Dövlət Tərcümə Mərkəzinin Gürcüstan Yazıçılar Birliyi ilə əməkdaşlığı çərçivəsində Tbilisidə işıq üzü görmüş Xalq yazıçısı İsa Hüseynovun “Ömür karvanı” və tanınmış gürcü şairi David Şemokmedelinin Bakıda nəşr olunmuş “Astananın iki üzü” kitablarının təqdimat mərasimi keçirilib.
Tədbiri Gürcüstan Elmlər Akademiyasının Rustaveli komitəsinin sədri, akademik Avtandil Arabuli giriş sözü ilə açaraq hər iki kitabın nəşrini Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrində tarixi hadisə, böyük töhfə kimi dəyərləndirib. Ardınca tədbirdə iştirak edən şair və yazıçılar, gürcü ictimaiyyətinin tanınmış nümayəndələri kitablarla bağlı fikirlərini bölüşüblər:
Makvala Qonaşvili – Gürcüstan Yazıçılar Birliyinin sədri, şair: “Təqdimatına toplaşdığımız görkəmli Azərbaycan nasiri İsa Muğannanın gürcü dilində nəşr edilən irihəcmli kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Gürcüstan Yazıçılar Birliyinin müştərək layihəsi kimi ərsəyə gəlib. Son zamanlar ədəbi əlaqələrimizin inkişafında Mərkəzin və xüsusən qurumun sədri Afaq Məsudun böyük rolu var.
Kitabın redaktoru kimi deyərdim ki, tərcümə mətninin dili məni çox qane etdi, oxucuda elə təsəvvür yaranır ki, əsərlər sanki gürcü dilində yazılıb. Maraqlı süjet xətti və psixoloji iztirablarla müşayiət olunan bu əsərlərdə insanlıq və mərdlik anlayışları qırmızı xətt kimi keçir”.
Afaq Məsud – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı: “Hər dəfə bu şəhərə, Tbilisiyə səfər edəndə çox qəribə hisslər keçirirəm. Doğrusu, səbəbini özüm də bilmirəm. Amma duyuram ki, mənimlə bu ölkə, bu şəhər arasında çox dərin bağlantılar var.
İlk əvvəl gürcü həmkarımıza, xüsusən Maklava xanıma bu nəşrə görə öz minnətdarlığımı bildirirəm. Hər il xeyli sayda kitablar çap olunur, amma İsa Muğannanın gürcü dilində işıq üzü görən bu kitabında xüsusi bir sevgi hiss olunur. Təbii ki, bütün bunlar hamısı dəyərli işlərdir, amma istəyirəm, həm də biləsiniz ki, mənim üçün sizə qovuşmaq, sizinlə birlikdə olmaq da çox önəmlidir. Birgə ərsəyə gətirdiyimiz kitablar, ədəbiyyat həm də sizin sevginizi duymaq və sizə sevgimizi ötürmək üçün bir vasitədir. Dünyanın kompüterləşdiyi bir dövrdə ruhsal aləmin gözəlliklərini saxlayan yeganə xalqlardan biri də gürcülərdir.
Bu gün biz çox istedadlı bir yazıçının kitabının təqdimatına toplaşmışıq. Bu gün də çox oxunan, çox sevilən İsa Muğanna haqqında “60-cılar” nəslinin görkəmli nümayəndəsi Çingiz Aytmatov deyirdi ki, biz onun əsərlərindən təsirlənmişik, öyrənmişik. 50-ci illərdə ədəbiyyata gələn İsa Hüseynova o vaxtkı Mərkəzi Komitə tərəfindən xeyli təzyiqlər oldu, amma yazıçı yolundan dönmədi, sosialist realizmini qəbul etmədi, tamamilə ideologiyadan kənar yaşadı, yaratdı, təslim olmadı.
Hərçənd bu kitabı uzun müddət əvvəl hazırlamağa başlasaq da, indi fikir verirəm ki, bu il yazıçının 95 yaşı tamam olur. Bu da bir maraqlı təsadüf.
