“Aydın yol” məşhur fransız yazıçısı Fransuaza Saqanın (1935–2004) aforizmlərini təqdim edir.
“Təcrübə – etdiyin və təəssüf ki, hələ edə bilmədiyin səhvlərin məcmusudur”.
* * *
“Kompliment – qadının faydalılıq əmsalını ikiqat artırır”.
* * *
“Əslində, izdivaclar hamısı uğurludur. Bütün çətinliklər ər-arvadın bir damın altında yaşadığı gündən başlayır”.
* * *
“Qadın cavanlıqda sevilmək üçün gözəl olmalı, qocalıqda isə gözəl olmaq üçün sevilməlidir”.
* * *
“Sevinc ani və saxta bir hissdir, sizinlə əbədi qalan yalnız kədərdir”.
* * *
“Kişi heyranlığı qadın sağlamlığı üçün istənilən qidadan və dərmandan daha təsirlidir”.
* * *
“Gənc qızlar çox vaxt ər qazananda dostu itirməli olurlar”.
* * *
“Yalnız qapını arxanca çırpdıqdan sonra gələcəyə pəncərə aça bilərsən”.
* * *
“Özgə yuxularından darıxdırıcı heç nə yoxdur”.
* * *
“Bağışlamaq, əslində, hər şeyə son qoymaqdır”.
* * *
“Kişilərin dərdi qadınlardan daha böyükdür – ən azı onlara dözdükləri üçün”.
* * *
“Özlərini kişi kimi aparan kişiləri xoşlayıram – həm kişi, həm də uşaq kimi”.
* * *
“Yalanın ən ikrah doğuran növü susmaqdır”.
* * *
“Başı yerində olan kişi qadını həmişə düzgün anlayır. Sevgidən başını itirən kişi isə həmişə tərəddüd içində olur”.
* * *
“Şöhrət adamı qəflətən yaxalamır, asta-asta gəlir”.
* * *
“Kimisə tanımaq üçün ədəbiyyatdan danışmaq heç də vacib deyil, hərdən onunla rəqs etmək də kifayətdir”.
* * *
“Dünyaya ağlaya-ağlaya gəlirik və həyatımız bu göz yaşlarının heç də əbəs olmadığını təsdiq edir”.
* * *
“Müasir gənclər haqqında hansısa bir əsəri oxumaqdan əvvəl müəllifin yaşını bilmək lazımdır”.
* * *
“Nəzakət xətrinə mənimlə danışanın üzünə gülümsəsəm də, adətən, onun dedikləri yox, özüm barədə düşünürəm”.
* * *
“Bütün qadınlar bir-birinə bənzəyir: çox şey tələb edir, lazım olandan da artıq qaytarır, xəbəriniz belə olmadan etibarınızı qazanır və günlərin birində ən adi bir səbəbdən həyatınızdan qeyb olur”.
* * *
“Hiss etdim ki (romanlarda yazıldığı kimi), saçlarım laklanmış olsa da, biz-biz durdu”.
* * *
“Sartr bir gün mənə dedi ki, çox ağıllı insanlar heç vaxt əzazil olmurlar, çünki zalımlıq özünə məhdudiyyət qoymaqdır”.
* * *
“Mən dəli kimi sevmişəm. Dəlilik mənim təsəvvürümdə sevmək üçün yeganə vasitə olub”.