Elektron ədəbiyyat və sənət portalı

“Tarixi-Nadir”in müasir oxucuları

Bölmə: Azad ərazi 27.04.2023

Qan Turalı

 

İntellektual görünmək də yazı əhli arasında indi bir dərd olub.

Bir zamanlar hamı israrla kəndliliyini sübut etməyə çalışırdı – romanda, hekayədə dialekt sözlərdən istifadədən tutmuş, mövzulara qədər.

Bir qoyunun on adını bilmək, az qala, yazıçılığın əlahiddə şərti sayılırdı.

Ya da çarığın camış, yoxsa inək gönündən olması ədəbiyyatın taleyüklü məsələsinə çevrilmişdi.

İndi daha belə deyil.

“Kafka tənha olub”, “Nitsşe atı qucaqlayıb ağlayıb”, “Sartr ekzistensialistlərin atasıdır” və s.

Bunları öyrənib bildinsə, kifayətdir.

Halbuki mütaliə uzun illər tələb edən prosesdir.

Hamıda “Bir qalanın sirri”ndəki Elşən kimi üçcə günə bütün kitabları oxuyub alim olmaq iddiası var.

Əslində isə insan mütaliəyə uşaqlıqdan bağlanmalıdır: “Məlikməmməd” nağılına heyrətlənməli, Anderseni oxuyub dünyanı tanımalıdır.

Düyməciyin, Koroğlunun sehrinə düşməli, Kapitan Qrantın uşaqlarına qoşulmalı, Tom dayının daxmasında gecələməli, Leqri döyüləndə sevincdən ağlamalı, Mauqli ilə cəngəllikləri gəzib-dolaşmalıdır.

Bu ruhsal aləm illərlə damla-damla toplanmalı, hörülməlidir.

Üç qoşma, beş gəraylı əzbərləmək, iki detektiv roman oxumaqla əmələ gələn deyil.

Əslində, nə intellektual olmaq şərtdir, nə də intellektual olmamaq.

Amma nadanlıq qiyafəsində intellektual görünmək ayıbdır.

İki romanını oxuyub Kafka haqda danışmağa nə var?

Danışmaq yox, anlamaq, dərk etmək lazımdır.

Əsas olan nə qədər yox, necə oxumaq, nə qədər əxz etməkdir. Yəni beş sitat əzbərləməklə, ordan-burdan eşitməklə deyil.

Bu idrak yolu illər tələb edən ağır bir prosesdir.

Və ən əsası, bu yolu sonacan qət etmək üçün daxili tələbat olmalıdır.

Ürəyinin səsini eşitməlisən.

Səni kitaba ruhun aparmalıdır – oxuyacağın yazıçı dəbdə olsa da, olmasa da.

İçində o ehtiyacı hiss etməlisən.

Susayan adam kimi.

Həqiqətə təşnə kimi.

Məşədi İbad demişkən: “Mən “Tarixi-Nadir”i yarıyacan oxusam da”... –  misalındakı kimi yox.