Elektron ədəbiyyat və sənət portalı

İlham pərisi, yoxsa süni intellekt?

Bölmə: Azad ərazi 11.04.2023

Qan Turalı

 

 

“Bir gün yox olsam,

Lütfən, tapın məni.

Su və xatirələr məni nişan verəcək.

Yenidən görüşəcəyik”.

 

Bu şeiri Rilkenin, ya da Eliotun kitabında görsək, bizə qəribə gəlməyəcək.

Ancaq bir “əmma”sı var.

Bu sözləri bilgisayar proqramı olan ChatGPT yazıb.

Yepyeni bir dövr başlayır.

Bilgisayarların şeir yazdığı, musiqi bəstələdiyi bir dövr...

Süni intellekt dövrü...

Əslində, hər şey Sənaye inqilabı ilə başlamışdı.

O zamana qədər güc ancaq insanda və heyvanda idi.

Araba atın əzələ gücü ilə işləyirdi.

Əkin yerləri öküzlə şumlanırdı, taxıl əllə toplanırdı.

Mühərrik kəşf edildikdən sonra isə gücümüzü onunla bölməyə başladıq.

Avtomobil mühərriklə işləyirdi.

İnsan isə avtomobili, sadəcə, idarə edirdi.

Bir sözlə, yeni bir əzələ gücü, yeni bir güc mənbəyi kəşf olundu.

İndi idarəetməni də süni intellektə təhvil veririk.

Avtomobilə oturub yalnız gedəcəyimiz yeri nişan verəcəyik, vəssalam.

Qalanını avtomobil özü bilir.

Bu, nəhəng bir inqilabdır.

Avtomobilin kəşfi ilə faytonçular taksi sürücülərinə çevrildi.

İndi isə “bizi faytonçuların yox, atların taleyi gözləyir”.

Görkəmli tarixçi Haririnin diaqnozu belədir.

Bəs incəsənət, bəs şeir, bəs kino?!

Əgər bilgisayar belə bir şeir yaza bilirsə, poeziyanın taleyi necə olacaq?

Şairlər nə edəcək?!

Bu və digər bilgisayar proqramlarının iş prinsipinə baxmaq lazımdır.

Bu proqramlar alqoritmlərlə çalışır.

Bu zamana qədər yazılan şeirlər, eləcə də lüğətlər onların məlumat bazasına yüklənir.

Proqram sözlərin mənasını anlayır, onları şeirin müvafiq vəznlərinə uyğun formada tərtib edir.

Bir növ şablonlaşdırır, başqa cür desək, epiqonçu şairlərin yolu ilə gedir.

Ancaq ədəbiyyat hər cür qəliblərdən, şablonlardan, epiqonçuluqdan uzaqdır.

Böyük qələm sahibləri həmişə dövrünün hakim ədəbi qəliblərindən, estetik paradiqmalarından kənara çıxaraq öz dəst-xətlərini yaradıblar.

Başqa cür desək, öz alqoritmlərini yaradıblar.

Bəli, bilgisayar proqramları detektiv roman yaza bilər, ancaq bu, əsla Aqata Kristi, Konan Doylun romanı olmayacaq.

Bir musiqi bəstələyə bilər, ancaq bu musiqi heç zaman Motsart, ya da Bethoven səviyyəsində olmayacaq.

Motsartı, Bethoveni yamsılaya bilərlər, ancaq Motsartın, Bethovenin yeni simfoniyalarını yarada bilməzlər.

Yaradıcılıq belə bir sirri-xudadır, sui-generisdir, yəni özünəməxsus, təkrarsız...

Süni intellekt isə olsa-olsa epiqonçu yaradacaq.