fikirlərimi xəlvətcə sezmisən, dinləmisən. Amma gəl məndən danışmayaq. Bax, sən “əbədi həqiqət” deyəndə nəyi nəzərdə tutursan?
Rahib cavab vermədi. Kovrin ona baxdı və üzünü görə bilmədi.
Rahibin üz cizgiləri dumanlanıb əriməkdə idi... sonra onun başı və əlləri itməyə başladı... bədəni skamya ilə bir axşamın toranlığına qarışdı... və o, tamamilə yoxa çıxdı.
– Hallüsinasiya bitdi! – Kovrin öz-özünə dedi və güldü. – Amma heyif.
O, şad-xürrəm, xoşbəxt halda geriyə – evə yollandı. Qara rahibin ona dediyi qısa mətn qəlbini qürur hissi ilə doldurmaqla yanaşı, bütün ruhunu, vücudunu oxşayır, canına yağ kimi yayılırdı. Seçilmiş olmaq, əbədi həqiqətə xidmət etmək, bəşəriyyətin Allahın səltənətinə layiq səviyyəyə çatdırılması uğrunda canından keçənlərlə, İnsanlığı min illərin mübarizələrindən, günah və əzablarından qurtaranlarla, ideya uğrunda hər bir şeyini – cavanlığını, qüvvəsini, sağlamlığını qurban verib, Yer üzünün ümumi rifahı naminə ölməyə belə hazır olanlarla bir cərgədə dayanmaq necə də yüksək, ali və xoşbəxt bir qismətdi! Bir anlıq onun gözləri önündən təmiz, saf, alın təri və zəhmət dolu keçmiş həyatı keçdi... nələri öyrəndiyini, başqalarına nələri öyrətdiyini xatırladı və bu qərara gəldi ki, rahibin sözlərində şişirtmə yoxdur.
Tanya parkın içi ilə ona sarı gəlirdi. Əynində artıq ayrı paltar var idi.
– Siz burdasınız? Biz də bayaqdan sizi axtarırıq, axtarırıq... – dedi, sonra təəccüblə Kovrinin heyrətdən işıqlanmış üzünə, göz yaşı dolu gözlərinə baxdı. – Amma... sizə nə olub belə? Necə də qəribə görünürsünüz, Andryuşa.
Kovrin əlini qızın çiyninə qoyub:
– Mən... hədsiz məmnunam, Tanya, – dedi, – nəinki məmnunam, mən xoşbəxtəm! Tanya, əziz Tanya, siz inanılmaz dərəcədə gözəl varlıqsınız. Mən o qədər şadam, o qədər şadam, Tanya!
Qızın əllərini ovuclarına alıb, hər ikisini öpdü və sözünə davam elədi:
– İndicə mən hədsiz işıqlı, möcüzəvi, səmavi anlar yaşadım. Amma bütün olanları sizə danışa bilmərəm, çünki məni dəli adlandıracaqsınız, yaxud inanmayacaqsınız. Yaxşısı budu, sizdən danışaq. Əziz, yaraşıqlı Tanya! Mən sizi sevirəm və bu hissə artıq alışmışam. Sizi yaxınlığımda hiss etmək, gün ərzində on dəfə görüşmək artıq mənim qəlbimin ehtiyacına çevrilib. Heç bilmirəm, evimə qayıdanda sizsiz necə keçinəcəyəm?!
– Yaxşı, siz Allah! – Tanya güldü. – Siz bizi ikicə gündən sonra unudacaqsınız. Biz balaca adamlarıq, siz isə böyük adamsınız.
– Yox, gəlin ciddi danışaq! – Kovrin dedi. – Mən sizi özümlə aparacağam, Tanya. Nə deyirsiniz? Mənimlə gedəcəksiniz? Siz mənim olmaq istəyirsiniz?
– Yaxşı, siz Allah! – Tanya dedi və yenə gülmək istədisə də, alınmadı... üzü qırmızı ləkələrlə örtüldü.
...Tanya nəfəsi təngiyə-təngiyə, tələsik addımlarla evə yox, parkın dərinliyinə üz tutdu:
– Mən heç bu barədə düşünməmişəm... düşünməmişəm! – O, çaşqınlıqdan əllərini sındıracaqmış kimi, bir-birinə sıxa-sıxa danışırdı.
Kovrin onun arxasınca gedir, qıza həmin heyran baxışlarla baxa-baxa:
– Mən... bütün vücudumu sara biləcək bir sevgi istəyirəm, Tanya! – deyirdi. – Bu sevgini mənə yalnız siz verə bilərsiniz. Mən xoşbəxtəm! Xoşbəxtəm!
Tanya çaşqınlıq içində idi... sarsılmış halda bükülüb büzüşmüş, sanki birdən-birə on il qocalmışdı. Kovrin isə heyrətini gizləyə bilmir, qızın gözəlliyini ucadan vəsf edirdi...
– İlahi! O necə də gözəldi!
[7] Sağlam bədəndə sağlam ruh olar.
VI
Kovrindən nəinki artıq eşq macərasının yaşandığını, hətta tezliklə toy olacağını öyrənən Yeqor Semyonıç həyəcanını gizləmək üçün bir müddət otaq boyu var-gəl etdi. Onun əlləri əsirdi, boğazı pörtüb köpüşmüşdü. Sonra o, faytonu qoşmağı əmr etdi və çıxıb harasa getdi. Atasının, furajkasını qulağının üstünə basıb, atı necə qamçıladığını pəncərədən seyr edən Tanya onun əhvalını anlayıb otağına çəkildi, qapısını arxadan açarlayıb, bütün günü ağladı.
