Elektron ədəbiyyat və sənət portalı

Qanlı tarix – Xocalı soyqırımı

Bölmə: Xəbər 24.02.2023

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

 

Heydər Əliyev

  

“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Xocalı faciəsi bəşər tarixində insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımı aktı, bütün zamanların qanlı səhifəsi olaraq yaddaşlarda əbədi yaşayacaq. Söhbət həlak olmuş dinc azərbaycanlıların sayı ilə yanaşı, günahsız insanlara verilmiş işgəncələrin təsəvvürə sığmayan qorxunc mənzərələrindən, amansızlığı ilə Xatın, Lidisa, Oradur soyqırımlarıyla belə müqayisəyə gəlməyən İnsan Faciəsindən gedir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı alayın hərbi texnikası Azərbaycanın ən səfalı guşələrindən olan Xocalı şəhərini toplardan və tanklardan atəşə tutdu... gülləbaranın ardınca silahlı birləşmələr üç istiqamətdən şəhərə yeridildi. Sağ qalan xocalılar – uşaqlar, qadınlar və qocalar qarlı aşırımlarla meşələrə üz tutdularsa da, soyuqdan donmuş, taqətdən düşmüş insanların bir hissəsi Naxçıvanlı kəndi yaxınlığında, digər hissəsi Əsgəran düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirildi...

https://mod.gov.az/az/xocali-soyqirimi-411/

 

Fevralın 28-i və martın 1-i vertolyotlarla hadisə yerinə gələn yerli və xarici jurnalistlər burada dəhşətli mənzərənin şahidi oldular. Meyitlərin skalpları çıxarılmış, qulaqları, ətrafları, daxili orqanları kəsilmiş, gözləri oyulmuşdu. Çoxsaylı bıçaq və güllə yaraları, ağır texnikanın dinc insanların üstündən keçdiyi və diri-diri yandırıldığı, əsir götürülmüş 4 mesxeti türkünün, 3 azərbaycanlının başlarının erməni qəbri üzərində kəsildiyi, daha 2 azərbaycanlının gözlərinin çıxarıldığı müəyyən edilmişdi. Hadisə ilə bağlı araşdırmalar zamanı məlum olmuşdu ki, ermənilər əsir düşən hamilə qadınların qarınlarını əsgər bıçağı ilə cıraraq bətndəki körpələri itlərə yedirdir, qadınların daxilini giliz, diri pişik, ilan, qurbağa, siçan və sairə ilə doldurub, yaralarını tikərək əzablı ölümlərini seyr edirdilər.

https://az.wikipedia.org/wiki/Xocalı_soyqırımı

 

Həmin günlər xarici jurnalistlərin ermənilər tərəfindən Xocalıda törədilmiş bu vəhşiliklər  haqqında yazıları bütün dünyaya yayıldı...

“Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya dəhşətli hala salınmış meyitlərin şahidi oldu”. (“Krua l 'Eveneman” jurnalı. Paris, 25 fevral 1992-ci il);  

“Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”. (“Sandi Tayms” qəzeti. London, 1 mart 1992-ci il);

“Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər”. (“Faynenşl Tayms” qəzeti. London, 9 mart 1992-ci il);

“Çoxları dəhşətli hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”. (“Tayms” qəzeti. London, 4 mart 1992-ci il);

“Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmiş, kişilərin skalpları götürülmüşdü”. (“İzvestiya” qəzeti. Moskva, 4 mart 1992-ci il);   

Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri gördük. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”. (“Le Mond” qəzeti. Paris, 14 mart 1992-ci il);

“Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”. (“İzvestiya” qəzeti. Moskva, 13 mart 1992-ci il);

“Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”. (İngiltərənin “Fant men nyus” teleşirkəti)...

 https://azerbaijan.az/related-information/113

 

Xocalının işğalına və şəhərdə dinc əhaliyə qarşı törədilmiş amansızlıqlara dair istintaq materiallarından:

“Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarları erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyətidir. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud şəkildə pozulması, beynəlxalq hüquqi aktlara – Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə məhəl qoyulmamasıdır. Hücumda Ermənistan ordusunun mayoru Ohanyan Seyran Muşeqoviçin (Sonralar Ermənistanın müdafiə naziri olub) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandanlığı altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Şitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir.

Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olmuşdur.

Onlardan 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmişdir.

25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər ağır xəsarətlə yaralanmışdır;

1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti dağıdılmışdır”.

Hər birinin arxasında insan taleləri dayanan bu rəqəmlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdirmək iddiasıyla Ermənistan tərəfindən törədilmiş dəhşətli faciədir.

https://ombudsman.az/az/view/pages/163/