“Aydın yol” məşhur Amerika aktyoru və rejissoru Çarli Çaplinin aforizmlərini təqdim edir
“Həyat – iri planda baxanda tragediya, uzaqdan baxanda komediyadir”.
***
“İnsanın əsl siması içkili olanda üzə çıxır”.
***
“Sənin çılpaq bədənin, çılpaq ruhunu sevənə qismət olmalıdır”.
***
“Hər halda, heyif, lal kinodan. Qadının ağzı açılsa da, səsi eşidilməyən kadrlar necə də gözəl idi”.
***
“Mənim ağrım kimisə güldürə bilər, amma gülüşüm heç vaxt kiməsə ağrı gətirməməlidir”.
***
“Bil ki, ən nəhəng brilyant Günəşdir. Və xoşbəxtlikdən, hamı üçün parlayır”.
***
“Düşünmək bacarığı – skripkada, yaxud royalda çalmaq kimi gündəlik məşq tələb edir”.
***
“Fillərdən zəhləm gedir: bu cür gücün yiyəsi də belə itaətkar olar?”
***
“Güzgü – ən yaxın dostumdur. Çünki mən ağlayanda heç vaxt gülmür”.
***
“Başıaşağı adam heç vaxt göy qurşağını görə bilməz”.
***
“Harada yaşamağın heç bir fərqi yoxdur. Əsas məsələ kiminlə yaşamaqdır”.
***
“Uşaqlığı olmayan adamın qocalığı da olmayacaq”.
***
“Bir nəfəri öldürən adam əclaf, min nəfəri öldürən isə qəhrəmandır”.
***
“Həyatda ən kədərli şey – dəbdəbəyə alışmaqdır”.
***
“Bu fani dünyada əbədi heç nə yoxdur – hətta çətinliklər də müvəqqətidir”.
***
“Ağılla edilən səfehlik ağılsızlıqdan edilən səfehlikdən qat-qat çoxdur”.
***
“Həyat mübahisəsiz çox mənasız olardı. Yaşanan hər günün müzakirəyə ehtiyacı var”.
***
“Mən peşəmlə pul qazanmaq xatirinə məşğul olmağa başladım. Sənət özü onun içindən boy göstərdi. Bu etirafım kiməsə xoş gəlməyə bilər, amma bu, bir həqiqətdir”.
***
“İdeya necə yaranır? Yalnız dəlilik həddində olan inadkar axtarışlar nəticəsində”.
***
“Sənət naminə səhnəyə çılpaq da çıxa bilərsən. Amma oradan nəinki geyimli-kecimli, həm də saf dönüb qayıtmalısan”.
***
“Komediya çəkmək üçün mənə park, polis və bir gözəl qız kifayətdir”.
***
“Mən olsa-olsa, sadəcə, klounam və belə də qalacağam. Bu obrazımla istənilən siyasətçidən daha yüksəkdəyəm”.
***
“Özünə inanmalısan. Əsas məsələ budur. Hətta yetimlər evində yaşayanda, bir tikə çörək üçün küçələrə düşəndə belə mən özümü dünyanın ən nəhəng aktyoru kimi təsəvvür edirdim”.
***
“Həyat – repetisiyasız pyesdir. Odur ki səhnə bitənə və pərdə alqışsız-filansız enənəcən kefiniz istəyən qədər çalın-oynayın, ağlayın, gülün”.