Karlos Franz
- Çili yazıçısı;
- 1959-cu ildə Cenevrədə anadan olub;
- 1983-cü ildə Çili Universitetində hüquq təhsili alıb;
- “Santyaqo Sero”, “Cənnətin olduğu yer”, “Səhra”, “Qaniçənlərin naharı”, “Özünü mənim gözlərimlə görsəydin” romanlarının, “Məhbus” adlı hekayələr toplusunun və esselərin müəllifidir;
- Əsərləri ingilis, alman, fransız, italyan, niderland, portuqal, fin, polyak, rumın və çin dillərinə tərcümə olunub;
- Çilinin İspaniyadakı Səfirliyində mədəniyyət attaşesi vəzifəsində çalışıb;
- 2003-cü ildən Çili Dil Akademiyasının üzvüdür;
- Mario Varqas Lyosa, Karlos Fuentes kimi dünyaşöhrətli yazıçılar Karlos Franzın yaradıcılığını yüksək qiymətləndiriblər.
Dilin kəşfi
(esse)
Yazıçılardan söhbət düşəndə hətta onların ölüm tarixinə də şübhə ilə yanaşmaq lazımdır. 23 aprel ispan dili, eyni zamanda Ümumdünya Kitab Günü kimi qeyd olunur. Bu tarixi Migel de Servantes və Uilyam Şekspirin vəfatı günü ilə əlaqələndirirlər. Amma əslində, Servantes bir gün əvvəl, aprelin 22-də, Şekspir isə mayın 3-də (o dövrlər İngiltərədə hələ də Yulian təqvimi qüvvədə idi) vəfat edib.
Əslində isə 23 aprel 1616-cı ildə Kordobada vəfat edən yeganə dahi ispan yazıçısı İnka Qarsilaso de la Veqadır.
İspan konkistadoru kapitan Sebastian Qarsilaso de la Veqa və İnk şahzadəsi İsabel Çimpu Okllonun oğlu olan Qarsilaso ağır xasiyyətli bir metis idi. Ata tərəfdən İntibah dövrünün əsgər şairi Qarsilaso de la Veqanın, ana tərəfdən isə inklərin son rəhbərləri Tupak Yupankinin və imperator Huayna Kapakın nəticəsi idi. Qarsilaso 1539-cu ildə Kusko şəhərində doğulmuş və ənənələrə uyğun olaraq ink amautalarından (keçua dilində “mütəfəkkir” deməkdir) və ispan mürəbbilərindən tərbiyə almışdı. Əslində isə onun formalaşmasına ən böyük təsiri konkista və vətəndaş müharibələrinin canlı şahidi olması göstərmişdi.
1560-cı ildə, iyirmi bir yaşındaykən o, İspaniyaya yollanır və həyatının son günlərinə qədər orada yaşayır. Kordoba, Madrid və doğma Ekstremadurada o, mürəkkəb vəziyyətlə üzləşir. Belə ki, Peruda onu tam yerli olmadığına görə təmiz ink saymırdılar, İspaniyada da məlum oldu ki, demə, o heç təmiz ispan da deyilmiş.
Özünü hər yerdə qərib kimi hiss etmək rəssam və yazıçıların formalaşmasında əsas xüsusiyyətlərdən biri sayıla bilər. Mühitə bir neçə uğursuz uyğunlaşma cəhdindən sonra İnka Qarsilaso bunu bacara bilməyəcəyini görərək yazıçı olmağa qərar verir. Əlli yaşında ruhən keçmişinə qayıdaraq ömrünün qalan hissəsini “İnklər haqqında gerçək şərhlər”, həmçinin doğma Perusu haqqında əsərlər yazmağa həsr edir. Əsərin ön sözündə atasının doğma dilində öyrəndiklərini anasının doğma dilinə tərcümə edərkən üzləşdiyi çətinliklərindən bəhs edir və belə qərara gəlir: “Hindu olduğuma görə bu hekayəti hindu kimi yaza bilərəm”.
Yazıçı əsərin bəzi hissələrində keçua sözlərinə istinad etsə də, qələmə alınan mövzu daha geniş şəkildə şərh edilə bilər. Qızıl əsr ispan dilinin usta yazarlarından olmasına baxmayaraq, Qarsilaso “hindu kimi” yazmaq niyyətində idi.
Məhz bu təşəbbüslər İnka Qarsilasonu ilk Latın amerikalı yazıçı kimi dünyaya tanıdıb. Bu anaxronizmdə həqiqət payı da var. İnkanın həyat və yaradıcılığındakı bəzi məqamlar bir yazıçı kimi onun sonrakı ədəbi fəaliyyətinin müjdəçisi sayıla bilər. Məsələn, Qarsilaso həm də bir çox Latın Amerikası yazıçıları arasında “əcnəbi” statuslu ilk yazıçı idi. Belə ki, o, İspaniyada yaşaya-yaşaya doğma Latın Amerikası haqqında yazırdı. Qərib ölkədə yaşaması ona geniş imkanlar açmaqla yanaşı, eyni zamanda artıq xatırlamadığı məqamları da təsəvvür etmək imkanı yaradırdı. O, hekayələrini müəllimlərinin öyrətdiyi kimi real faktlarla zənginləşdirməklə bir çox hadisələri təxəyyülü hesabına qələmə almışdı.
Bəlkə də, oxşar hadisələr “Yüz ilin tənhalığı”nı yazarkən Qarsia Markesin, Londonda “Üç qəmgin pələng”ində itirilmiş Havananı yenidən kəşf edərkən Kabrera İnfantenin, Barselonada ola-ola “Daş qonaqları”nda Çilini yenidən kəşf edərkən Edvardsın, “Xana-xana oyunu”nun xanalarını cızarkən Kortasarın, Limanı “itlərlə” doldurarkən Varqas Lyosanın da başına gəlmişdi.
Bundan əlavə, İnka Qarsilaso müasir Latın Amerikası yazıçılarının sələfi də sayıla bilər. Belə ki, o, qədim ispan ənənələrinə əsaslanaraq Yeni Dünyanın xüsusiyyətlərini orijinal formada ifadə edə biləcək bir ədəbi dil icad edib. Söhbət, qurama olsa da, orijinal və təbii hesab ediləcək bir dildən gedir.
Bu dil ixtirası çoxları üçün müəmma olaraq qalır. Hələ də Argentina, Peru, Meksika və yaxud Çili yazıçıları ölkələrindən kənarda mütaliə olunarkən sanki romanlarının ədəbi dili, eyni zamanda milli “dialektlərinin” dilini təmsil edir. Lakin bədii ədəbiyyatda hər şey kimi dil eyniliyi də şərtidir. Müasir Latın Amerikası ədəbiyyatında bütün dünyada olduğu kimi milli dil onu yaradan yazıçıların məhsulu sayılır. Üstəlik, bir çox hallarda bu ədəbi dil, əslində, yerli və fərqli görünməyə cəhd göstərən beynəlxalq ispan dilidir.
Deməli, bu gün üzləşdiyimiz çətinliklərlə İnka Qarsilaso de la Veqa hələ çox-çox əvvəl qarşılaşmışdı.
İspan dilindən tərcümə edən: Aysel Əliyeva