Elektron ədəbiyyat və sənət portalı

David Şemokmedelinin şeirlər toplusu ilk dəfə Azərbaycan dilində

Bölmə: Xəbər 07.04.2023

Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi David Şemokmedelinin seçmə poetik nümunələrinin toplandığı “Astananın iki üzü” adlı şeir kitabını nəşr edib.

“Könül aynasındakı damlalar” adlı ön sözlə başlayan kitaba şairin həyat, ölüm, sevgi, təbiət mövzusunda qələmə aldığı Aynada damla”, “Məhəbbət”, “Sağlıq”, İlham pərisi”, “Ata və oğul”, “Dostumun xatirəsinə”, “Övladlar”, “Övladıma” kimi şeirləri daxil edilib.    

“Ucalıq”, “Sükutun səsi”, “Payıma düşən”, Solğun mənzərələr”, “Sözlərdən o yanda”, “Quşlar qışda niyə ağlayır” kimi poeziya və nəsr kitabları ilə məşhurlaşmış David Şemokmedelinin yaradıcılığı Azərbaycan oxucusuna dövri mətbuatdan tanış olsa da, ilk dəfədir ki, toplu halında təqdim edilir.

Kitabın ön sözünün və şeirlərin tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədli, redaktoru – Şəfiqə Şəfadır.

 

 

KÖNÜL AYNASINDAKI DAMLALAR

 

Bir xalqın ruhu ilə tanış olmaq istəyirsənsə, ilk növbədə, onun incəsənəti, poeziyası ilə tanış olmalısan. Bu baxımdan, istənilən millətin poetik nümunələri ilə tanışlıq həm də həmin xalqın ruhu, mənəvi durumu, dəyərləri ilə daha yaxından tanış olmaq deməkdir.

Hər bir xalqın, ələlxüsus da kökü qədimlərdən gələn bir millətin milli tarixi olduğu kimi, ədəbi tarixi də var. Bu nöqteyi-nəzərdən yanaşsaq, David Şemokmedelinin ədəbi irsi, o cümlədən poetik nümunələri, heç şübhəsiz, çoxəsrlik gürcü ədəbiyyatının ayrılmaz bir hissəsi, bədii təfəkkürünün müasir təzahürü və davamıdır. Əgər gürcü xalqının poetik xəritəsini al-əlvan bir mozaika kimi təsəvvür etsək, Şemokmedeli poeziyası həmin mozaikada diqqət çəkən rəng, xüsusi bir çalardır:

 

Səmadan vətənin qəmi yağırsa,

Yağışdır, demə,

O qəm damlaları qəlbə damırsa,

Nə xoşdur, demə.

 

David Şemokmedeli (əsl soyadı – David Takidze) Qərbi Gürcüstanda, Ozurqeti rayonunun Şemokmedi kəndində dünyaya göz açıb. Şairin ədəbi təxəllüsü də doğma kəndinin adı ilə bağlıdır. “Şemokmedi” Azərbaycan dilinə tərcümədə “yaradıcı” deməkdir. Görünür, kənd öz yaradıcı qabiliyyəti ilə seçilib ki, onu bu adla tanıyıblar. Şair də həmin yaradıcı mühitin yetirməsi kimi özünü köhnə xatirələrdə tapır: 

 

Əyilib tər çiçək dərmək istədim,

Əlimdən sürüşdü çiçəyin tağı,

Təkcə uşaqlıq xatirələri

əlimdə qaldı.

 

Yaxud:

 

Kəndimin cığırı,

Aparırsansa, apar,

Apar məni uşaqlığıma,

Məzarlığa tərəf niyə dönürsən?!

 

Bəli, poeziya həm də daimi özünəqayıdışdır, evə qayıdışdır. Şair hər dəfə, hər yeni əsərində özünə qayıdanda çoxsaylı oxucuları da öz mənəvi aləminə, həmçinin öz yurd-yuvasına qonaq edir. Amma hər dəfə bilir ki, hara üz tutsa da, lap belə dünyanın qurtaracağına gedib çıxsa da, əslində, heç yana getmir, çünki yaradıcı insanın mənəvi dünyası (evi) öz qəlbindədir:

 

Evə qayıtdım,

Məlum oldu ki,

Heç vaxt heç yana

Getməmişəm mən.

 

Dahi alman filosofu Fridrix Nitsşenin “Zərdüşt belə deyərdi” əsərində bəzi ədəbiyyatçılara tuşlanmış bir kəlam var: “Şair bulandırır öz sularını, bulandırır ki, suyu dərin görünsün!” Doğrudan da, həmin məqsədlə öz poetik suyunu bulandıran şairlər az deyil; belələri bütün dövrlərdə, hər xalqın ədəbiyyat tarixində olub. Amma onun bulanıq söz çayına girəndə görürsən ki, suyu heç adamın dizinə də çatmır. David Şemokmedelinin poetik irmağı dumduru və dərindir. O belə fəndlərə əl atmır, şeirinin dərinliyi də, məğzi, mənası da göz qabağındadır:

 

Həyatın mənası elə odur ki,

Boşluqlar

İlahi işıqla dolsun.

 

Dövrümüzdə kommunikasiya imkanları elə artdı ki, əvvəllər ucsuz-bucaqsız bildiyimiz Yer üzü sanki böyük bir kəndə çevrildi. Hamı hər şeydən xəbərdardır, dünyanın o başından bu başına yeni məlumatlar bir anda gəlir, amma təəssüf ki, bu informasiya bolluğu bizim biliyimizi artırmır, mənəvi dünyamızı zənginləşdirmir, əksinə, məlumat bazamıza əlavə olunub daha da yükləyir, getdikcə duyğuları, mənəviyyatı biganələşdirir. İnsana əsl biliyi, həmişə olduğu kimi, bədii əsər verir, o əsər ki, insanın qəlbində yeni bir lay açır, daxilindəki  “Mən”i dirçəldə bilir, duyğularını oyaq tutur. Ümidvarıq ki, bu kitabda təqdim olunan poetik nümunələr, müəllifin “könül aynasındakı damlalar”ı, el dilində desək, hər kəsin qəlbindəki sarı simə toxunacaq, zehnimizə yeni məlumat kimi yox, ruhumuza həssas titrəyiş kimi daxil olacaq.

 

İmir Məmmədli

 

Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:

 

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Center”

“BookZone” kitab evi

“Çıraq” kitab evi

“Çinar” kitab evi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü.