Dekabrın 30-da Dövlət Tərcümə Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud açaraq, qurumun yaranma tarixi, keçdiyi şərəfli yol haqqında məlumat verərək görülən işlər və növbəti illərdə həyata keçirilməsi nəzərdə tutulan layihələrdən danışıb:
“İstəyirəm biləsiniz ki, milli ədəbiyyatın beynəlxalq müstəviyə çıxarılması, aparıcı dünya ədəbiyyatlarının Azərbaycan oxucusuna çatdırılması kimi ölkə və milli əhəmiyyətli fəaliyyəti həyata keçirəcək “Tərcümə Mərkəzi”nin yaradılması ideyasının müəllifi – Azərbaycanın inkişafı və çiçəklənməsi uğrunda həyata keçirilmiş bütün işıqlı ideyaların yaradıcısı və müəllifi olan böyük Heydər Əliyevdir. Dünya xalqları ilə ədəbi əlaqə və mübadilələrin yaradılması ideyasını hələ 80-ci illərin əvvəllərində, Dədə Qorqudun 1300 illik yubileyi münasibətilə Azərbaycanda keçirilən beynəlxalq forumda səsləndirmiş lider bu məsələni Azərbaycan Yazıçılar Birliyinin VII qurultayında çıxışı zamanı da vurğulamışdı və ideyanın davamı olaraq, görkəmli türkoloq-alim Aydın Məmmədov başda olmaqla, bir qrup ziyalının təşəbbüsü ilə 1989-cu ildə Respublika Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi yaradılmışdı. Bu gün Mərkəz uğurla fəaliyyət göstərməkdə, klassik və müasir ədəbiyyatımız dünyanın dörd bir tərəfinə yayınlanmaqda, London, Paris, Berlin, Vyana, Madrid, Qahirə, Praqa, Sofiya, Budapeşt, Kiyev, İstanbul, Moskva, Minsk və s. kimi şəhərlərin universitetlərinə, mərkəzi kitabxanalarına yerləşdirilməkdə, oxunmaqda və tədqiq edilməkdədir”.
Daha sonra Mərkəzin əməkdaşları – Xalq şairi Ramiz Rövşən, tərcüməçi Vilayət Hacıyev, yazıçı-tərcüməçi Saday Budaqlı, dil və tərcümə mütəxəssisi Bəhlul Abbasov, şair-tərcüməçi Salam Sarvan, yazıçı-tərcüməçi Yaşar Əliyev, yazıçı-tərcüməçi Etimad Başkeçid, tərcüməçi İlqar Əlfi, şair-tərcüməçi Xanım İsmayılqızı, şair-tərcüməçi İmir Məmmədli, yazıçı Qan Turalı, şair-tərcüməçi Rəbiqə Nazimqızı, dil və tərcümə mütəxəssisləri Püstə Axundova, Fərid Camalov, Sənan Nağı, Lətafət Səmədova, gənc tərcüməçilər – Aysel Əliyeva, Məryəm Səmədova və Fərhad Tağızadə çıxış edərək, Mərkəzin ölkənin aparıcı dil və tərcümə qurumu olaraq məktəb kimi formalaşmasından, dil, tərcümə və ədəbiyyat sahəsinə verdiyi əlamətdar töhfələrdən söz açıblar.