Qan Turalı
Episentri Türkiyənin Qəhrəmanmaraş şəhərində olan zəlzələ milyonlarla insanın ürəyində dərin yaralar açdı, ölkəmizdə də böyük iztirab, kədərlə qarşılandı. Bəşər övladını min illərdir təqib edən zəlzələlər cəmiyyətlərin mənəvi yaddaşında, şüurunda dibsiz uçurumlar əmələ gətirir.
Bəli, cəmi bir neçə saniyə davam edən zəlzələ insanların, ailələrin, şəhərlərin və ölkələrin yaddaşında əsrlərlə davam edəcək silinməz izlər qoyur. Quranın “Zəlzələ” surəsində deyildiyi kimi “Həmin gün Yer öz əhvalatını danışacaq”. Və bu əhvalatın içində hər kəsin öz əhvalatı, öz taleyi, öz aqibəti var.
Təbii ki, bu ağır, sarsıntılı və faciəvi günlərdə nəyisə təhlil etmək, kimlərəsə təsəlli vermək çox çətindir. Ancaq faciənin miqyasını təsəvvür etmək, onu anlamaq üçün Mirzə Cəlilin 1902-ci ildə baş verən Şamaxı zəlzələsi haqqında yazdığı “Zəlzələ” hekayəsini xatırlatmaq yerinə düşər.
1902-ci ilin elə bu günlərində – 31 yanvarda baş verən zəlzələ nəticəsində Azərbaycanın ən tarixi şəhərlərindən biri, Şirvanşahlar dövlətinin paytaxtı faktiki olaraq yer üzündən silinmişdi. Şəhərdəki 5000 evdən 4000-i, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 hamam yerlə yeksan olmuş, şəhər xarabazara çevrilmişdi.
Cəlil Məmmədquluzadə zəlzələnin canlı şahidi olmasa da, yaxın dostu, “Molla Nəsrəddin” jurnalının redaktorlarından biri Ömər Faiq Nemanzadə fəlakət baş verdiyi vaxt Şamaxıda müəllimlik edib. Ömər Faiq xatirələrində bu zəlzələ haqqında ətraflı bəhs edir. Cəlil Məmmədquluzadənin “Zəlzələ” hekayəsində qeyd edilən əhvalatı da yazıçının Ömər Faiqdən eşitdiyini güman etmək olar.
Hekayə belə başlayır: “Zəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı da yadımdan çıxıbdır, ancaq həmişə zəlzələ söhbəti düşəndə bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə ayın-şayın gəlib durur gözlərimin qabağında və yazı yazdığım yerdə qələmi, yainki çörək yediyim yerdə tikəmi gərək qoyam yerə və huş-guşumu verəm keçmiş günlərə və çox bir dəqiqələri qara xülyalara dalam”.
Mirzə Cəlili qara xülyalara qərq edən əhvalat isə belə baş verir. Zəlzələ bölgəsinə gələn qəhrəman min cür dəhşətə, faciəyə şahidlik edir. Gecə yatdıqda isə qulağına bir uşağın ağlamaq səsi gəlir. Qalanını yazıçının qələmindən oxuyaq:
“Yavuqlaşdım və bildim ki, ağlayan uşaq həyətin sağ tərəfindəki bir daxmadadır. Bir az yavuq gəldim və elə bir hal gözümə sataşdı ki, burada dik atıldım. Bir övrət xeylağı başıaçıq, hövlnak oradan qaçdı həyətə. Bu övrətin ağzından mən ancaq bunu eşitdim:
Vay, yazıq uşaq!
Özümü saxlamadım və başımı uzatdım daxmanın içinə və burada bir belə dəhşətli və nifrətli şey gördüm ki, bir balaca uşaq bir övrətin döşlərini ağlaya-ağlaya söküşdürür, övrət də gözlərini göyə tərəf dikib baxmaqdadır. Həmən dəqiqə duydum ki, övrət cansızdır”.
Ustad yazıçı hekayəsini belə bitirir:
“Və həmişə bir yanda zəlzələ söhbəti qulağma çatanda öz-özümə deyirəm: “Ax, yazıq uşaqlar!”