Şüşəli qış bağında artıq şaftalı və gavalı bar vermişdi. Bu tez xarab olan, incə məhsulu qablaşdırıb Moskvaya yollamaq böyük zəhmət, diqqət və qayğı tələb edirdi. Yay hədsiz isti və quraq keçdiyindən hər ağacı ayrıca sulamaq lazım gəlirdi ki, buna da həm çox vaxt, həm də əlavə işçi qüvvəsi tələb olunurdu. Üstəlik, bağda çoxlu tırtıl əmələ gəlmişdi ki, onları işçilər, hətta Yeqor Semyonıçla Tanya belə, Kovrinin ürəyini bulandıra-bulandıra barmaqları ilə basıb əzirdilər. Bütün bunlarla yanaşı, payızqabağı ağac və meyvə sifarişləri qəbul etmək, bir xeyli yazışmalar aparmaq lazım gəlirdi. İşin bu qızğın çağında, baş qaşımağa belə, vaxt tapılmadığı gərgin günlərdə tarlada mövsüm işləri də başlanmışdı və fəhlələrin yarıdan çoxu bağı buraxıb ora getmişdilər.
Səhərdən axşama qədər Günəşin altında işləməkdən yanıb-qaralmış və əldən düşmüş Yeqor Semyonıç atını gərgin əsəbiliklə gah tarlaya, gah bağa sürür, hərənin onu bir tərəfə çəkdiyini, belə getsə, başına güllə çaxacağını çığırırdı.
Bu yandan da Pesotskilərin heç də az əhəmiyyət vermədiyi cehiz qayğıları. Qayçıların cingiltisindən, tikiş maşınlarının tıqqıltısından, ütülərin tüstüsündən, dəymə-düşər, əsəbi dərzi xanımın şıltaqlıqlarından evdə hamının başı hərlənirdi. Tərslikdən, hər gün də qonaqlar gəlir, onları əyləndirmək, yedirdib-içirmək, bəzilərinə hətta gecələmək üçün yer salmaq lazım gəlirdi.
Lakin bu zillət dolu, iztirablı günlər sezilməz dumantək ötüb keçdi. Tanya hələ lap on dörd yaşından Kovrinin məhz onunla evlənəcəyinə əmin olsa da, nədənsə, özünü gözlənilmədən düşdüyü sevgi və səadət ağuşunda hiss edirdi. O nə baş verdiyini anlaya bilmir, heyrət və çaşqınlıq içində vurnuxur, özünə belə, inanmağı gəlmirdi... Gah içi elə bir sevinc hissi ilə dolub-daşırdı ki, qəlbindən qanad açıb buludlaracan uçmaq, orada Allaha dua etmək keçir, gah avqustda doğma yuvasını tərk edəcəyini, atasından ayrı düşəcəyini anlayıb üzülür, gah da ağlına haradansa gələn fikirlərlə özünü Kovrin kimi böyük adama layiq olmayan, hədsiz balaca və miskin birisi hesab edir, otağına keçib qapısını kilidləyir və orada acı hönkürtülərlə saatlarla ağlayırdı. Evdə qonaqlar olanda isə Kovrin gözünə hədsiz yaraşıqlı görünür, beynindən bütün qadınların bu gözəl kişiyə vurulduğu və ona həsəd apardığı kimi fikirlər keçir, qəlbi bütün dünyaya qalib gəlmiş kimi hüdudsuz sevinc və qürur hissləri ilə aşıb-daşırdı. Lakin Kovrinin xanımlardan birinin üzünə gülümsəməyi kifayət edirdi ki, qısqanclıqdan əl-ayağı titrəsin, qonaqlardan ayrılıb dərhal otağına qapansın... və yenə göz yaşları... Bu yeni növ duyğular Tanyanın bütün vücudunu sarmışdı... O, atasına belə, qeyri-ixtiyari, mexaniki hərəkətlərlə kömək göstərir, nə şaftalıları, nə tırtılları, nə işçiləri, nə də sürətlə ötüb-keçən vaxtı sezmirdi.
Yeqor Semyonıç da eyni vəziyyətdə idi. O, səhərdən axşamacan işləyir, elə hey harasa tələsir, hirslənib özündən çıxır, kiməsə acıqlanır və bütün bunlar sanki sehrli yuxuda baş verirdi. İndi elə bil onun içində iki adam vardı: biri – bağban İvan Karlıçın təsərrüfatın sahmansızlığı ilə bağlı hesabatlarını dinlədikcə əsəbilikdən cin atına minib özündən çıxan, başını əllərilə qapayan həqiqi Yeqor Semyonıç, digəri – söhbətin qızğın çağında qəfildən əlini sərxoş bir hərəkətlə bağbanın çiyninə qoyub:
– Nə deyirsən de, qan ayrı şeydi. Onun anası da möcüzəvi, nəcib, ağıllı bir qadın idi. Mələk simasıtək saf, mehriban, aydın üzünə baxmaq adama zövq verirdi. O, gözəl rəsmlər çəkir, şeirlər yazırdı, beş əcnəbi dil bilirdi, gözəl oxuyurdu... Yazıq, Allah o dünyasını versin, vərəmdən öldü… – kimi xatirələrə dalan saxta Yeqor Semyonıç.
Saxta Yeqor Semyonıç ah çəkir, bir qədər susduqdan sonra sözünə davam edirdi:
– Uşaq vaxtı bizdə qalanda onun da eynilə o cür – saf, mehriban, aydın siması vardı. Baxışı, davranışı, danışıq tərzi də eynilə anasınınkı kimi zərif, incə idi. Ağlı isə! O, dərrakəsi ilə hər zaman bizi heyrətləndirirdi. Yəni sözüm odur ki, magistr olmaq elə də asan məsələ deyil! Heç asan məsələ deyil! Hələ bir dayan, İvan Karlıç, bax, gör on ildən sonra nələr olacaq! Ona çatan olmayacaq!
Və elə bu məqam həqiqi Yeqor Semyonıçın üzü qəfildən dəhşətli ifadə alır, o, başını tutub dəli kimi:
– Yaramazlar! Murdarladılar, dağıtdılar, pis günə qoydular! Məhv oldu bağ! Öldü bağ! – deyə bağırmağa başlayırdı.