Artıq David Şemokmedelinin şeirləri Azərbaycan, İsa Hüseynovun əsərləri gürcü ədəbiyyatı aləminə daxil olub. Əminəm ki, hələ çox belə görüşlərimiz, ədəbiyyat bayramlarımız olacaq, qarşıda bizi hələ çox belə tədbirlər, kitab mübadilələri gözləyir. Və biz Dövlət Tərcümə Mərkəzi olaraq həmişə böyük ədəbiyyatın, istedadlı yazçıların üzünə açığıq. Və gürcü ədəbiyyatının yeni-yeni dəyərli əsərlərinin Azərbaycan dilində nəşrinə həmişə hazırıq”.
Bağater Arabuli – Gürcüstan Yazıçılar Birliyinin sədr müavini, şair: “Gürcüstan və Azərbaycan arasında ədəbi əlaqələrin kökü çox qədimlərə gedir. Xalqlarımız arasında Mirzə Fətəli Axundzadədən başlanan ədəbi-mədəni mübadilələr daim artan xətt üzrə olub. Amma qeyd etməliyik ki, bu əlaqələr Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövründə daha da genişlənib. Bu kitabların qədim binada görkəmli Azərbaycan və gürcü söz ustalarının iştirakı ilə keçirilən təqdimatı da dediklərimin təzahürüdür”.
David Şemokmedeli – Gürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, şair: “Ədəbi nəsil kimi xoşbəxtik ki, bu cür yüksək səviyyəli ədəbi əlaqələrin canlı şahidləriyik. Bu heç də bütün qonşu millətlərə nəsib olan xoşbəxtlik deyil. Mən Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri Afaq xanım Məsuda öz minnətdarlığımı bildirirəm. Bir də ona görə minnətdaram ki, Mərkəz mənim “Astananın iki üzü” adlı şeirlər kitabımı da Azərbaycan dilində nəşr etdirdi və çoxsaylı Azərbaycan oxucusuna çatdırdı. Düşünürəm ki, bizim çox xalqlara örnək ola biləcək ədəbi əlaqələrimiz əbədidir”.
Quram Batiaşvili – dramaturq: “Azərbaycan xalqına, onun keçdiyi tarixi yola çox böyük hörmətim var. Qürur hissi ilə deyə bilərik ki, əsrlər boyu biz mehriban qonşuluq şəraitində yaşamışıq, aramızda heç vaxt münaqişə və ya qarşıdurma olmayıb. Həmişə bir-birimizi anlamışıq və bu cür ədəbi-mədəni mübadilələrlə ruhumuzu zənginləşdirmişik”.
Manana Qorqiladze – “Merani” nəşriyyatının direktoru: “Bizim tərcümə ədəbiyyatımızı İsa Muğannanın belə bir maraqlı kitabı ilə zənginləşdirdiyinə görə Azərbaycan Dövlət Tərcümə Mərkəzinə təşəkkürümü bildirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycan dilindən gürcü dilinə, gürcü dilindən Azərbaycan dilinə tərcümə ediləcək bir çox maraqlı kitabların təqdimatlarının şahidi olacağıq”.
Daha sonra yazıçı Vano Çxikvadze, şair Badri Kutateladze, Gürcüstan Rustaveli cəmiyyətinin təhsil komitəsinin sədri, professor Qiorqi Qoqolaşvili, “Sivil Gürcüstan Yolu” İctimai Hərəkatının sədri, siyasi xadim Temur Şaşiaşvili, rəssam və nasir Revaz Adamia, siyasətçi, deputat Zviad Kvaçantiradze, şair-publisist Tamar Qabodze Azərbaycan-Gürcüstan ədəbi əlaqələri, təqdim olunan kitablar haqqında fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində Gürcüstanın əməkdar artisti Paliko Nozadzenin ifasında David Şemokmedelinin tədbirdə təqdim olunan “Astananın iki üzü” kitabındakı hekayə və şeirlər əsasında hazırlanmış monotamaşa təqdim olunub.