Elektron ədəbiyyat və sənət portalı

Elçin: “Sənətlə məşğul olacaq insan o şövqlə doğulur”

Bölmə: Müsahibələr 12.05.2023

“Aydın yol” görkəmli ədib, Xalq yazıçısı Elçinlə müsahibəni təqdim edir.

 

 

- Elçin müəllim, əvvəlcə Sizi yubileyiniz münasibətilə təbrik edirik. İık sualımız belədir: Ədəbiyyata, ədəbiyyatşünaslığa xidmətlə ötüb-keçən bu illərə baxdıqda ən çox nəyə təəssüf edir və nəyin xiffətini çəkirsiniz?

 

- Təşəkkür edirəm. Doğrusu, xiffət çəkəsi bir şey yoxdur. O ki, qaldı təəssüfə, bəli, təəssüf var. İtirilmiş vaxtlara təəssüf edirəm. İnsan vaxtın qiymətini bilmir.

 

-Siz Üzeyir bəy haqda yazdığınız esseni "Ürəyimdə bir şövq var" adlandırmışdınız. Bəs Sizin ürəyinizdə şövq nədən yaranır, nədən təsirlənir, nə sizi narahat edir və ən nəhayətdə  sizi yazmağa vadar edən nədir?

 

-Yazı-pozu işi bir sirri-xudadır. Bu sirri izah etmək çətin məsələdir. Şablon cavablar çoxdur. Ancaq mənim üçün görünəni budur ki, yəqin sənətlə məşğul olacaq insan sənin dediyin o şövqlə də doğulur.

 

-Görkəmli alman yazıçısı Erix Mariya Remark həmişə "Qərb cəbhəsində təbəddülat yoxdur" romanının populyarlığından şikayətlənir və belə hesab edirdi ki, onun digər romanları daha yaxşı alınsa da diqqətdən kənarda qalıb. Sizin belə bir şikayətiniz varmı? Və ümumiyyətlə yaddaşlarda hansı romanınızla qalmaq istərdiniz?

 

-Remark səhv edib. Şəxsən mənim üçün onun ən yaxşı romanı “Üç yoldaş”dır. Yaddaşlarda hansı romanla yadda qalmaq məsələsində isə, mənlik bir iş yoxdur, Tural, gəl, gələcəyin işinə qarışmayaq. Tarixin süzgəcindən nə keçəcəksə, bizim istəyimizdən asılı olmayaraq, o da qalacaq.

 

-Və elə bu yubiley gününüzdə özünüz və xalqımız üçün nələri arzu edirsiniz?

 

-Özümə də, xalqımıza da ən böyük arzum budur ki, 44 günlük böyük Zəfərin Dəmir yumruğu Xankəndi və ətrafı ilə bağlı məsələni də tezliklə həll etsin. Başa düşürəm ki, ikili standartlar dünyasında yaşayırıq. Ancaq ortada Ali Baş Komandanın iradəsi, cəsarəti və səriştəsi var. Bu iradə, cəsarət və səriştə xalqımızın istəyi və inamı ilə tam şəkildə üst-üstə düşür.

 

Qan Turalı