Kovrinsə ətrafdakı hay-küyə məhəl qoymadan, əvvəlki qaydada səylə işləyirdi. Sevgi sanki içindəki qığılcımı alovlandırmışdı. Tanya ilə hər görüşdən sonra otağına – ayrılarkən qızı öpüb, ona sevgisini bildirən an yaşadığı ehtiras dolu şövqlə qayıdır, mütaliəsinə, yaxud əlyazma üzərində işinə davam edirdi. Qara rahibin “Allah tərəfindən seçilmişlər”, əbədi həqiqət, bəşəriyyətin parlaq gələcəyi və sair haqqında dedikləri işinə nə isə xüsusi, qeyri-adi bir əhəmiyyət qatır, qəlbini qürur və ali ucalıq hissi ilə doldururdu. Həftədə bir-iki dəfə o, parkda, yaxud evdə qara rahiblə görüşür, uzun-uzadı söhbətlər edir, bütün bunlar onu əsla qorxutmur, əksinə, bu sayaq sirli təşriflərin yalnız öz həyatlarını ideya uğrunda xidmətə qurban vermiş müstəsna insanlara, yəni seçilmişlərə nəsib olduğunu dəqiq bildiyindən daha da cürətləndirirdi.
Rahib bir dəfə nahar vaxtı qonaq otağında peyda oldu və pəncərənin önündə əyləşdi. Kovrin buna sevindi, Yeqor Semyonıç və Tanya ilə söhbəti dərhal rahibə maraqlı ola biləcək mövzuya yönəltdi. Qara qonaq onların söhbətinə qulaq asır, aradabir başını razılıq işarəsiylə tərpədir, Yeqor Semyonıçla Tanya onu maraqla dinləyir, Kovrinin onlarla yox, öz hallüsinasiyası ilə danışdığını ağıllarına belə, gətirmədən şən-şən gülümsəyirdilər.
Tezliklə müqəddəs Məryəm Ananın Anma bayramı, onun ardınca Yeqor Semyonıçın israrlı təkidi ilə iki gün və iki gecə davam edən, “möhtəşəm gurultulu” və mənasız hay-küy dolu toy günü gəlib çatdı. Üç min rublluq ərzaq və içki yeyilib-içilsə də, muzdlu çalğıçıların bərbad ifaları, pafos dolu süni tostlar, lakeylərin qaç-qovu və tünlük üzündən nə bahalı şərabların, nə də Moskvadan gətirilmiş heyrətamiz qəlyanaltıların dadını bilmədilər.
VII
Necəsə, bir dəfə, uzun qış gecələrinin birində Kovrin yatağında uzanıb fransız romanı oxuyurdu. Şəhər həyatına hələ də alışa bilməyən və axşamlar başağrısı tutan Tanya isə artıq çoxdan yatmışdı, ara-sıra bir-birilə əlaqəsi olmayan rabitəsiz ifadələrlə sayıqlayırdı.
Saat üç tamamı ötdü. Kovrin şamı söndürdü və yerinə uzandı. Bir müddət gözünü yumub yuxulamağa çalışdısa da, yataq otağının hədsiz isti havasından və Tanyanın sayıqlamalarından yata bilmədi. Saat beşin yarısında o, yenidən şamı yandırdı və çarpayısının yanında kresloda əyləşmiş qara rahibi gördü.
– Salam, – rahib dedi və bir qədər susduqdan sonra: – İndi nə barədə düşünürsən? – soruşdu.
– Şöhrət barədə... – Kovrin cavab verdi. – İndicə oxuduğum fransız romanında şöhrət qazanmaqdan ötrü hər cür axmaqlıqlar edən, sonra da kədərdən üzülən bir adam – cavan bir alim təsvir olunur. Onun kədərinin mənası mənə çatmır.
– Çünki sən ağıllısan. Şöhrətə, maraqsız oyuncağa yanaşantək yanaşırsan.
– Hə, düzdü.
– Şöhrət sənin kefini açmır. Təbii... Sənin adını qəbir daşının üstündə oyacaqlar, sonra zaman onu qızıl suyu ilə yazılmış hərflərlə birgə silib yoxa çıxaracaq... Bunda ürəkaçan, maraqlı, ya ibrətamiz nə var axı? Bir də, xoşbəxtlikdən, o qədər də çoxsunuz ki, bu qədər adı yadda saxlamaq zəif insan yaddaşının xörəyi deyil.
– Aydındı, – Kovrin razılaşdı. – Bir də onları yadda saxlamağın mənası nədi axı? Nə isə, gəl ayrı məsələlərdən danışaq. Məsələn, xoşbəxtlikdən. Səncə, xoşbəxtlik nə deməkdi?
Saat beşin tamamında o, ayaqlarını döşəməyə, xalçanın üstünə sallayaraq çarpayısında oturmuşdu, üzünü rahibə tutub danışırdı:
– Qədim zamanlarda bir xoşbəxt adam günlərin bir günü öz xoşbəxtliyindən, onun hədsiz böyüklüyündən qorxur! Və tanrıların ürəyini ələ almaqdan ötrü öz sevimli üzüyünü onların uğrunda sədəqə verir, bilirsən? Son zamanlar məni də həmin o Polikrat kimi, xoşbəxtliyim narahat etməyə başlayıb. Qəribədi ki, mən səhərdən axşamacan yalnız sevinc hissi duyuram... bu hiss bütün vücuduma, varlığıma elə hakim kəsilib ki, digər hisslərim sanki yoxa çıxıb. Mən qəmin, darıxmağın nə olduğunu bilmirəm. Bax, demək olar ki, yatmıram... neçə vaxtdan bəri yuxusuzam, amma darıxmıram. Ciddi deyirəm, bu halım artıq məni narahat etməyə başlayır.
