Qan Turalı
Məşhur fransız yazıçısı Qustav Floberin “Şablon fikirlər lüğəti” kitabı müəllifin ölümündən 33 il sonra, 1913-cü ildə çap edilmişdi.
Əslində, bu lüğət yazıçının “Buvar və Pekyüşü” romanının ikinci cildi kimi nəzərdə tutulmuşdu.
Flober “Buvar və Pekyüşü” romanını “İnsan absurdluğunun ensiklopediyası” da adlandırırdı.
“Şablon fikirlər lüğəti” isə daha çox xüsusi ironiya və sarkazmla qələmə alınmış əsər kimi məşhurdur.
Lüğəti “Dünyadan yorulanda əlinizə götürüb oxuyacağınız bir kitab” kimi səciyyələndirən ingilis tərcüməçi fikrinə belə davam edir: “Hətta kitabın ideya və texnikası haqqında fikirləşəndə belə dodaqlarınıza kədərli bir təbəssüm qonacaq. Lüğətin missiyası da elə budur”.
Məsələn, əsərdə Flober axmaqlara belə tərif verir: “Bizim kimi düşünməyənlər”.
Ədəbiyyatı isə belə izah edir: “Bekar insanların məşğuliyyəti”.
Bir neçə əlavə də edək:
“Çöhrə: Ruhun aynasıdır.
“Almaniya: Bu ölkəyə həmişə sarışın və xəyalpərəst insanlar rəhbərlik edir. Ancaq orduları dillərdə dastandır”.
“Ferma: Fermaya gedəndə kəpəkli çörək, süd və yumurta yeyin. Sonra da deyin: “Şəhərdə belə şeyləri tapmaq çox çətindir”.
“Uşaq: İctimai yerlərdə onlara sevgi göstərin”.
“Gilyotin taxtası: Üstünə çıxanda üç-dörd mənalı söz demək lazımdır”.
“İlliada: Həmişə ardınca Odissey gəlir”.
“Con Bull: Hansısa bir ingilisin adını bilmirsinizsə, ona “Con Bull” kimi müraciət edin”.
“Qəssablar: İnqilabi dönəmlərdə çox qorxunc olurlar”.
“Kənd: Buradakı insanlar şəhərdəkilərdən daha yaxşıdır. Kənd yerində cır-cındır geyinmək, şit zarafatlar etmək daha rahatdır”.
“Makiavelli: Yazdıqlarını oxumasanız belə həmişə onu pisləyin”.
Elə bu qısa iqtibaslardan da göründüyü kimi, Floberin “Şablon fikirlər lüğəti” həm burjuaziyanın həyat, düşüncə tərzini məsxərəyə qoyan, həm də ümumilikdə ictimaiyyətin qəlibləşmiş ehkamları əleyhinə yazılmış ironik bir mətndir.