Elektron ədəbiyyat və sənət portalı

Oljas Süleymenovun şeirləri

Bölmə: Dünya ədəbiyyatı 02.03.2023

 

 

  • Görkəmli qazax şairi;
  • 1936-cı ildə Almatı şəhərində anadan olub;
  • İlk poetik toplusu “Arqamaklar” 1961-ci ildə Almatıda nəşr olunub, həmin il yazdığı “Yer kürəsi, insana baş əy” poeması isə müəllifin imzasını bütün dünyaya tanıdıb;
  • 1971–1981-ci illərdə Qazaxıstan Yazıçılar Birliyinin katibi olub;
  • “Günəşli gecələr”, “Az i Ya”, “Gündoğanın xoş çağı”, “Meymun ili”, “Gil kitab”, “Göy adalar” və digər kitabların müəllifidir;
  • Əsərləri bir çox dillərə tərcümə olunub.

 

 

KUMANIN* NƏĞMƏSİ

 

Əcdadlarım,
döyüş vaxtı yanımda olun,
bərk-bərk tutun qolumdan
çətin anımda.

Mən heç vədə
saymazyana keçmərəm
çölün düzündə bitən
tək ağacın yanından.

Örkənimi asaram
əyri budaqdan,
İlk yıxılan olmaram
son döyüşdə mən.

Kim tanımır ki məni?!
Kim tanımır itiuclu qızıl nizəmi?!

Göydə bir ulduz axdı
bu gecə vaxtı,
başım endi sinəmə,
qadına sədaqət andımı içib
ovcundan öpdüm yenə.

Nə bayquşu incidənəm,
nə də quzğunu,
qu quşuna toxunmaram
heç vədə.

Aruax!..* 
Göstər mənə
Balatonun yolunu –
gözdən itib
həmişəlik çıxıb gedərəm,
kimsə bilməz
necə, nə cür, hardan ötərəm.

Dərin izlərim qalar
dalımca yalnız
yollarımdan ötüb-keçən
yolçular üçün.

Adladığım bütün yollar
yağışdan sonra
qoy görünsün düşmənlərə
dolu cam kimi.

Keşkə onlar
suya təşnə olmasınlar,
susuzluqdan yanmasınlar
mən yanan kimi!

Neçə qadın vardı...

 

Neçə qadın vardı –
başı çiynimə çatan,
neçə qadın vardı –
boyu sinəmdən.
Amma könlümə yatan,
gözümü oxşayan tək biri vardı.
Sadəcə, ürəyimdən idi,
sadəcə, qəlbimə yatırdı.

Ona hər şey yaraşır –
gözlərindəki kədər də,
saçlarındakı ətir də;
dodaqlarının kəskin pıçıltısı da,
barmaqlarının zərif xışıltısı da.
Yaraşıq verir ona
buz kimi ağ dişləri,
yaşına yaraşmayan boyu,
elə otuz dördə çatan yaşı da.

Necə yaraşır, Allah,
necə yaraşır hamısı bu qadına.

 

Qatarlar gecikir

 

Qatarlar gecikir.
Təhlükəlidir semaforun yaşıl işığı.
Sarı bir ulduz axdı
bu gecə vaxtı –
təyyarələr gecikir.
Çatır qaşlarını,
qıyır gözlərini qonur işıq –
vur-tut bir qamçılıq məsafədəcə
gecikir sənin məsləhətin.
Gələcəyin kölgəsi
portretin üstünə düşüb
bozardır bütün rəngləri –
gecikir, canım-gözüm,
gör neçə il gecikir
sənin nəvazişlərin!
Qara pianonun dilləri üstdə
köməyə tələsən
Listdən daha tez
qədim dastanların bağrından qopub
qaçır, var gücüylə qaçır cigitlər –
üç yüz il yubana-yubana...

 

 

 

Falçı

 

Buyur keç otağıma,
qonağım ol, dərdləşək.
Qapı açırmış kimi
aç qəlbini, aç görək.

Çıxart, tulla kənara
ürəyinin toz basmış
nimdaş paltarlarını,
mənə elə inan ki –
sənə inana bilim.

Bəlkə, rəqqassan?
Onda
nə durmusan, rəqs elə!
Bəs deyincə atıl-düş,
evimi alt-üst elə –
tirlər sınsın, titrəsin,
yer-göy lərzəyə gəlsin!

Şairsənsə –
bəhs elə
Sədinin dastanından,
oxu, ruhum dincəlsin.

Mənim yuxuda sönmüş
ruhuma can ver, dirilt.
Nəyə gərək atəşi
bu iri pəncərəmin?

Bir otağın işığı
yetər iki adama –
buyur, gendən adlama.
Keçib-getmə heç zaman
tənha, kimsəsiz evin
qapısını açmadan.

Tərcümə edən: Mahir N. Qarayev

 

 

 

*Kuman – Bizans dövründə qıpçaqlara verilən ad

*Aruax! – ruh  (qazaxca)