– Axı niyə? – Rahib təəccübləndi. – Məgər sevinc fövqəltəbii hissdir? Məgər sevinc insanın təbii halı ola bilməz? İnsan – əqli və mənəvi inkişaf səviyyəsi ilə nə qədər yüksək və azaddırsa, həyat bir o qədər ona böyük zövq verir. Sokrat, Diogen, Mark Avreli daim sevinc duyublar, kədər yox. Bunu həvariyunlar da deyir: “Hər zaman sevinin”. Sən də sevin və xoşbəxt ol.
– Birdən tanrılar qəzəblənərsə? – Kovrin zarafatla dedi və güldü. – Əgər onlar bütün rahatlığımı əlimdən alarlarsa və məni soyuqdan donmağa, aclıq çəkməyə vadar edərlərsə, onda necə olsun?
...Bu arada Tanya yuxudan oyanmışdı, heyrət və dəhşət dolu baxışlarla ərinə baxırdı…
Əri üzünü kresloya tutub əl-qol ata-ata danışır, gülür, gözləri parıldayırdı... Onun gülüşündə də qəribə nə isə vardı.
– Andryuşa, sən kiminlə danışırsan? – Tanya ərinin rahibə sarı uzanan əlindən tutdu. – Andryuşa! Kiminlə?
– Nə? Kiminlə?.. – Kovrin pərt halda dedi və əli ilə qara rahibi göstərdi. – Onunla... Budu, bax, oturub.
– Burada heç kim yoxdu... heç kim! Andryuşa, sən xəstələnmisən!
Tanya ərini qucaqlayıb böyrünə qısıldı, onu nədənsə qoruyurmuş kimi, əli ilə gözlərini qapadı:
– Sən xəstəsən... – deyib bədəni titrəyə-titrəyə hönkürdü. – Bağışla məni, əzizim, amma mən artıq çoxdan... hiss edirəm – sənin ruhun nədənsə narahatdı... Sən... psixi xəstəsən, Andryuşa...
Tanyanın həyəcan dolu təlaşı ona da sirayət etdi. O, bir də – bu dəfə artıq boş kresloya baxdı və birdən-birə qollarının, ayaqlarının zəiflədiyini hiss etdi... qorxdu və ayağa qalxıb geyinməyə başladı.
– Boş şeydi, Tanya... elə bir şey deyil... – o, titrəyə-titrəyə dodağının altında mızıldandı. – Mən, əslində, bir az nasazam... bunu etiraf etməyin vaxtı çatıb.
– Mən çoxdandı hiss edirəm... bunu atam da duyub... – Tanya hönkürtüsünü zorla saxlayaraq danışırdı. – Sən özün-özünlə danışırsan, bir cür qəribə təbəssümlə gülümsəyirsən... yatmırsan... – qəfildən: – İlahi, ay Allah, bizə rəhmin gəlsin! – deyib dəhşət dolu gözlərlə ərinə baxdı. – Amma sən qorxma, Andryuşa, qorxma... Allah xatirinə qorxma...
Tanya da geyinməyə başladı. Kovrin yalnız indi, Tanyaya baxdıqca vəziyyətin ciddiliyini anladı... qara rahiblə söhbətlərin nə demək olduğunu başa düşdü. İndi özünə də aydın oldu ki, o, dəlidir.
Beləcə, hər ikisi geyinib otaqdan çıxdılar, Tanya irəlidə, o, qadının arxasınca zala keçdilər. Onların evində gecələyən və Tanyanın hönkürtüsünə yuxudan oyanan Yeqor Semyonıç əynində xalat, əlində şam, zalın ortasında dayanmışdı.
– Sən qorxma, Andryuşa, qorxma... – Tanya üşüdəntək, əsə-əsə danışırdı. – Ata, hər şey keçib-gedəcək... Keçib gedəcək...
Kovrin həyəcandan danışa bilmirdi, qayınatasına zarafatyana: – “Təbrik edin, deyəsən, mən dəli olmuşam”, – demək istədisə də, yalnız dodaqlarını tərpədib acı bir təbəssümlə gülümsünə bildi.
Səhər saat doqquzda onun əyninə palto və kürk geydirib, üstündən şala bürüyüb faytonda həkimə apardılar. O, müalicə olunmağa başladı.
VIII
Yenə yay gəldi və həkim ona kəndə getməyi məsləhət gördü. Kovrin artıq sağalmışdı, daha qara rahibi görmürdü və indi ona yalnız fiziki güc toplamaq lazım idi.
Kənddə qayınatasıgildə qalarkən o, bol süd içir, gün ərzində yalnız iki saat işləyir, dilinə çaxır vurmur, tütün çəkmirdi.
Müqəddəs İlya günü ərəfəsi axşam evdə gecə ayini keçirilirdi. Dyaçok[8] buxurdanı[9] keşişə verəndə nəhəng, qədim zal məzarlıq qoxusuna büründü və Kovrinin ürəyi sıxıldı. O, bağa çıxdı. Güllərin gözəlliyinə məhəl qoymadan bir qədər gəzişdi, skamyada oturdu, sonra parka yollandı. Çayın kənarına çatıb aşağı endi, bir müddət orada suya baxa-baxa fikirli halda dayanıb durdu. Ötən il onu burada, həmin bu sahildə gənc, şən və gümrah görən qaraqabaq şam ağacları daha pıçıldaşmırdılar... elə hərəkətsiz, lal-dinməz dayanmışdılar, elə bil onu tanımırdılar. İndi onu, doğrudan da, tanımaq çətin idi. Başı qırxıq, uzun, gözəl saçlarından əsər-əlamət qalmamış, yerişi ağırlaşmış, üzü ötən yayla müqayisədə kökəlmiş və saralmışdı.
Asma körpü ilə çayın o biri sahilinə keçdi. Ötən il çovdar zəmisinin yırğalandığı bu yerdə indi biçilmiş yulaf tayları sıralanırdı. Günəş artıq batmışdı, üfüq – sabah havanın küləkli olacağından xəbər verən al qırmızı şəfəqlərlə şölələnməkdə idi.
