“Aydın yol” məşhur macar şairi Şandor Petefinin şeirlərini təqdim edir.
YORUCU ƏSARƏT
Nə lazımsa, elədim,
Gizli qaldı niyyətim:
Axır gələr insafa,
O məni sevər dedim.
Sən demə, dolsa anbar
Od ilə, tüstü ilə,
Od şəhərə yeriyər
Damların üstü ilə.
Zəif yanan ocaqda
İşartıyam indi mən,
Çöldə çadır önündə
İşarıram sübhəcən.
Bir gur şəlalə idim,
Qayadan çırpılırdım.
Çırpıldıqca şırhaşır
Ətrafa səs salırdım.
İndi sakit, astaca
Bu çiçəkdən o gülə,
O kəsəkdən bu ota
Axıram gilə-gilə.
Əlçatmaz zirvə idim,
Hər qayam – uca pillə.
Qonşuluq eləyirdim
Şimşəklə, qartal ilə.
İndi kiçik meşəyəm,
Sığınıb kölgəliyə,
Nə isə deyir hərdən
Bülbül qəm yeyə-yeyə.
Bu başıma gələnlər
Sanki heç nə deyildir,
Bu əhvalım o qızın
Heç vecinə deyildir.
Yox! Bəsdir çəkdiklərim!
Qiymətimi azaltdım,
Canımı qurban verib,
Ürəyimi sızlatdım.
Ah, məhəbbət, zəncirin
Məni incidir elə,
Lap qızıldan olsa da,
Zəncir zəncirdir elə.
Mən qanad açmalıyam,
Zənciri atmalıyam!
Azadlıq “Gəl! Gəl!” deyir,
Mən ona çatmalıyam!
Debretsen, 1843
OTAĞIMDA
Yağış yağır, səma bomboz,
Sanki əsgər paltarıdır.
Görünür ki, bu gün axşam
Gəzmək olmaz – qismət budur.
Niyə Allah bir gözəli
Rast gətirmir, getsin dərdim?
Mən onunla şənlənərdim,
Oynayardım, əylənərdim!
Qəlyanımı tüstülədib,
Damcıları dinləyirəm.
Xəyalımda keçənlərə
Qayıdıram, inləyirəm.
Gah qəm gördüm, gah da sevinc,
Olub, daha nə gizlədim?
Öz günahım ucbatından
Hey qəm çəkdim, hey qəm yedim...
Ah, ağlımın yüngüllüyü!
Min bəlaya çəkdi məni.
Belə səbr, belə dözüm
Lap zəhləmi tökdü mənim!
Ah, bu ağlın yüngüllüyü!
İşi yoxdur dinclik ilə.
O da, mənə belə gəlir,
Ötəcəkdir gənclik ilə...
Dəyişkəndir ömrüm mənim,
Bircə dostum dəyişməzdir.
Hər qəzada, hər bəlada
Mənimlədir – həmnəfəsdir.
Bir vaxt Vətən həsrətiylə
Vəhşi kimi gəzişmişəm,
Onunla bir ac qalmışam,
Bir xəndəkdə büzüşmüşəm.
Qürbət eldə bu dostumla
Qəm altına bir girmişik.
Dörd quruşa quru əsgər
Suxarısı gəmirmişik.
İstiotu çox tünd olan
Bu aktyor çörəyini
Bir yemişik, yaş axıdıb,
Yandırıbdır ürəyini.
Əziz dostum – Poeziya!
Səninləyəm hər işdə mən,
Hər illətin arasında –
Səhnədə mən, yürüşdə mən.
Şeirlərim, qalarsınız
Ya mənimlə ölərsiniz?
Ya gecələr qəbrim üstə
Ay kimi nur çilərsiniz?
Yağış kəsdi! Göy qurşağı
Tutdu göyü... hava təmiz...
Çıxım gəzim, əgər tini
Kəsdirməyib sələmçimiz...
Peşt, 1844
Tərcümə edən: Ağasəfa