Elektron ədəbiyyat və sənət portalı

Şəhid qardaşlar

Bölmə: Azad ərazi 07.02.2023

Qan Turalı

 

Cəlil Məmmədquluzadənin “İki qardaş” adlı bir hekayəsi var. 1920-ci illərdə qələmə alınan bu hekayə ilk dəfə yazıçının 1927-ci ildə nəşr edilən “Bəlkə də qaytardılar” kitabında dərc olunub.

 

Gürcüstan yaylaqlarından birindən Tiflisə yola düşən qatarı müşahidə edən şəxsin dilindən nəql olunan hekayənin həcmi cəmi bir səhifə olsa da,  ifadə etdiyi məna son dərəcə genişdir.

Hekayənin məğzi elə ikinci abzasdaca verilib: “Amma yadımdan çıxmayan əhvalat odur ki, həmin qatar yavaş-yavaş uzaqlaşanda vaqonların birinin qapısının ağzında iki kişini öpüşən gördüm. Bir qədər öpüşəndən sonra içəri tərəfdəki kişi, çölə tərəf duran kişinin tək əlindən tuta-tuta bunu çölə tərəf basdı ki, düşsün. O da cəld tullandı səkiyə və tullanandan sonra qatar ilə bərabər qaçmağa üz qoydu. Və yenə qalxdı həmin vaqona və yenə oradakı kişini qucaqladı. Bunlar yenə öpüşməyə başladılar. Qatarın hərəkəti bir az sürətləndi, amma vaqona tullanan oğlan oradakı kişini öpməkdən əl çəkmirdi. Bir az gedəndən sonra pişik kimi sıçrayıb düşdü yerə və hələ də qabağa tərəf vaqondakı yoldaşından ötrü qaçdı; ancaq axırda dayandı. Uzaqlaşandan sonra yenə də gözü uzaqlaşan qatarda idi”.

Bir-birini bu dərinlikdə məhəbbətlə sevib, bir-birindən ayrıla bilməyən iki şəxsin kimliyi növbəti abzasda aydınlaşır: “Camaatın içindəki bir neçə gürcü yoldaşlardan xəbər tutub bildim ki, bunlar iki qardaş imişlər. Biri bir az uzaq səfərə gedir, o biri qardaşını yola salır. Hələ gedən qatarın qışqırığı çox uzaqdan gəlirdi. Amma yola atılan qardaş elə durub qabağa tərəf baxmaqda idi”.

Əsərində Kür çayının kənarında cərgə ilə bitən uca sərv ağaclarını xatırladan yazıçı külək zamanı həmin ağacların bir-birinə tərəf əyildiyini təsvir edərək öpüşən qardaşları da bu sərv ağaclarına bənzədir və hekayəni belə sonluqla bitirir: “Burada mən qəmgin oldum. Nə səbəbə qəmgin oldum, daha onu söyləmək istəmirəm”.

Cəlil Məmmədquluzadənin hər bir hekayəsini dəfələrlə oxumuşam. Az qala otuz ilə paylanan bu oxu prosesi neçə ildən bir təkrarlanır. “İki qardaş” hekayəsini oxuduqdan sonra tədbirlərin birində eşitdiyim iki şəhid atası Elman Məmmədovun çıxışı bu hekayənin yeni bir mənzərəsi, qardaşlıq duyğusunun yeni bir təzahürü idi.

Ata övladının şəhid olması xəbərinin ona verilməsindən danışırdı: “Mənə Bəhramın ölüm xəbərini verəndə qorxublar ki, İmanı desələr ürəyim dözməz. Amma mən bilirdim ki, İman da şəhid olub. Ola bilməzdi ki, Bəhram ölsün, İman qalsın”.

Həqiqətdə isə ikisi də eyni anda şəhid olmuşdu. Yaralı qardaşının can verdiyini görüb onun üstünə qaçan Bəhram snayper gülləsinə tuş gəlmişdi. Əbədi səfər qatarına qardaşlar tək minə bilməmişdilər. Eynilə Mirzə Cəlilin təsvir etdiyi qardaşlar kimi...

 

Mirzə Cəlilin sərv ağacına bənzətdiyi qardaşlıq bu iki şəhidimizin ölümü kimi tarix səhifələrində əbədi qalacaq. Çünki deyilən söz yadigardır.