Sakitlik idi. Kovrin ötən il qara rahibin ilk dəfə göründüyü səmtə baxa-baxa, axşam şəfəqləri sönməyə başlayanacan təxminən iyirmi dəqiqə dayanıb durdu...
Evə yorğun və pərişan döndü. Ayin artıq başa çatmışdı. Yeqor Semyonıçla Tanya artırmanın pillələri üstdə əyləşib çay içirdilər. Onlar nə haqdasa danışırdılar, amma Kovrini görəndə susdular və o, hər ikisinin baxışlarından söhbətin ondan getdiyini anladı.
– Deyəsən, sənin süd içmək vaxtındır, – Tanya ərinə dedi.
– Xeyr, vaxtı deyil... – o, artırmanın ən aşağı pilləsinə əyləşə-əyləşə dedi. – Özün iç. Mən istəmirəm.
Tanya təşviş içində atasına baxdı və günahkar səslə:
– Axı sən özün də hiss edirsən, südün sənə nə qədər xeyri var.
– Hə, yaman çox xeyri var! – Kovrin əsəbi bir rişxəndlə güldü. – Sizi təbrik edirəm, cümə günündən bu yana çəkim bir funt da artıb. – Qəfildən başını əlləri arasına alıb acı qəhərlə dedi: – Axı niyə, niyə siz məni müalicə etdiniz? Bromlu preparatlar, isti vannalar, istirahətlər, nəzarət, hər qurtuma, hər addımına görə miskin qorxu... Bütün bunlar mənim axırıma çıxacaq. Mən dəli olurdum, dahilik iddialarım vardı, amma kefim kök idi, gümrah, hətta xoşbəxt idim... Mən maraqlı, fərqli, hətta məxsusi idim. İndi dərrakəli və təmkinliyəm... hamı kimi. Yəni hamıdan biriyəm. Mən... sıravi, ortabab bir adama çevrilmişəm... və yaşamaq artıq mənə darıxdırıcı gəlir... Ah, siz məni nə günə qoydunuz? Mən hallüsinasiyalar görürdüm, amma bu, kimə mane olurdu? Sizdən soruşuram, kimə mane olurdu?
– Nə dediyini heç özün də bilmirsən! – Yeqor Semyonıç deyib, içini çəkdi. – Adam eşitmək belə istəmir.
– Eşitməyin də!
Ətrafdakı insanlar, xüsusən Yeqor Semyonıç artıq Kovrini qıcıqlandırırdı... O, qayınatasının suallarını soyuq, quru, bəzən hətta kobud ifadələrlə cavablandırır, onu kinayə və nifrət dolu baxışlarla süzürdü. Yeqor Semyonıç kürəkəninin bu münasibətindən pərt olub özünü itirir, özündə hər hansı bir günah görməsə də, günahkar halda öskürməyə başlayırdı. Onların mehriban, səmimi münasibətlərinin birdən-birə nədən belə korlanmasının səbəbini anlamayan Tanya atasına qısılıb təşvişlə gözlərinə baxır, nə baş verdiyini anlamağa çalışsa da, heç nə başa düşə bilmirdi. Ona aydın olan bir bu idi ki, atasıyla əri arasında münasibətlər gündən-günə daha da korlanır; atası son vaxtlar xeyli qocalıb, əri isə ətiacı, əsəbi, deyingən və maraqsız bir adama çevrilib.
Tanya artıq nə gülə, nə mahnı oxuya bilirdi; nahar vaxtı əlini yeməyə uzatmır, gecələr yatmır, anbaan dəhşətli nəyinsə baş verəcəyinin nigaranlığından o qədər üzülüb əldən düşürdü ki, bir dəfə huşunu itirib yataq otağında qalmış və axşamacan özünə gələ bilməmişdi. Evdə keçirilən ayin zamanı Tanyaya elə gəlmişdi ki, atası ağlayır və indi, üçlükdə artırmada oturarkən haradansa yadına düşən bu mənzərəni beynindən qovmağa, bu barədə düşünməməyə çalışırdı.
– Budda və Məhəmməd, ya Şekspir nə qədər xoşbəxtdirlər ki, xeyirxah qohumları və həkimlər onları ilhamdan, ekstazdan müalicə etməyiblər! – Kovrin dedi. – Əgər Məhəmməd də əsəb sakitləşdirici bromlu kalium qəbul edib, sutkada cəmi iki saat işləsəydi və bol-bol süd içsəydi, o gözəl insandan nə qalardı, bilmirəm. Xeyirxah qohumlar və həkimlər işi o yerə gətirib çıxaracaq ki, bəşəriyyət küt qoyun sürüsünə çevriləcək, sıravilik dahilik hesab ediləcək, sivilizasiya da beləcə məhv olub gedəcək. Bilsəydiniz, sizə necə minnətdaram! – Kovrin acı rişxəndlə dedi, sinirlərinin aşırı gərginliyini duyub, artıq-əskik danışmasın deyə ayağa qalxdı və içəri keçdi.
Evdə sakitlik idi... Açıq pəncərədən içəri tütün və yalapa qoxusu dolurdu. Ayın işığı yaşımtıl rənglərlə nəhəng, qaranlıq zalın döşəməsinə, royalın üstünə yayılmışdı. Kovrin yalapanın eynilə bu cür qoxuduğu və pəncərələrdən Ay işığının eynilə bu cür süzüldüyü həmin o heyrət və ilham dolu ötən ili xatırladı. Ötənilki ab-havanı geriyə qaytarmaqdan ötrü özünü cəld kabinetinə salıb, tünd bir siqar yandırdı və lakeyə çaxır gətirməsini buyurdu. Amma siqardan ağzında xoşagəlməz acılıq hiss etdi, çaxır da ötənilki dadı vermədi. Yadırğamaq deyilən budur, deməli! Siqardan və iki qurtum çaxırdan başı hərləndi, ürəkdöyünməsi başladı, odur ki, bromlu kalium qəbul etməli oldu.
