“Aydın yol” məşhur fransız şairi, impressionizmin və simvolizmin banilərindən olan Pol Mari Verlenin (1844–1896) şeirlərini təqdim edir.
Məktub
Gözünüzdən iraqda yaşayıram, ey xanım,
Tanrı şahidimdir ki, səngimir həyəcanım;
Xiffət içində ölmək – buna adət etmişəm,
Belə hallarda yalnız qüssə çəkməkdir peşəm.
Üz tutduğum yollarda kölgəniz mənimlədir,
Həm gecə mənimlədir, həm gündüz mənimlədir.
Bir gün ruhum cismimi ömürlük tərk edəcək,
Özümü mən də gendən kabus kimi görəcəm.
Bax onda bu əzablı qayğıların içindən
Nəhayət ki, bambaşqa bir aləmə köçüb mən
Təzədən can atacam sevgidən kam almağa
Və kölgəm kölgənizlə qovuşacaq bir daha!
İndi məni, əziz dost, nökərin bil, nə deyim –
Söylə, sənə xoşdumu öz itin, öz pişiyin?
Və bir də Silvaniya – səndən xəbər gətirən
O qız yenə ən sadiq rəfiqəndirmi, görən?
Masmavi olmasaydı hərçənd sənin gözlərin,
Onun qara gözünə bənd olardım mən, yəqin.
Lakin ey gözəl xanım, mənə böyük güc gərək,
Elə güc ki, onunla dünyanı fəth edərək
Ayağınız altına atım mən öz sevgimi
Ən böyük sevgilərə bərabər girov kimi.
Heç Kleopatranı da inan ki, o zamanlar
Bu cür sevə bilməzdi nə Antoni, nə Sezar.
Sezartək döyüşərdim, sarılardım qılınca,
Antonitək qaçardım öpüşlərin dalınca;
Hər yola əl atardım, buna şübhən olmasın,
Təki sənin üzündə bir təbəssüm parlasın.
Di yaxşı, salamat qal. Daha yormayım səni,
Çətin ki, oxuyasan sən bu uzun naməni.
Bir az çox çərənlədim. Nə mənası var axı –
Bir belə vaxt sərf edib korlayasan varağı?!
Meyxanalarda hay-küy...
Meyxanalarda hay-küy, səkini palçıq basıb,
Hava soyuq, çinarlar bir-birinə qısılıb.
Təkərləri palçıqlı, cırıldayan araba,
Hər tərəf çirk içində, büsbütün bir xaraba.
Dəstə-dəstə toplaşıb küçədə işsiz duran,
Qəlyan çəkib, burnunu tüstüsündə qızdıran
Fəhlələr səs-küy salıb polisin qabağında.
Sarı damcılar düşür damların qırağından.
Arxlar ağzına kimi zir-zibillə doludur…
Bax, cənnətə aparan mənim yolum belədir!
Məni şərə salan şeirlər
Ölən günümə qədər yaddan çıxmaz o axşam,
Yaddaşımdan silinmir necə sakit yatmağın:
Hər şeyin puçluğunu o sükutda duymuşam,
Hər yanın boşluğunu onda bilmişəm axı!
Ey sevgim! Sənə bənzər ilahi möcüzənin
Erkən çiçəklər kimi bir baharlıqdı ömrü!
Qara qorxu, boğuldum zülmətində mən sənin!
Sən yat, mənsə oyağam. Durma hələ, yat görüm!
Mənim zavallı sevgim! Bu nə kövrək həvəsdi!
Yuxulu gözlərindən ölüm boylanır sənin,
Nəfəsin də elə bil çəkdiyin son nəfəsdir.
İçində ağrı dolu hönkürtülər gizlənən
Sən ey yuxulu gülüş! Söylə görüm, düzdümü?!
Oyan, mənə cavab ver: ruhlar ölümsüzdümü?
Tərcümə edən: Mahir N. Qarayev