Elektron ədəbiyyat və sənət portalı

“Bir dövrdəyəm ki, nəzm olub xar”

Bölmə: Azad ərazi 24.05.2023

Qan Turalı

 

Hal-hazırda görkəmli türk yazıçısı Ahmet Hamdi Tanpınarın gündəliklərini oxuyuram. Kitabın əvvəlindəcə rast gəldiyim bir cümlə mənə çox təsir etdi. Həmin cümlə təxminən belədir: “Oxumayan, oxuduğunu başa düşməyən oxucuların və düşüncənin nə olduğundan bixəbər tənqidçilərin ölkəsində insan niyə axı şeir yazmalı, ədəbiyyatla məşğul olmalıdır?!”

 

Bu sözləri o, 60-cı illərin əvvəllərində yazırdı. Aradan ötən bu 60 ildə dünya çox az dəyişib. Əslində, dərinə getsək, zəmanəsiylə yollaşa bilməyən Tanpınarın, haqqında yazdığı Füzuli də eynilə onun kimi “bir dövrdəyəm ki, nəzm olub xar” demirdimi?

 

Tanpınarın yazıb-yaratdığı dövrdə – ötən əsrin 70-ci illərində Türkiyə qadınlarının yalnız 20 faizi yazıb-oxumağı bacarırdı. İndi bu rəqəm 97,4 faizdir. Ancaq Tanpınarın illər əvvəl yazdığı cümləsi indi də aktual deyilmi?!

 

Doğrudur, müasir insanlar əvvəlki dövrlərə nisbətən daha savadlıdırlar, yazıb-oxumağı bacaranların, məktəblərin, universitetlərin sayı dəfələrlə artıb, ancaq bununla yanaşı, radikalizm də artır, loyallıq azalır, maraqlı dialoq imkanları məhdudlaşır, qarşı tərəfin fikirləri eşidilmir, insanlar öz kiçik dünyalarında fikirləri ilə təkbətək qalırlar.

 

Artıq ədəbiyyatın da səsi eşidilmir. Ədəbiyyatın arxa plana keçməsi isə bəşəri dəyərlərin iflasıdır. Çünki ədəbiyyat demokratik, yaxud totalitar olmasının fərqinə varmadan, istənilən cəmiyyət üçün dərmandır, son çarədir. Məhz böyük ədəbiyyatın sayəsində insanlar başqalarının dərdinə şərik olmağı öyrənir, onlarla münasibətlərini tənzimləyə bilirlər.

 

Bəli, maarifçi filosofların, yazıçıların da ümdə arzusu bu idi – zəka, bilik səltənətində insanlar daha azad, daha firavan yaşayacaq. İndi isə yazıçının zamanlar öncəsi gələcəyə ünvanladığı bu sualı bütün əzəməti ilə qarşımızda dayanır: “Oxumayan, oxuduğunu başa düşməyən oxucuların və düşüncənin nə olduğundan bixəbər tənqidçilərin ölkəsində insan niyə axı şeir yazmalı, ədəbiyyatla məşğul olmalıdır?!”