Axşam yatmazdan əvvəl Tanya:
– Atam səni hədsiz çox istəyir. Amma sən, nəyə görəsə, ona əsəbiləşirsən, bu isə onu məhv edir. Görürsən, necə qocalıb? O, günbəgün yox, saatbasaat qocalır. Yalvarıram sənə, Andryuşa, Allah xatirinə, mərhum atanın xatirinə, mənim dincliyim, rahatlığım xatirinə, onunla nəvazişlə davran!
– Alınmır və istəmirəm.
– Niyə axı? – Tanya bütün vücudu ilə titrəməyə başladı. – İzah et mənə, niyə?
– Çünki ondan xoşum gəlmir, vəssalam. – Kovrin saymazyana dedi və çiyinlərini çəkdi. – Amma gəl onun haqqında danışmayaq, axı o, sənin atandır.
– Başa düşə bilmirəm, anlaya bilmirəm, – Tanya gicgahlarını sıxa-sıxa gözlərini məchul bir nöqtəyə zillədi. – Bizim evdə nə isə izaholunmaz, dəhşətli bir şey baş verir. Sən dəyişmisən, özünə oxşamırsan… Sən ağıllı, qeyri-adi bir insansan, amma mənasız, boş şeylərdən qıcıqlanıb özündən çıxırsan, hər işə qarışırsan… Elə əhəmiyyətsiz xırdalıqlara baş qoşursan ki, adam, sadəcə, məəttəl qalır, inana bilmir ki, bu, sənsən. Yaxşı, yaxşı, əsəbiləşmə, – Tanya dediklərindən qorxub, ərinin əllərini öpə-öpə davam elədi. – Sən ağıllı, mehriban, nəcib insansan və atama qarşı ədalətli olacaqsan. Axı o, o qədər xeyirxahdır!
– Xeyirxah deyil, sadəcə, ürəyi yumşaqdır. Sənin atan kimi tox sifətli, hədsiz səxavətli, duz-çörəkli və bir qədər qəribəlikləri olan əmilər, yəni bədii əsərlərdə oxuduğum, elə həyatda da rast gəldiyim gülməli vodevil qəhrəmanları bir vaxtlar xoşuma gəlirdi, məni əyləndirirdi, amma indi onlar məndə yalnız ikrah doğurur. Bu, təpədən-dırnağacan özünəvurğunluqdan yoğrulmuş miskin xudbinlərdir. Onlara qarşı ən qatı ikrah hissini məndə doğuran isə bu adamların harın toxluğu və sırf qabana, yaxud donuza məxsus, sarsılmaz mədə optimizmidir.
Tanya yatağın üstünə oturub, başını balışın üzərinə qoydu.
– Bu, işgəncədir, – dedi. Onun səsindən hədsiz yorulduğu, danışmağa belə, çətinlik çəkdiyi hiss olunurdu. – Qış girəndən bura bircə dəqiqə belə, rahatlığımız olmadı… Bu, dəhşətdi, İlahi! Mən əzab çəkirəm…
– Hə, əlbəttə, axı mən İrodam, sən və sənin sevimli atan isə məzlum Misir çağalarısınız. Əlbəttə!
Qəfildən onun üzü Tanyaya eybəcər göründü. Nifrət və rişxənd dolu kinayəli ifadə ona əsla yaraşmırdı. O, hələ bir müddət əvvəl də ərinin üzündə nəyinsə çatışmadığını, başı qırxılandan sonra ifadəsinin dəyişdiyini hiss etmişdi. Ürəyindən ona acı sözlər demək keçdisə də, içinə çökmüş ikrah hissindən çəkinib susdu və yataq otağını tərk etdi.
[8] Pravoslavlarda ruhani rütbəsi olmayan kilsə xadimi
[9] Pravoslav və katolik ayinlərində buxur yandırılan qab
IX
Kovrinə müstəqil kafedra vermişdilər. İlk mühazirə dekabrın 2-nə təyin olunmuşdu və bu barədə universitetin dəhlizində elan da asılmışdı. Lakin həmin gün o, tələbələr üzrə müvəkkilinə teleqram vurub bildirdi ki, mühazirəni oxuya bilməyəcək, çünki xəstələnib.
Onun boğazından qan gəlirdi. Neçə vaxtdan bəri idi ki, qan tüpürürdü. Olurdu ki, ayda iki dəfə qan daha çox axırdı və onda o, hədsiz zəifləyir, süst düşürdü. Xəstəlik onu o səbəbdən bir o qədər qorxutmurdu ki, mərhum anasının bu xəstəliklə düz on il, bəlkə, ondan da bir az artıq yaşadığından xəbəri vardı. Həkimlər də təhlükəli bir şey olmadığını deyirdilər, ona, sadəcə, həyəcanlanmamağı, sağlam həyat tərzi keçirməyi və mümkün qədər az danışmağı məsləhət görürdülər.
Yanvarda da mühazirə həmin səbəbdən baş tutmadı, fevralda isə artıq kursa başlamaq gec idi. Odur ki, mühazirələri növbəti ilə keçirməli oldular.
O daha Tanya ilə yox, başqa birisilə – onun qeydinə qalan, uşaq kimi qulluğunda duran, özündən iki yaş böyük bir qadınla yaşayırdı. Əhvalı pis deyildi, deyilənlərə əməl edirdi, Varvara Nikolayevnanın – qadının adı belə idi – onu Krıma aparmaq təklifinə də, hərçənd ki, ürəyinə bu səfərdən yaxşı bir şey çıxmayacağı damsa da, həvəslə razılaşmışdı.
Onlar Sevastopola axşamüstü çatdılar və səhər tezdən Yaltaya yola düşməzdən əvvəl bir qədər dincəlməkdən ötrü mehmanxanaya yerləşdilər. Yol hər ikisini yormuşdu. Varvara Nikolayevna bir neçə fincan çay içib yatağına girdi və tezliklə yuxuya getdi.
Kovrin uzanmadı. Hələ evdə ikən, vağzala getməzdən bir saat əvvəl o, Tanyadan məktub almışdı, amma zərfi açmağa ürək eləməmişdi və indi o məktub yan cibində idi, onu yadına saldıqca içindən xoşagəlməz giziltilər keçirdi. İndi o, Tanyayla evliliyini qəlbinin bütün dərinliyi ilə səhv hesab edir, onunla biryolluq üzülüşdüyündən rahatlıq duyurdu. Vaxtın axarıyla canlı meyitə çevrilmiş, ağıllı, sayıq gözlərindən savayı sanki bütün vücudu ölmüş bu qadınla bağlı ən kiçik xatirə belə, Kovrində özünə qarşı acımaq hissindən başqa heç nə oyatmırdı. Zərfin üzərindəki yazı ona iki il əvvəl necə ədalətsiz və qəddar olduğunu, ruhi tarazsızlıqlarının, sıxıntılarının, tənhalığının, həyatdan narazılığının heyfini bu günahsız insanlardan necə aldığını xatırlatdı. Bu yazı ona həm də – necə bir dəfə öz dissertasiyasını, xəstəlik dövründə yazdığı bütün məqalələrini tikə-para edib pəncərədən çölə atdığını, küləyin havaya sovurduğu kağız parçalarının necə ağacların budaqlarına, çiçəklərə ilişib qaldığını, onları seyr etdikcə necə yazdığı hər sətirdə heç nəyə əsaslanmayan qəribə, cəfəng iddialarını, yüngül və yersiz şövqünü, özündənrazı bədgümanlığını gördüyünü və bütün bunların öz qüsurlarının təsvirinin mütaliəsi təəssüratını yaratdığını, sonuncu dəftər cırılıb pəncərədən atılandan sonra, nədənsə, birdən-birə acı bir kədər duyduğunu və arvadının yanına gedib, ona bir xeyli ağır sözlər dediyini xatırlatdı... Ona nə zülmlər edirdi, İlahi! Bir dəfə onu incitmək, ürəyini qırmaq məqsədilə – vaxtilə atasının onların evliliyində uğursuz bir rol oynadığını, yəni ondan qızı ilə evlənməyi xahiş etdiyini deyərkən söhbətə təsadüfən qulaq müsafiri olmuş Yeqor Semyonıç hövlnak halda otağa daxil olmuşdu, əsəbilikdən danışa bilmədən yerində vurnuxmağa və qəribə böyürtü səsləri çıxarmağa başlamışdı... atasını bu halda görən Tanya dəhşət içində çığıraraq huşunu itirmişdi. Bir sözlə, faciə...
Bütün bunları o, məktubun üzərindəki tanış xəttə baxdıqca xatırlayır, ürəyi pis-pis sıxılırdı.
Kovrin eyvana çıxdı. Hava xoş və mülayim idi. Dəniz ətri gəlirdi. Əsrarəngiz liman Ayın və sahil işıqlarının rənginə boyanmışdı... Bu, elə bir rəng çaları idi ki, ona ad belə vermək mümkün deyildi – göy rənglə yaşılın zərif, həlim qarışığından yaranmış əsrarəngiz bir çalar... Su bəzi yerlərdə göy kuporos rənginə çalır, bəzi hissələrdə isə limanın sanki su əvəzinə Ay işığıyla dolduğu təəssüratını yaradırdı... Bütövlükdə isə ecazkar rənglər ahəngi, dinc sakitlik, ali hüzur...
Eyvanın altında, aşağı mərtəbədə, deyəsən, pəncərələr açıq idi, qadınların danışığı və gülüş səsləri aydın eşidilirdi. Görünür, məclis vardı.
Kovrin toparlanıb məktubu açdı və otağına keçib oxumağa başladı:
“İndicə mənim atam öldü. Buna görə mən sənə “borcluyam”. Çünki onu sən öldürdün. Bağımız da məhv olur, orada tamamilə yad adamlar ağalıq edir. Ayrı sözlə desək, atamın ən çox qorxduğu baş verir. Mən buna görə də sənə “borcluyam”. Sənə bütün qəlbimlə nifrət edirəm və tezliklə ölməyini arzulayıram. Oh, mən nə qədər əzab çəkirəm! Ürəyimi dözülməz ağrılar yandırıb-yaxır... Səni görüm lənətə gələsən. Mən səni qeyri-adi insan, dahi sanmışdım, sənə aşiq olmuşdum, sən isə, demə, dəli imişsən...”
Kovrin məktubun ardını oxuya bilmədi, onu cırıb atdı. İçini qorxuya bənzər qəribə bir narahatlıq sardı. Varvara Nikolayevna arakəsmənin o biri üzündə yatmışdı, aramla aldığı nəfəsi aydın eşidilirdi. Aşağı mərtəbədən də səslər gəlir, qadın gülüşləri eşidilirdi... amma ona, nədənsə, elə gəlirdi ki, mehmanxanada özündən savayı bir kəs yoxdu. Dərddən üzülən zavallı, bədbəxt Tanyanın məktuba köçürdüyü lənətdən, ona ölüm arzulamasından ürəyi sıxıldı, gözucu iki il əvvəl onun və yaxınlarının həyatını alt-üst etmiş həmin sirli qüvvənin indicə içəri girib onu yenidən cənginə alacağından qorxmuş halda qapıya boylandı.
Uzun illərin təcrübəsindən yaxşı bilirdi ki, sinirlər yerindən oynadısa, ən yaxşı sakitləşdirici vasitə – işləməkdir. Odur ki, təcili yazı masasının arxasına keçməli və bütün qüvvəsilə diqqətini hər hansı bir fikrin üzərində cəmləməyə çalışmalıdır.
Qırmızı portfelindən Krımda qalarkən bekarlıqdan darıxmasın deyə, hər ehtimala qarşı, götürdüyü çox da böyük olmayan kompilyativ bir işin konspekti tutulmuş dəftəri çıxardı. Masanın arxasına əyləşib konspektlə məşğul olmağa başladı və işlədikcə ona elə gəldi ki, tədricən yenə əvvəlki dinc, rahat və qayğısız halına qayıdır. Lakin çox keçmədi ki, konspekt tutulmuş dəftər onu dünyanın faniliyi ilə bağlı fikirlərə aparıb çıxardı. Həyatın insana verdiyi ən xırda, kifayət qədər adi nemətlərə görə ondan nə boyda əvəz çıxdığını düşündü... Məsələn, qırx yaşında mühazirə oxumaq, sıravi professor olmaq, ağır nəzəri dildə adi, üstəlik, başqalarının maraqsız və darıxdırıcı fikirlərini söyləmək, bir sözlə, ortabab alim mövqeyi qazanmaqdan ötrü ona – Kovrinə on beş il oxumaq, gecə-gündüz çalışmaq, ağır psixi xəstəlik keçirmək, uğursuz nikahın acılarını yaşamaq və indi yadına salmaq belə istəmədiyi nə qədər axmaqlıqlar və haqsızlıqlar etmək lazım gəlmişdi... Kovrin indi aydın dərk edirdi ki, o, sıradan bir adam, yəni adi ortabablıqdır... və bu fikirlə o səbəbdən asanlıqla razılaşırdı ki, qənaətincə, hər bir insan ona verilənlə qane olmalıdır.
Konspekt getdikcə onu sakitləşdirirdisə də, döşəmədə ağaran məktub parçaları fikrini bir yerə toplamağa imkan vermirdi.
Masanın arxasından qalxdı, məktubun parçalarını yerdən yığıb pəncərədən çölə atdı. Amma dəniz tərəfdən yüngül meh əsdi və kağız parçaları pəncərənin məhəccərinə səpildi.
Onu yenə qorxuya bənzər, anlaşılmaz narahatlıq hissi sardı və yenə ona elə gəldi ki, mehmanxanada özündən savayı bir kəs yoxdu…
Eyvana çıxdı.
Liman saysız-hesabsız mavi, göy, firuzəyi və alov rəngli gözlərilə canlı kimi ona baxırdı, sanki onu qoynuna çağırırdı. Hava da, əslində, isti və bürkülü idi, suya baş vurmaq pis olmazdı.
Bu məqam qəfildən alt mərtəbədə çalınan skripkanın və romans oxumağa başlayan iki məlahətli qadın səsi eşidildi. Nə isə tanış motiv idi... Aşağı mərtəbədə oxunan romans gecələr bağda sirli səslər eşidən və bunun adi, ölümlü insanların dərk etmək iqtidarında olmadığı müqəddəs harmoniya olduğunu etiraf edən xəstə təxəyyüllü bir qızdan bəhs edirdi…
Kovrinin nəfəsi tutuldu... ürəyi əzildi və sinəsində nə vaxtsa çoxdan unutduğu qeyri-adi, şirin bir şövqün titrəyişini hiss etdi.
...Limanın qarşı sahilində çovğuna, qasırğaya bənzər qara, hündür sütun göründü. O, limanın içi ilə dəhşətli bir sürətlə mehmanxanaya sarı irəlilədikcə get-gedə kiçilirdi...
Kovrin ona yol verməkdən ötrü özünü kənara atmağa güclə macal tapdı…
Ağsaçlı, qaraqaşlı, başıaçıq, ayağıyalın rahib qolları sinəsində çarpazlanmış vəziyyətdə onun yanından ötüb otağın ortasında dayandı.
– Axı niyə sən mənə inanmadın? – Qətiyyətli səslə dedi və nəvaziş dolu gözlərlə Kovrinə baxdı. – Əgər o vaxt “sən dahisən” deyəndə mənə inansaydın, bu son iki ilini bu qədər kədərlə, belə miskin keçirməzdin.
Kovrin artıq Allah tərəfindən seçilmiş və dahi olduğuna inanırdı... o dərhal qara rahiblə söhbətlərini xatırlayıb danışmaq istədi, lakin boğazından açılan qan axıb sinəsinə yayıldı... neyləyəcəyini bilmədən, əllərilə sinəsini tumarladı və qolçaqları qandan islandı... arakəsmənin o biri üzündə yatan Varvara Nikolayevnanı çağırmaq istədi, var gücünü topladı və:
– Tanya... – dedi.
Yerə yıxıldı, əlləri üstə dikəlib yenə:
– Tanya! – çağırdı.
O, Tanyanı çağırırdı... – ləçəkləri tər şehli gül-çiçək dolu geniş bağ-bağçanı, kökü tüklü şam ağaclarının sıralandığı parkı, çovdar zəmisini, öz möcüzəvi elmini, gəncliyini, cəsarətini, sevincini... – gözəl həyatı çağırırdı... Döşəmədə üzünün yanında yığılan qan gölməçəsinə baxır, artıq taqətsizlikdən bircə söz belə deyə bilmir... lakin izaholunmaz, hüdudsuz bir səadət bütün vücudunu sarırdı...
Aşağıda, eyvanın altında serenada çalınır, qara rahib qulağına onun dahi olduğunu və yalnız zəif insan cisminin öz tarazlığını itirdiyi, artıq dühanın qabığı xidmətini yerinə yetirə bilmədiyi səbəbdən öldüyünü pıçıldayırdı...
Varvara Nikolayevna yuxudan oyanıb arakəsmənin arxasından çıxanda Kovrin artıq canını tapşırmışdı... üzündə səadət dolu xoşbəxt bir təbəssüm donub qalmışdı.
1884